image-rt-reklam
image-1backend

Keçmiş AzTV sədri və ailəsinə sui-qəsd: Məhkəmə qərar verdi

image-728x90

Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə AzTV-nin keçmiş sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücaət Əkbərov və digərlərinin kassasiya şikayətinə baxılıb.

Ulusal.az  xəbər verir ki, ittiham aktına əsasən, 2013-2017-ci illər ərzində “Azərbaycan Dövlət Televiziya və Radio verilişləri” QSC-nin sədri Arif Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Şücaət Əkbərov Musabi Namazov, Qoçəli Cəbiyev və Zöhrab Şirinovla birlikdə mütəşəkkil dəstə yaradıb.

Şücaət Əkbərov dələduzluq yolu ilə Arif Alışanova məxsus 4 milyon 600 min manat pulu ələ keçirib. 2016-cı il dekabrın 13-də Arif Alışanovun Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bilən Əkbərov Arif Alışanovu, onun qızı Nigarı və sürücüsü Hacı Babayevi öldürməsini Qoçəli Cəbiyevlə Musabi Namazova tapşırıb. Buna görə onlara 600 000 manat pul vəd edib. Lakin sonradan Namazov həmin cinayəti icra etməkdən imtina edib. Buna görə Cəbiyev 100 000 manata bu işə keçmiş məhkum Zöhrab Şirinovu cəlb edib.

Nəzərdə tutulan gün Arif Alışanov 99-AA-400 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomaşında Çuxuryurd-Şamaxı şosesində hərəkətdə olarkən dəstə üzvləri “Niva” markalı avtomobillə onu hündürlükdən dərəyə salmağa cəhd ediblər. Lakin istəkləri baş tutmayıb.

Bundan əsəbiləşən Şücaət Əkbərovun növbəti planı Alışanovu güllələmək olub. Bu işin görülməsinə öz sürücüsü Aqşin Hüseynovu, həmçinin dəstə üzvləri Qoçəli Cəbiyev, Musabi Namazov və Zöhrab Şirinovu cəlb edib. Alışanov Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa gedərkən onu öldürməyi planlaşdırıblar. Lakin fikrini dəyişən Namazov sui-qəsd planı barədə polisə məlumat verib və nəticədə əməliyyat yolu ilə Şücaət Əkbərov, Qoçəli Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinov saxlanılıblar. Məhkəmənin qərarı ilə istintaqın gedişatında Musabi Namazov polisin nəzarətinə verilməklə azadlıqda qalıb, digərləri barəsində həbs-qətimkan tədbiri verilib.

Cinayət işi üzrə Arif Alışanovla yanaşı, qızı Nigar Alışanova da zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücaət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il, Aqşin Hüseynov isə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Aqşin Hüseynov cəzasını istintaq və məhkəmə müddətində çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Qoçəli Cəbiyev isə 2020-ci ildə həbsdə vəfat edib. Sonradan Apellyasiya Məhkəməsi Şücaət Əkbərovun cəzasını 16 ilə, Zöhrab Şirinovun cəzasını isə 14 il 6 aya endirib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunublar.

Arif Alışanov 2019-cu ildə AzTV-nin sədri vəzifəsindən azad olunub.

Müttəhimlərin Ali Məhkəməyə təqdim etdikləri kassasiya şikayəti təmin olunmayıb.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90