image-rt-reklam
image-1backend

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR – Avqustun 1-dən…

image-728x90

Son dövrlər ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və maliyyə sektorunun tənzimlənməsi sahəsində həyata keçirilən islahatların yaratdığı əlverişli mühit maliyyə əlçatanlığına töhfə verəcək proqramın tətbiqinə zəmin yaradıb.

Qeyd edək ki, həyata keçirilmiş strateji təşəbbüslər beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın suveren kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsinə, həmçinin növbəti dövr üçün də müsbət dinamikanın proqnozlaşdırılmasına əsas verib. Ölkənin suveren reytinqinin artması fonunda kredit təşkilatlarının maliyyə dayanıqlılığının güclənməsi onların reytinq göstəricilərinə də müsbət təsir göstərir. Belə ki, bu əlverişli mühit yerli maliyyə institutlarının beynəlxalq bazarlardan vəsait cəlb etmək imkanlarını genişləndirir.

Maliyyə sektorunda yenilik

Maliyyə sektorunda ilk dəfə olaraq 1 avqust 2025-ci il tarixindən etibarən banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqi nəzərdə tutulur.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumatda deyilir ki, proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB tərəfindən təqdim olunan maliyyə aləti ilə hedc olunacaq. Hedc olunmuş vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldiləcəkdir.

Beləcə, bank və BOKT-lər mövcud aktiv hedcinq alətlərini ləğv edərək, AMB-nin təqdim etdiyi imkandan faydalana bilərlər. Bu zaman əldə olunacaq qənaətin 50%-i müştərilərə təqdim olunan kredit şərtlərinin yüngülləşdirilməsinə yönəldiləcəkdir.

Ümumilikdə, təqdim olunan proqram kredit təşkilatlarının xarici maliyyə bazarlarından borclanma imkanlarını genişləndirməklə ölkə iqtisadiyyatına xarici maliyyə resurslarının daxil olmasını dəstəkləyəcək.

Qeyd edək ki, kredit təşkilatlarının təklif olunan yeni hedcinq alətindən istifadəsi kreditləşmə üçün cəlb olunan resursların maya dəyərini də azaldacaqdır. Bütövlükdə isə, bu alətin tətbiqi iqtisadiyyatın şaxələndirilməsi və genişləndirilməsi, həmçinin maliyyə inklüzivliyinin artırılması hədəflərinin reallaşması üçün mühüm zəmin yaradır.

Kredit faizləri azalacaq?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov deyir ki, bu layihənin hədəfi banklara ucuz vəsaitin cəlb edilməsidir: “Nəzərə alaq ki, Mərkəzi Bank son zamanlarda vətəndaş-bank, vətəndaş-maliyyə sektoru arasında münasibətlərin elastikliyinə, əlaqələrin şaxələndirilməsinə çalışır. Və proses durmadan inkişaf etdirilir. Bütün imkanlardan istifadə edilir ki, münasibətlər sağlam və səmərəli olsun. Bunun üçün də dövrün tələbinə uyğun alətlərin bazara girişinə çalışılır. Nəzərə alaq ki, banklara ucuz vəsaitlərin cəlb edilməsi çoxdankı bir arzudur. Çünki ideya reallaşsa, BOKT-lar və banklar vətəndaşlara daha ucuz kredit təklif edə bilər”.

Müsahibimiz hesab edir ki, böyük ölçüdə ucuz vəsaitin bazara daxil olması disbalans da yarada bilər: “Ona görə də ucuz vəsaitin maliyyə sektoruna cəlb edilməsi həssaslıqla və diqqətlə aparılmalıdır. Unutmayaq ki, ucuz vəsaitin cəlb edilməsi üçün ilk növbədə münbit şərait yaradılmalıdır. Bunun üçün ölkədə sağlam iqtisadi mühit olmalıdır. Müəyyən iqtisadi göstəricilər beynəlxalq maliyyə institutlarının tələblərinə cavab verməlidir. Bu günün tələbi odur ki, reytinq cədvəllərində investisiya cazibədarlığı yüksək olsun. Ona görə də cəlb edilən resursların ölkə daxilində səmərəli istifadəsi və dayanıqlı maliyyələşmənin təmin olunması məqsədilə AMB tərəfindən onların uyğun maliyyə alətləri ilə dəstəklənməsi zəruri hesab olunub. Bunun üçün də yeni maliyyə mexanizminin tətbiqinə qərar verilib. Ümid edirəm ki, yaxın bir neçə ayda bu layihənin uğurlu nəticəsini görəcəyik. Banklar və BOKT-lar daha ucuz maliyyə mənbələri əldə edəcək və bazarda yeni reallıqlar ortaya çıxacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90