Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrində “Könüllü TƏBİB” layihəsi üzrə görülmüş işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.
Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, İcraçı direktorun müşavirləri Firəngiz Əliyeva, Emin Xəlilov, Azərbaycan Tibb Universitetinin prorektoru Sabir Əliyev, Yeni Klinikanın direktoru Barat Yusubov, 2№li Bakı Baza Tibb Kollecinin direktor müavini Kəmalə Bilalova və digər rəsmi şəxslər iştirak ediblər.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov bildirib ki, ölkə rəhbərliyinin könüllülük fəaliyyətinə göstərdiyi böyük diqqət və qayğısı nəticəsində könüllülük hərəkatı hazırda daha geniş imkanlarla fəaliyyətini davam etdirir. “Könüllü TƏBİB” layihəsinin gənclərin tibb sahəsində bilik və bacarıqlarının artılımasında mühüm rol oynadığını deyən A.Nəsirov qeyd edib ki, layihənin müsbət nəticəsi onların gələcək fəaliyyətlərində özünü daha qabarıq büruzə verəcək.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov isə layihənin gələcək perspektivlərindən danışıb. O, “Könüllü TƏBİB” layihəsinin qurumun tabeliyində olan tibb müəssisələrində işləməsinə marağının artırılmasında böyük rol oynayacağını vurğulayıb. A.İsrafilov bildirib ki, layihə onların tibb müəssisələrinə öncədən adaptasiyası, icbari tibbi sığorta sistemi və tətbiqini öyrənməkdə xüsusi əhəmiyyətə malikdir.
Daha sonra “Könüllü TƏBİB” layihəsində əməyi keçən TƏBİB təlimçiləri və əməkdaşları təltif olunublar.
Qeyd edək ki, “Könüllü TƏBİB” layihəsi çərçivəsində tibbi kolleclərdə təhsil alan tələbələrin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə cəlb olunması nəzərdə tutulub.