Sosial şəbəkə hesabında paylaşdığı qeydlərində adıçəkilən qurumu qeyri-obyektivlikdə suçlayıb: “Oktyabrın 31-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin nəticələrinə dair Apelyasiya Komissiyasının yekun iclası keçirilib. Bu iclas bir çox kino ictimaiyyəti üçün maraqla gözlənilirdi. Çünki bir sıra studiyalar və yaradıcı qruplar müsabiqənin nəticələri ilə razılaşmayaraq qərarlara apelyasiya şikayəti veriblər. Onlar ümid edirdilər ki, bu mərhələdə ən azı dinləniləcək, arqumentlərini izah etmək imkanı qazanacaqlar. Lakin maraqlı və eyni zamanda narahatedici məqam odur ki, apelyasiya verən şirkət nümayəndələri həmin iclasa dəvət olunmayıblar. Yəni qərarların yenidən nəzərdən keçirilməsi prosesi onların iştirakı olmadan baş tutub”.
Tahir Tahirov vurğulayıb ki, bu, suallar doğurur: “Əgər Apelyasiya Komissiyasının məqsədi şikayətlərin ədalətli və şəffaf şəkildə araşdırılmasıdırsa, onda şikayətçilər niyə dinlənilmir? Müzakirə qapalı keçirilirsə, obyektivliyin meyarı necə müəyyən olunur? Əgər bu proses “gizli iclas” prinsipi ilə aparılırsa, o zaman ictimai və peşəkar nəzarət mexanizmi haradadır? Əgər dövlətin dəstək mexanizmi şəffaf olmasa, əgər yaradıcılar dinlənilməsə, o zaman ədalətli rəqabətdən və inkişafdan danışmaq çətindir. Dövlətin mədəniyyətə və kinoya dəstəyi böyük və dəyərlidir. Amma bu dəstək şəffaflıq və ədalət prinsipləri ilə müşayiət olunmadıqca, onun təsiri cəmiyyət tərəfindən qəbul edilməyəcək”.
O vurğulayıb ki, Azərbaycan kinosu dialoqa, açıq qərarlara və ədalətli sistemə layiqdir. Kino Agentliyinə yeni baş direktor bu ilin aprelində təyin edilib. Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov təyinat alıb. 2022-23-cü illərdə – Milan Politexnik Universitetində – Dövlət qulluğunda süni zəkanın istifadəsi üzrə magistr dərəcəsi alıb. R.Əzizov son təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bəs dövlət dəstəyi ilə film layihələrinin seçimi hansı prinsiplərlə həyata keçirilməlidir ki, şəffaflıq təmin olunsun? Azərbaycanda film müsabiqələrinin nəticələrinə etirazların artması kino sistemində hansı dərin problemlərin göstəricisidir?

Şeyx Əbdül Mahmudov
Mövzu ilə bağlı Xalq artisti, kinorejissor, Agentliyin yanında fəaliyyət göstərən Bədii Şuranın üzvü Şeyx Əbdül Mahmudov danışıb. Xalq artisti səslənən fikirlərə kəskin etiraz edib: “Tahir Tahirovun cəsarət edib Kino Agentliyinin arxasınca belə ifadələr işlətməsi yolverilməzdir. ARKA bizim təşəbbüsümüzlə yaradılıb və Prezidentin sərəncamı ilə rəsmi kino məsələlərini peşəkar səviyyədə həll edir. Təbii ki, biz istərdik ki, bu, ayrıca, müstəqil bir qurum kimi fəaliyyət göstərsin. Lakin bildiyiniz kimi, o, Mədəniyyət Nazirliyinin tərkibindədir. Nazirlik isə qətiyyən heç bir əngəl törətmir, əksinə, kino ilə bağlı nə lazımdırsa, hər zaman dəstək verir. Nazirliyin mövqeyi ondan ibarətdir ki, gəlin kinostudiyanı bərpa edək, peşəkar kinonu dirçəldək. Bu, çox vacib məsələdir. O ki qaldı ARKA-nın dalınca danışanlara, bizdə belə bir söz var: “Pişiyin ağzı ətə çatmayanda deyir ki, iylənib”. ARKA haqqında danışanlar gərək əvvəlcə öz savadlarını, intellekt səviyyələrini artırsınlar. Bir də yaxşı fikirləşsinlər ki, kino mədəniyyətimizə, kino salnaməmizə onların nə qədər aidiyyəti var. Ondan sonra danışsınlar. Kino bizim milli mədəniyyətimizin mühüm bir parçasıdır, burada məsuliyyətsiz və səthi fikirlərə yer yoxdur”.
Xalq artisti əlavə edib ki, hazırda kinostudiyanın bərpası istiqamətində dövlət səviyyəsində ciddi işlərə start verilib: “Kinostudiya mütləq bərpa olunmalıdır və deyim ki, dövlət səviyyəsində bu iş görüləcək. Artıq çox ciddi hazırlıq işləri gedir. Ölkəmizdə Ayaz Salayev, Ramiz Həsənoğlu kimi peşəkar kino adamları var. Eyni zamanda gənc, istedadlı kino xadimlərimiz də yetişir. Yəni söhbət peşəkar kino məktəbindən gedir. Ona görə də mən səslənirəm ki, kimlərsə ara qarışdırıb, su bulandırmasınlar. Hər kəs başını salıb işini görsün. Kino sahəsində birliyə, həmrəyliyə ehtiyac var”.

Rəşad Əzizov
“Kino Agentliyinin yeni baş direktoru Rəşad Əzizovun fəaliyyətindən razısınızmı” sualına isə xalq artisti belə cavab verib: “Təşkilati və rəhbərlik məsələsinə gəldikdə, məncə, fərqi yoxdur həmin şəxs o sahənin adamıdır, ya yox. Əsas məsələ onun təşkilatçılıq bacarığı, idarəçilik qabiliyyəti və yaradıcı yanaşmasıdır. Əgər rəhbər şəxs işlədiyi sahədə peşəkar insanlara dəstək verir, onlarla məsləhətləşir, birgə plan qurur və görülən işləri düşünülmüş şəkildə həyata keçirirsə, bunun nəyinə pis demək olar? Məncə, bu, ən doğru yanaşmadır. Kino bilən, təcrübəli insanlara nə qədər çox dəstək verilirsə, nəticə də bir o qədər yüksək olur. Rəşad Əzizov heç bir addımı məsləhətsiz atmır, hər şeyi planlaşdırır, ölçüb-biçib qərar verir. Bu da onun peşəkarlığından xəbər verir. Mən onun fəaliyyətindən razıyam. Yəqin ki, Tahir Tahirovun bu işlərdən xəbəri yoxdur. Əgər xəbəri olsaydı, belə narahatlıq keçirməzdi. Çünki kino sahəsində əvvəllər görülən işlər bu qədər sistemli və məqsədyönlü olmayıb”.
Şeyx Əbdül agentliyə təqdim olunan kino layihələrinin keyfiyyəti ilə bağlı da danışıb: “İlk növbədə onu qeyd edim ki, filmlər ARKA-ya, yəni Bədii Şuraya təqdim olunanda rəhbərlik bu prosesə müdaxilə etmir, heç yaxın da durmur. Məsələyə birbaşa biz şura üzvləri baxırıq. Əgər təqdim olunan material bizi qane edirsə, ona dəstək veririk, qane etmirsə, təbii ki, kömək edə bilmirik. Ola bilər ki, kimlərsə öz materiallarını hər vəchlə qəbul etdirməyə çalışsın, amma bu, mümkün deyil. Bir daha vurğulayıram ki, Bədii Şura çox nüfuzlu və təcrübəli şəxslərdən ibarətdir. Gələn ssenarilərin və layihələrin qəbulu sırf rəsmi qaydada, şura müzakirəsi yolu ilə həyata keçirilir. Özfəaliyyətlə məşğul olanlar, sistemdən kənar işləmək istəyənlər isə heç vaxt istədiklərinə nail ola bilməzlər.
Hazırda mən kino camiəsində təcrübəli, peşəkar ən yaşlı kino adamıyam. Ömrümü bu sənətə həsr etmiş bir kino fədaisi kimi danışıram. Ona görə də Tahir Tahirova və digər gənclərə səslənirəm: əgər doğrudan da peşəkar kino ilə ciddi şəkildə məşğul olmaq istəyirlərsə, xahiş edirəm, rəsmi qaydada kinostudiyaya müraciət etsinlər. Bu gün-sabah bərpa komissiyası yaradılır, gəlsinlər, ARKA-ya və Bədii Şuraya öz materiallarını təqdim etsinlər. Gəlin, kino sahəmizi birlikdə dirçəldək, Azərbaycan kinosuna yenidən nəfəs verək”.“Yeni Müsavat”






















