image-2000x150
image-bc11f7b9b9fe5fb85cd9e23aa5e1c9ebbackend

Kərkini niyə qaytarmaq istəmirlər?

image-728x90

Erməni ekspertlər də bildirirlər ki, əgər Kərki işğaldan qurtararsa, İrəvanla Zəngəzur arasında quru yol kəsiləcək

Son zamanlar Azərbaycan və Ermənistan arasında görüşlərin intensivləşməsi fonunda İrəvandan səslənən bəyanatlar diqqət çəkir. Xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın yenidən sülhpərvər qiyafəsinə bürünməsi revanşistləri qəzəbləndirib.

Vaşinqton və Brüssel danışıqlarından sonra nazirlər səviyyəsində Moskvada baş tutan görüşdə hər hansı anlaşma əldə olunmasa da, liderlər səviyyəsində görüşlə bağlı prinsipial razılaşmalar haqda danışılır. Eyni zamanda məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli işçi qrupunun növbəti görüşünün vaxtı və yeri üç ölkənin baş nazirləri müavinlərinin məsləhətləşmələrindən sonra müəyyənləşəcək. Bunu isə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Üçtərəfli görüşlərdə sərhəd dəqiqləşmələrinin aparılması zərurətindən İrəvanda da hökumət səviyyəsində danışılır. Amma işçi qruplarının fəaliyyətini iflic edən də məhz Ermənistanın aqressiv siyasəti oldu. Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası 1975-ci ildəki SSRİ Baş Qərargahının xəritələrinə əsasən aparılacaq. Bunu da Paşinyan deyib. Onun sözlərinə görə, Rusiya tərəfi bir neçə dəfə bu xəritələrdən bəhs etmişdi: “Ermənistanın mövqeyi dəyişməz olaraq qalır, o, SSRİ Baş Qərargahının 1975-ci ildəki xəritələrinə əsasən delimitasiya tərəfdarıdır. İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların güzgüvari şəkildə geri çəkilməsində israrlıdır. Bu, təhlükəsizliyi təmin edəcək. Bu vəzifə artıq beynəlxalq birlik tərəfindən formalaşdırılıb və bu, mühüm haldır. Bakının qoşunların çıxarılması ilə bağlı mövqeyinə gəlincə, hazırda heç bir irəliləyiş görmürük”. Göründüyü kimi, Paşinyanın mövqeyində anormallıq var. Üçtərəfli bəyanata uyğun olaraq Qarabağdakı 10 min nəfərlik hərbi kontingenti bu günədək ərazilərimizdən çıxartmayan Ermənistanın rəhbərliyi Bakını qoşunları haradansa “çıxartmamaqda” ittiham edəcək qədər absurd mövqe sərgiləyir.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Təbii ki, Ermənistanın tanıdığı 86.6 min kvadrat kilometr Azərbaycan ərazisinə anklavlar da daxildir. “86.6 min kvadrat kilometr əraziyə anklavlar daxildir. Bu, siyasi mövqedir və məsələnin hüquqi hissəsinin müzakirəsinə ehtiyac var”, – o bildirib. Paşinyan, həmçinin Ermənistan və Azərbaycan ərazilərinin tanınmasına paket şəklində baxılmasını təklif edib. “Anklavlara gəlincə, burada bir neçə variant var və ya heç nə dəyişməyəcək, ya da sülh müqaviləsi imzalanandan sonra ərazi mübadiləsi baş verəcək”, – baş nazir qeyd edib. Göründüyü kimi, baş nazir yenə də “nala-mıxa vurur”.

Bugünlərdə belə bir xəbər yayılıb ki, Ermənistan Azərbaycanla apardığı danışıqlarda Başkəndin müqabilində Kərki kəndini istəyib. Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatda iddia olunur ki, anklavlarla bağlı Brüsseldə keçirilən görüş zamanı müzakirələrdə bu təklif səsləndirilib. Lakin Azərbaycanın bu təklifdən imtina etdiyi bildirilir. Sədərək rayonunun Kərki kəndi 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub. Həmin vaxtdan bəri Kərkinin geri alınması üçün edilən bütün cəhdlər səmərə verməyib. Son danışıqlar, habelə BMT-nin tribunası səviyyəsində Bakı bəyan edib ki, təkcə Qazağın anklavları deyil, Kərki kəndi də geri verilməlidir. Ermənistan isə Qazax istiqamətindəki anklav kəndləri verməyə hazır olsa da, Kərki məsələsindən boyun qaçırır. Ermənilərin Kərkini verməkdən imtina etməsi səbəbsiz deyil. Belə ki, bu kənddən keçən əsas yol İrəvanla Zəngəzur vilayətini birləşdirir. Daha doğrusu, İrəvanla Zəngəzuru quru yolla birləşdirən həm yaxın, həm də ən əlverişli yol Kərkidən keçir. Erməni ekspertlər də bildirirlər ki, əgər Kərki verilərsə, İrəvanla Zəngəzur arasında quru yol kəsiləcək. Yəni yüklərin daşınması dağlıq ərazidən həyata keçiriləcək ki, orada da faktiki olaraq yol yoxdur.

Bildirək ki, Ermənistanın şimalı ilə cənubunu birləşdirən iki yol var. Onlardan biri Qubadlı ərazisindən keçən, hazırda Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoludur. Digəri isə İrəvandan Kərkini keçməklə Mehriyə uzanan yoldur. Birinci yol faktiki olaraq Azərbaycan ərazisidir və orada gömrük postu qurulub. Ermənistan bu yola alternativ olaraq Tatev yolunu çəkib ki, o da qışda demək olar ki, işləmir. Həm də iri həcmli maşınlar üçün əlverişli deyil. İkinci yol olan Kərki yolu isə hazırda Ermənistanın nəzarətindədir. Bu yolun təkcə əhəmiyyəti İrəvanla Süniki birləşdirmək deyil. Həm də İran üzərindən daşınan yüklərin İrəvana asanlıqla çatdırılmasını həyata keçirir. Ona görə də Ermənistan Kərkini verməkdən hər vəchlə imtina edir. Amma 30 ildən artıq müddətdə işğal altında olan kəndlərimizi geri qaytaracağı halda Ermənistanın yol problemi ilə üzləşməsinin bizə heç bir aidiyyəti yoxdur. Ona qalsa, Azərbaycan dördüncü onillikdir ki, Naxçıvanla birbaşa quru əlaqədən məhrum edilib. Ermənistan rəhbərliyinin söz yığınından olan bəyanatları isə ciddi qəbul olunmur. Bu arada Ermənistan XİN-in növbəti destruktiv mövqeyi də rəsmi Bakının sərt reaksiyasını doğurub. Azərbaycan XİN bəyan edib ki, mayın 22-də Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən növbəti dəfə səsləndirilmiş qərəzli fikirləri qətiyyətlə pisləyir. “Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsi təsis etməsinin guya yolu bağladığı, bölgədə humanitar problemlər meydana gətirdiyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yaratdığı, bunun “etnik təmizləmə siyasətinin” tərkib hissəsi olduğu barədə əsassız iddiaları Ermənistan rəsmilərinin dəfələrlə təkrarlaması bu ölkənin reallıqları saxtalaşdırmaq cəhdidir. Keçid məntəqəsindən həm erməni sakinlərin, həm Beynəlxalq Qızıl Xaç Komitəsinin, həm də Rusiya sülhməramlı kontingentinin şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə keçdiyi bəllidir”. XİN bildirib ki, Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlaması, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirməsi, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin çağırışlarına zidd olaraq işğala son qoymaması və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqdan imtina etməsi BMT TŞ üzvü Böyük Britaniyaya yaxşı məlumdur. Beləliklə, Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti öz rəvayətləri ilə çaşdırmaq səylərindən əl çəkməlidir. “Bununla yanaşı, Azərbaycan ərazisinə beynəlxalq missiya göndərilməsinin Ermənistan tərəfindən hələ də təşviq olunması, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə Azərbaycan hökumətinin dialoquna hər vəchlə mane olması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Ermənistan bölgədə sülh və əmin-amanlıq tərəfdarıdırsa, bu kimi müdaxilələrə son qoymalıdır”, – rəsmi Bakı bəyan edib. Azərbaycan XİN Ermənistanda saxlanılan 2 nəfər Azərbaycan hərbçisinə qurama məhkəmə qurulduğunu da xatırladıb. “Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”, – Bakı xəbərdarlıq edib.

N.Paşinyanın “sülh” libasının altından Ermənistan XİN-in fitnəkar mövqeyi çıxır, bu isə sülhə aparan yol deyil. Paşinyanın bəyanatlarına separatçılardan və Ermənistandakı revanşistlərdən sərt təpkilər gəlməkdədir. Erməni kartoqraf Ruben Qalçyan bildirib ki, Sovet İttifaqı Silahlı Qüvvələrinin Baş Qərargahının çoxlu xəritələri var, onlar illər ərzində davamlı olaraq çap olunub.

Onun sözlərinə görə, xəritələr 1973-1981-ci illərdə çap olunub. Qalçyan güman edir ki, Paşinyan bu sərhədlərdən danışıb. “Bu xəritələr əsasında biz müstəqillik əldə etdik. 91-ci ilə qədər bu sərhədlər dəyişməyib”, – deyə erməni kartoqraf vurğulayıb. Qalçyan iddia edib ki, Azərbaycanın anklavları geri qaytarılmamalıdır. O əlavə edib ki, Qazax istiqamətindəki anklav kəndlərdə və ya Kərki kəndində azərbaycanlıların yaşamasını məqbul arqument hesab etmir. Görünən budur ki, Ermənistan sülhə hazır deyil, hətta kapitulyasiya aktına imza atması şəraitində.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Uzeyir Cəfərov  açıqlamasında Ermənistan rəhbərliyinin səmimiliyinə inanmadığını söylədi: “Mən son dövrlər Ermənistanın baş nazirinin verdiyi bəzi bəyanatlara baxıram və zərrə qədər də optimist deyiləm. Çünki Paşinyanın son 2 ildə verdiyi açıqlamalara və bəyanatlara diqqət etsəniz, onun necə böyük soz oyunbazlığı ilə məşğul olduğunu görərsiniz. Bu “bacarığa” heyran qalmamaq mümkün deyil. İndi də bu adam bizə öz şərtlərini diqtə etmək istəyir. Şəxsən mən bunu anlamaqda çətinlik çəkirəm. Axı biz bilirik ki, Paşinyan özü sərbəst qərarlar qəbul etməyi bacarsaydı, o, bəlkə də çoxdan Azərbaycanla razılığa gələrdi. Amma onun gah Rusiyanın, gah da Qərbin diqtəsi ilə oturub-durması heç kimə sirr deyil”. Polkovnik şübhə etmir ki, Paşinyanın son günlər dediklərinin reallaşmasına da imkan verilməyəcək: “Ən azından yaxın dönəmlərdə. Baxın, söhbəti haradan başlayıblar. Sərhədlərin guya müəyyənləşdirilməsindən. Bəs 2020-ci ilin 9 noyabrında üçtərəfli bəyanatın əsas şərtləri necə oldu? Xüsusilə də 4-cü bənd. Deməli, mənzərəyə kənardan baxsaq, separatçılar Azərbaycan ərazisində qalır və Paşinyan da Azərbaycanla separatçıların bir araya gəlib hansısa məsələləri müzakirəsini təklif edir. Özü də bilə-bilə ki, rəsmi Bakı heç vaxt separatçılarla bir masa arxasında oturmayacaq. Bundan əlavə, hələ hansı xəritələr əsasında sərhədlər müəyyən ediləcək, bu da müəyyənləşdirilməyib. Ən məlumatsız adam belə bilir ki, bu cür prosedurlar vaxt aparan, bəzən illərlə davam edən məsələlərdir. Deməli, Ermənistan və havadarları vaxt udurlar, güc toplayırlar. Belə davam edəcəksə, deməli, biz hələ qarşıda çox böyük problemlərlə baş-başa qalacağıq”. Ü.Cəfərov əlavə etdi ki, Ermənistanda yaxın perspektivdə hakimiyyət dəyişikliyi olacağının da qaçılmaz olacağını düşünəndə, prosesin hara gedəcəyini görmək çətin deyil: “Anklavlarla bağlı deyilənlər də sadəcə söz yığnağıdır. Yenə müzakirə edib, sonda prosesi dalana dirəyəcək. Təkcə Kərki məsələsi illərlə vaxt aparacaq. Düşünmürəm ki, ermənilər belə asanlıqla bu kəndi Azərbaycana qaytaracaqlar. Yaxın vaxtlarda biz bütün mənzərəni aydın şəkildə görə biləcəyik”.

Gözləyək…

“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90