“Kişinyov görüşü Moskva görüşü kimi nəticəsiz qaldı. Bunun bir neçə səbəbi var ki, bunlardan da əsası Ermənistanın hələdə sülhə hazır olmamasıdır” -Bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Kişinyov görüşündə sülh razılaşmasının olmaması təbii ki, Ermənistanın günahıdır.
“Bu gün rəsmi İrəvan sülh müqaviləsi bağlamaq niyyətində deyil. Bunun əsas səbəbi Paşinyanın hakimiyyəti itirmək qorxusudur. Bu görüş barədə ilk açıqlamanı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib ki, bugünkü danışıqlar çox məhsuldar keçib və bu, iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq idi. Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar. Bu açıqlama o deməkdir ki, Kişinyov görüşü Moskva görüşü kimi nəticəsiz qalıb və beşli format çərçivəsindəki müzakirələrin faydası olmayıb. Nikol Paşinyan prosesi uzatmağa çalışır. Bu isə bölgədə gərginliyin artmasına səbəb olacaq. Hesab edirəm ki, Paşinyanın prosesi uzatmaq niyyəti sonda anti-terror əməliyyatı ilə nəticələnəcək. Düşünürəm ki, Azərbaycan tezliklə Qarabağda anti-terror əməliyyatına başlayacaq”- deyə Arzuman Muradlı bildirib.