Rusiya rəhbərliyi sülh danışıqları məsələsində sərt mövqeyini qoruyub saxlayır və Ukraynanın təslim olması ilə nəticələnməyən heç bir kompromisi qəbul etməyə hazır deyil. Bu barədə ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun (ISW) yayımladığı son hesabatda bildirilir.
Sənəddə qeyd olunur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 1 avqustda səsləndirdiyi bəyanatlar prezident Vladimir Putinin daha öncə Belarus lideri Aleksandr Lukaşenko ilə birgə keçirdiyi mətbuat konfransındakı fikirləri ilə tam uzlaşır.
Lavrov danışıqlarda irəliləyişin olmamasına görə məsuliyyəti yenidən Ukraynanın üzərinə atıb. Onun sözlərinə görə, Kiyev prosesi qəsdən uzadır və şərtləri dəyişir. Rusiya isə Ukraynadan sülhün onlayn işçi qruplar vasitəsilə müzakirəsi təşəbbüsünə “konkret cavab” gözləyir.
Nazir bir daha vurğulayıb ki, Moskva Ukraynada əvvəlki strateji məqsədlərindən geri çəkilmir və istənilən razılaşma “münaqişənin dərin səbəblərini aradan qaldırmalıdır”.
ISW-nin təhlilçiləri bildirir ki, bu bəyanatlar Kreml üçün xarakterik olan koordinasiyalı informasiya xəttini nümayiş etdirir. Məqsəd isə beynəlxalq ictimaiyyətin gözündə Ukraynanı günahlandırmaq və Rusiyanın mövqeyini möhkəmləndirməkdir. Ekspertlər hesab edir ki, Rusiya yalnız Ukraynanın faktiki təslim olması ilə nəticələnəcək bir sülh variantına razı ola bilər.