image-rt-reklam
image-1backend

Kərə yağı bahalaşmaqda davam edir – bazara yeni markalar daxil olub, bəziləri isə satışdan çıxarılıb- REPORTAJ

image-728x90

Son günlər kərə yağının qiymətinin yenidən artması əhali arasında ciddi narazılıq yaradıb. Alıcılar şikayətlənir ki, həm qiymətlər yüksəkdir, həm də keyfiyyətli yağ tapmaq çətinləşib. Bəziləri isə deyir ki, əvvəllər aldıqları yağlar indi ya satışdan çıxarılıb, ya da keyfiyyətcə dəyişib.

Fevral ayında Musavat.com olaraq bir neçə supermarketdə apardığımız müşahidələr zamanı kərə yağı qiymətlərində artımın olduğunu qeyd etmişdik.

Aradan bir neçə ay keçsə də, vəziyyət dəyişməyib. Əksinə, bəzi məhsulların qiyməti daha da yüksəlib, bəziləri isə satışdan yığışdırılıb. Eyni zamanda, bazara yeni markalar daxil olub və bu, qiymət fərqlərinin kəskin şəkildə hiss olunmasına səbəb olub.

WhatsApp Image 2025-10-15 at 14.27.26.jpeg (1.05 MB)

Hazırda paytaxtdakı supermarketlərdə “President” markalı fransız yağı 36.05 manata təklif olunur. Fevral ayında bu yağ 34 manata satılırdı. Beləliklə, cəmi bir neçə ay ərzində 2 manatdan çox bahalaşma baş verib.

Amma fevralda 23.19 manata satılan “Best Cow” yağı bu gün 20.99 manata təklif olunur. Bu isə təxminən 9.5 faiz ucuzlaşma deməkdir.

Digər tərəfdən, alman istehsalı “Gerda” yağının yerini “EXTME” markası tutub və onun qiyməti 31.51 manatdır. Bu, əvvəlki alman yağından təxminən 4 manat baha satılır.

Finlandiya istehsalı olan “Valio” yağı da hazırda 28.95 manata satılır.

Marketdə satılan “French Cow” yağı 28.90 manat, “Anchor” yağı isə 24.90 manatdır. “Doyaruşka” 21.99, “Novaya Zemlya” isə 19.89 manata təklif olunur. Yəni müxtəlif mənşəli və keyfiyyətli məhsullar arasında qiymət fərqləri kifayət qədər hiss olunur.

Əhəmiyyətli qiymət dəyişikliyi müşahidə edilən yağlardan biri də “Laktika”dır. Türkiyə istehsalı olan bu məhsul əvvəl 25 manata təklif olunurdusa, hazırda 20 manata satışdadır. Etiketdə endirimdə olduğu qeyd edilsə də, ekspertlər bildirir ki, bu cür kampaniyalar məhsulun yararlılıq müddətinin sona yaxınlaşması ilə bağlı olur. Türkiyə istehsalı olan “Pinar” yağını isə satışda görmədik, onun qiyməti yüksək idi, 35-38 manata arasında dəyişirdi.

Müşahidələrimizə əsasən, fevral ayında 22.90 manata satılan Belarus istehsalı “BelMas” yağı qiymətini qoruyub saxlayan yeganə məhsuldur. Lakin bu yağla bağlı alıcı fikirləri birmənalı deyil. Bakı sakini deyir ki, əvvəllər bu yağı bəyənərək alsalar da, sonradan dadında və qoxusunda dəyişiklik hiss etdikləri üçün imtina ediblər:

“Bu yağ yeni gələndə dadı çox gözəl idi. Hər dəfə alırdıq. Sonra hiss etdik ki, dəyişib. Bişirəndə qoxusu pis gəlirdi, dadı da əvvəlki kimi deyildi. Ondan sonra almadıq. Görünür, başqaları da hiss edib, alan yoxdur, qiyməti də ona görə dəyişməyib”.

WhatsApp Image 2025-10-15 at 14.27.25.jpeg (916 KB)

Fevralda müşahidə etdiyimiz “Tulçinka”, “Golden Crown”, “Zellandiya”, “Maslo Litovskoe” kimi yağların isə artıq marketdə olmadığını gördük. Əvəzində bazara İran istehsalı yağlar daxil olub. Qiymətləri digər markalara nisbətən ucuz olsa da, alıcılar keyfiyyətdən narazıdır. Bir alıcı deyir:

“İran yağı aldım, evdə qaynadan kimi rəngi qaraldı, dadı da xoş olmadı. Daha almadıq. Həmişə aldığımız yağlar isə ya yoxdur, ya da çox bahadır”.

Bununla belə, yerli istehsal olan bəzi yağlar hələ ki nisbətən əlçatan olaraq qalır. Məsələn, “Azərsüd” markalı kərə yağı 21.91 manata satılır. Lakin alıcıların fikrincə, qiymətlərin sabit qalmaması, məhsul çeşidlərinin tez-tez dəyişməsi və keyfiyyət fərqləri bazarda ciddi narahatlıq doğurur.

Bir neçə alıcı bildirir ki, eyni məhsulun qiyməti hətta bir gün ərzində dəyişir, bu isə onların planlı alış-veriş etməsini çətinləşdirir. Alıcılar qiymət artımından ciddi narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, bir məhsulun qiyməti hətta bir gün içində dəyişə bilir. Ən ucuz yağların belə artıq baha olduğunu deyən alıcılar keyfiyyətli məhsula çatmaqda çətinlik çəkdiklərini qeyd edirlər.

Ekspertlər isə bildirir ki, kərə yağı qiymətlərinə təsir edən başlıca faktorlar idxal xərcləri, valyuta dəyişiklikləri, beynəlxalq tədarük zəncirindəki pozulmalar və daxili istehsalın məhdud olmasıdır. Bəzi nehrə yağların isə təbii olmadığını və bu adda satılan məhsulların çoxunun keyfiyyətsiz olduğunu vurğulayan mütəxəssislər alıcıları ehtiyatlı olmağa çağırır.

WhatsApp Image 2025-10-15 at 14.27.27.jpeg (841 KB)

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana 51,4 milyon ABŞ dolları dəyərində 9 min 276 ton kərə yağı idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 17 % azdır. Azərbaycan Yeni Zelandiyadan 23,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % azdır) 3 min 763 ton (-18 %), İrandan 14,5 milyon ABŞ dolları dəyərində (-10 %) 3 min 380 ton (-9 %), Ukraynadan 5,15 milyon ABŞ dolları dəyərində (+8,2 %) 920 ton (+20 %), Belarusdan 2,7 milyon ABŞ dolları dəyərində (-7 %) 409 ton (-9 %), Finlandiyadan 2,55 milyon ABŞ dolları dəyərində (-30 %) 358 ton (-45 %) kərə yağı alıb. Hesabat dövründə Azərbaycan 5,1 milyon ABŞ dolları dəyərində (+3,7 dəfə) 886 ton (+3,8 dəfə) kərə yağı ixrac edib.

Azərbaycan Rusiyaya 5 milyon ABŞ dolları dəyərində (+6,8 dəfə) 880 ton (+6,3 dəfə), İraqa 42,5 min ABŞ dolları dəyərində 4,8 ton və Gürcüstana 6,2 min ABŞ dolları dəyərində 1,11 ton kərə yağı satıb. Azərbaycan 6 ilin tamamında Gürcüstana, 1 il 8 aylıq aradan sonra İraqa tədarükü bərpa edib.

WhatsApp Image 2025-10-15 at 14.27.25 (1).jpeg (695 KB)

WhatsApp Image 2025-10-15 at 14.27.25.jpeg (788 KB)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90