image-rt-reklam
image-1backend

Kreml Zəngəzura yerləşir: Nikol niyə təslim oldu?

image-728x90

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda “Sülh qovşağı” konfransındakı çıxışında Zəngəzurdan keçən yola nəzarət funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyini istisna etməyib. Bu, Nikol Paşinyanın Zəngəzur dəhlizi məsələsində geri addımı kimi qiymətləndirilə bilər.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu deyib.

Politoloq vurğulayıb ki, bu, Kremlin dəhlizə nəzarət məsələsində uzun müddətdir Nikol Paşinyana etdiyi təzyiqin nəticəsidir:

“Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanla Moskvada son görüşündə Ermənistan-İran sərhədinə nəzarətin erməni hərbçilərə təhvil verilməsi ilə razılaşdı. Putin bunun qarşılığını almadan belə bir addım atmazdı. Görünür, Paşinyan Rusiyanın İran və Türkiyə ilə sərhədi tərk etməsinin qarşılığında Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsini qəbul edib. Bununla Nikol Paşinyan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndini yerinə yetirmiş olacaq.

Rusiya üçün Zəngəzur dəhlizini nəzarətə götürmək Azərbaycan və Ermənistan arasında sülh sazişindən daha əhəmiyyətlidir. Saziş iki ölkə arasındakı münasibətlərin normallaşmasına, eyni zamanda Ermənistanın Türkiyə ilə sərhədinin açılmasına, ticarətin başlamasına, diplomatik əlaqələrin qurulmasına səbəb olacaq. Kremlin bunların heç birində marağı yoxdur, çünki Cənubi Qafqaza təsiri azalacaq. Rusiya bölgəyə təsirini Zəngəzur dəhlizinə nəzarət etməklə qoruya bilər. Ona görə də Kreml daha çox dəhlizə nəzarət mövzusuna maraq göstərir”.

Politoloqun sözlərinə görə, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi nə Ermənistanın, nə də Azərbaycanın maraqlarına cavab verir:

“İrəvan Ermənistan ərazisindəki nəqliyyat yolunun nəzarətini Rusiyaya verir və bu, Paşinyanın Qərbdəki tərəfdaşlarının xoşuna gəlməyəcək. Azərbaycan üçün isə Rusiyanın Zəngəzur dəhlizinə nəzarəti həm də Orta dəhlizə nəzarəti deməkdir. Belə çıxır ki, Kreml Rusiyaya alternativ olan nəqliyyat xəttinə nəzarət edəcək.

Buna baxmayaraq, önəmli olan Zəngəzur dəhlizinin işə düşməsi və bunun bölgədə sülhə və əməkdaşlığa şərait yaratmasıdır. Buna nail olmaq üçün Bakı və İrəvan Kremlin şərtini qəbul edə bilər. Rusiya İran və Türkiyə sərhəddini tərk etməyə qərar veribsə, bir gün Zəngəzur dəhlizinə nəzarət funksiyasından da imtina edə bilər, sadəcə bunun qarşılığında istəkləri olacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90