“Qərb mediası dəhliz məsələsindən İranın Rusiya və Azərbaycanla münasibətlərinə xələl gətirmək üçün istifadə edir”. Bunu İranın Bakıdakı keçmiş səfiri Möhsün Pakayin “Mehr” Agentliyinə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan və Rusiya İranın dostudurlar. “Azərbaycan və Rusiya bizim dostumuz olsa da, ilk növbədə biz vəziyyəti diqqətlə öyrənməliyik. Qeyri-müəyyənlikləri aradan qaldırmaq, onların niyyətlərini başa düşmək və məsələyə aydınlıq gətirilənə qədər neqativ davranış nümayiş etdirməmək üçün Moskva və Bakı ilə danışıqlara başlamalıyıq”.
O hesab edir ki, Rusiya və Azərbaycanın hərbi əməliyyatları dəhlizin açılmasının yollarından biri ola bilər. “Bu da Ermənistanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaracaq və bu halda İran və Ermənistanın beynəlxalq sərhədləri də pozulacaq”.
Pakayin bildirir ki, bellə bir hadisə baş verərsə, Qərb dövlətləri Ermənistana mütləq kömək edəcək. “Bu isə regionda yeni müharibənin başlaması deməkdir. Ona görə də mən düşünmürəm ki, Rusiya və Azərbaycan regionda yeni müharibə istəyir. Çünki Azərbaycan və Ermənistan Qarabağ müharibəsini bu yaxınlarda bitiriblər”.
O, Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının əsas ola biləcəyini də qeyd edir. “Bu danışıqlar vasitəsilə Azərbaycanın Ermənistanın milli suverenliyi çərçivəsində Naxçıvana çıxışı ola bilər”.