image-rt-reklam
image-media-1-bjtrhloyfsep5nm18k9z-620x460backend

“Konstitusiya və Suverenlik İli”-bir-birini tamamlayan iki tarixi hadisə

image-728x90

Postmüharibə dövründə bərpa, dirçəliş və reinteqrasiya proseslərinin Konstitusiya prinsipləri əsasında həyata keçirilməsidir

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü, müstəqil dövlətimizin siyasi və hüquqi tarixində ən mühüm mərhələlərdən birini ifadə edir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin dövlət quruluşunun hüquqi əsaslarını müəyyən etmiş, xalq hakimiyyətinin, demokratiyanın və hüquqi dövlət prinsiplərinin möhkəmlənməsinə geniş yol açmışdır. Bu Konstitusiya yalnız bir dövlətin idarəçilik mexanizmini tənzimləyən sənəd deyil, həm də insan hüquq və azadlıqlarını, ədalət və qanunçuluğu, vətəndaş cəmiyyəti prinsiplərini özündə əks etdirən strateji hüquqi baza olmuşdur. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkədə yeni ictimai-siyasi şərait formalaşdı. Müstəqil dövlətin qurulması üçün yeni hüquqi əsaslar, müasir idarəçilik mexanizmi və xalqın iradəsinə söykənən qanunvericilik sistemi yaradılmalı idi. Lakin 1991–1993-cü illərdəki siyasi qeyri-sabitlik, idarəetmədə xaos və anarxiya bu prosesi ləngitdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlətçilik prinsipləri bərpa olundu, sabitlik təmin edildi və hüquqi dövlət quruculuğunun əsası qoyuldu.

Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Uzunmüddətli müzakirələrdən, elmi və ictimai debatlardan sonra həmin ilin 12 noyabrında Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası ümumxalq səsverməsi ilə qəbul olundu. Ulu Öndər Heydər Əliyev demişdir ki, Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir. Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dünyanın inkişaf etmiş ölkələrinin konstitusiya təcrübəsi, xüsusən də demokratik və hüquqi dövlət quruculuğu prinsipləri əsas götürülmüşdür. Əsas Qanunda dövlətin fəaliyyəti hüquq üstünlüyü və insan azadlıqlarının qorunması üzərində qurulmuşdur. Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası təkcə dövlət idarəçiliyinin hüquqi bazasını deyil, həm də cəmiyyətin mənəvi, siyasi və sosial inkişaf istiqamətini müəyyən etmişdir. Bu sənəd dövlət və vətəndaş münasibətlərini hüquqi əsasda tənzimləyir. Demokratiyanın və vətəndaş iştirakçılığının genişlənməsinə şərait yaradır. Hüquq-mədəniyyətin formalaşmasına və vətəndaş məsuliyyətinin artmasına xidmət edir.

Sonrakı illərdə – 2002, 2009 və 2016-cı illərdə aparılan Konstitusiya islahatları da hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsinə, insan hüquqlarının daha səmərəli qorunmasına və müasir idarəetmə tələblərinə uyğunlaşmaya yönəlmişdir.

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü, müasir Azərbaycan dövlətçiliyinin hüquqi təməlini, xalq iradəsinin təntənəsini və hüququn aliliyinin rəmzini ifadə edir. 1995-ci il Konstitusiyası ilə Azərbaycan Respublikası hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişaf yoluna qədəm qoydu. Bu Konstitusiya həm dövlətin, həm də vətəndaşın hüquqlarını qoruyan, sabitlik və ədalət üzərində qurulan milli Əsas Qanundur.

Azərbaycan xalqı üçün 12 Noyabr tarixi təkcə hüquqi hadisə deyil, həm də dövlətçilik tariximizin şərəfli səhifəsidir. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müstəqillik dövründə qəbul edilən ilk Əsas Qanunu olaraq milli suverenliyimizin və hüquqi dövlət quruculuğumuzun təməlini qoydu. Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini, azadlıq və ədalət ideallarını özündə əks etdirən, dövlət quruluşunun əsaslarını müəyyən edən ali hüquqi sənəddir.

Konstitusiyanın mühüm bəndlərindən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsidir. Lakin 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin bir hissəsi işğal altında qaldığından, bu prinsip uzun illər faktiki olaraq pozulmuşdu. 2020-ci il 27 sentyabr – 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və ordusunun misilsiz qəhrəmanlığı nəticəsində torpaqlarımızın böyük hissəsi azad edildi. 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal antiterror tədbirləri isə Qarabağda separatçılığa son qoydu və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. Bu hadisə Konstitusiyanın ali məqsədlərindən biri olan suverenliyin təmin olunması prinsipinin reallığa çevrilməsi demək idi. Artıq bu gün Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində bərqərar olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.2025-ci ilin “Konstitusiya və Suverenlik İli” təkcə yubiley xarakteri daşımır, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin ideoloji əsasını təşkil edir. Bu dövrdə dövlət siyasətinin əsas istiqamətlərindən biri — postmüharibə dövründə bərpa, dirçəliş və reinteqrasiya proseslərinin Konstitusiya prinsipləri əsasında həyata keçirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, bərpa edilən məhkəmə və inzibati orqanlar, keçirilən bələdiyyə və prezident seçkiləri Konstitusiyanın hüquqi qüvvəsinin bütün ölkə ərazisində təmin olunduğunu göstərir.

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” bir-birini tamamlayan iki tarixi hadisədir. Əgər 1995-ci il Konstitusiyanın qəbulu ilə müstəqil dövlətin hüquqi əsasları qoyulmuşdusa, 2020–2023-cü illərdə əldə olunan tarixi qələbələr nəticəsində Konstitusiyanın ərazi bütövlüyü və suverenlik prinsipi tam reallaşdı. Bu gün Azərbaycan dövləti və xalqı Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində hüquqi dövlətin və suveren Azərbaycanın daha da möhkəmlənməsi istiqamətində uğurla irəliləyir.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90