“Rusiya, son dövrlərdə Azərbaycan diasporasına qarşı yürüdüyü təzyiqlərlə bağlı yeni mərhələyə qədəm qoyub. Artıq ölkənin müxtəlif şəhərlərində Azərbaycan diasporasına rəhbərlik edən şəxsləri dəyişdirməyə başlayıblar. Bu addımın məqsədləri isə bir neçə əsas faktordan ibarətdir.”– bu fikirləri Ulusal.az saytına açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Rusiyanın burada birinci məqsədi, yeni diaspora rəhbərlərinin yalnız Kremlin təlimatları əsasında fəaliyyət göstərməsidir.
“Bu, o deməkdir ki, yeni rəhbərlər ana vətənlərinə bağlı olmamalı, Rusiya hakimiyyətinin tələblərinə uyğun hərəkət etməlidir. Hal-hazırda Rusiya-Azərbaycan münasibətləri gərgin vəziyyətdədir və Kreml, diaspora rəhbərlərinin bu gərginlikdə Rusiya mövqeyini müdafiə etmələrini tələb edəcək. Kremlin əsas marağı, diaspora rəhbərlərinin öz tapşırıqlarını yerinə yetirərək, hakimiyyətə olan loyallıqlarını təmin etməkdir. Buna əməl etməyənlər isə dərhal yeni şəxslərlə əvəzlənəcək. Bu siyasət, Rusiya tərəfindən Azərbaycan diasporasını ana vətəndən uzaqlaşdırmağa və soydaşlarımız arasında Azərbaycanın siyasətinin tənqidçilərini artırmağa yönəlib. İkinci məqsəd isə diaspora üzvlərinin ana vətəndəki ailələrinə göndərilən pul köçürmələrinə nəzarəti gücləndirməkdir. Kremlin diqqəti bu məsələyə yönəlir, çünki bu yolla həm iqtisadi, həm də sosial nəzarətini artırmaq istəyir. Bundan əlavə, Kremlin Azərbaycanla münasibətləri normallaşdırmaq fikri olmadığı aydın görünür. Əksinə, Rusiya, media ruporları vasitəsilə hədələyici və təxribatçı açıqlamaların sayını artırmaqda davam edir. Rusiya dövlət televiziyasının aparıcısı Vladimir Solovyovun Azərbaycana qarşı sərt və təhrikedici açıqlamaları bunun bariz nümunəsidir. Həmçinin, rus filosofu və politoloq Aleksandr Duqinin açıqlamaları da Kremlin siyasətinin bir parçası kimi qiymətləndirilə bilər. Duqin, Rusiyada yaşayan miqrantları, o cümlədən Azərbaycanlı soydaşlarımızı “toksik qruplar” adlandıraraq, yalnız assimilyasiya yolu ilə Rusiya cəmiyyətinə uyğunlaşmalarını tələb edir. Duqinin bu tələbi, Rusiya hakimiyyətinin miqrantlardan yalnız loyallıq istədiyini və onların “Pravoslavlığı qəbul etmələrini” vurğulayır.”-deyə politoloq bildirib.
Arzuman Muradlı bildirib ki, son zamanlarda diaspora rəhbərlərinə qarşı baş verən total hücumlar bu siyasətin bir parçasıdır.
“Rusiya, öz adamlarını diaspora camiyəsinə yerləşdirmək və bu yolla öz maraqlarını həyata keçirmək niyyətindədir. Bu, yalnız bir neçə liderin dəyişdirilməsi ilə məhdudlaşmır; bu, bütövlükdə Azərbaycanın Rusiya ilə əlaqələrinə dair daha geniş bir təzyiq və manipulyasiya strategiyasının hissəsidir.Kremlin siyasəti, Azərbaycan diasporasının gələcəyini təhlükə altına alır. Soydaşlarımız arasında daha çox nifaq və anlaşılmazlıq yaratmaq məqsədilə atılan bu addımlar, Azərbaycan və Rusiya arasındakı münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.”– deyə Arzuman Muradlı bildirib.