İsrailin müdafiə naziri İsrail Katz Yəməndəki husilərin lideri Əbdülməlik əl-Husini öldürməklə hədələyib və Yəmənin paytaxtı Sənada İsrail bayrağının dalğalanacağını bildirib.
Katz bu barədə rəsmi “X” səhifəsində paylaşım edib. O, avqustun 28-də Sənaya təşkil edilən hava hücumunda Husi hökumətinin baş naziri Əhməd Qalib ər-Rahavinin və bir neçə nazirin öldürülməsinə toxunaraq deyib:
“Əbdül Malik əl-Husi sənin də vaxtın yaxınlaşır. Səni hökumətinlə birlikdə cəhənnəmin dərinliklərində gözləyən qorxaq şər oxunun bütün üzvləri ilə görüşməyə göndərəcəyik’’.
İsrail Katz həmçinin bildirib ki, husilərin bayrağı İsrailin mavi və ağ rəngli bayrağı ilə əvəz olunacaq.
Avqustun 28-də İsrail Sənaya hava hücumu təşkil edərək Əhməd Qalib ər-Rahavi və bir neçə nazir də daxil olmaqla husilərin 12 yüksək vəzifəli üzvünü öldürüb.
Husilər isə İsrailə gedən və ya İsrailə məxsus gəmiləri hədəf alaraq İsrailə qarşı raket və dron hücumları həyata keçiriblər. Onlar bu hücumların İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzzada həyata keçirdiyi soyqırım kampaniyasına cavab olduğunu bildirirlər.
İsrailin hücumları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 65 100-dən çox fələstinli həlak olub, yüz minlərlə insan yurd-yuvasından didərgin düşüb, eləcə də 147-si uşaq olmaqla ən azı 435 fələstinli aclıqdan dünyasını dəyişib.