image-rt-reklam
image-1backend

Kanada bankının 151 müştərisinin kart hesabından pullar “Rabitəbank”ın hesabına köçürülüb – KİBERCİNAYƏTKARLIQ

image-728x90

Bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər özlərini vəzifəli şəxs kimi təqdim edərək dələduzluq törədiblər.

Onlar zərərçəkmişlərin vəzifələrinə təqaüd və sosial sığorta düzəltməkdə, işə qəbul etməkdə və ali məktəbə tələbə qəbul etdirmək adı ilə vətəndaşların pullarını alıblar.

Həmçini dəstənin daha bir üzvü, hazırda şəxsiyyəti istintaqla araşdırılan Türkiyə vətəndaşı ilə birlikdə elektron məlumatları daşıyıcılarından məlumatlar əldə etməklə vətəndaşların pullarını ələ keçiriblər.

Zərərçəkmiş şəxslərin arasında xarici ölkə vətəndaşlarının olduğu da müəyyənləşib.

C.Rüstəmzadə oğurluq ittihamı üzrə özünü təqsirsiz, dələduzluq ittihamı üzrə isə qismən təqsirli bilib.

M.Əsədov və N.Qulami isə özlərini təqsirli bilməyiblər.

Daha sonra Mehman Əsədov ifadə verib. O bildirib ki, Cavanşir Rüstəmzadə ilə əvvəllər tanışlığı olub: “Bitkoin alış-verişi etmək istəyib. Mənim də bu barədə məlumatım var idi. Mən Cavanşiri Türkiyə vətəndaşı Telli xanım ilə tanış etdim. Bundan sonra internet vasitəsilə iş gördülər. Mənə də 3 faiz pul verdilər. Kanadadan pulların gəlməsindən xəbərim olmayıb”.

Təqsirləndirilən şəxs bildirib ki, heç kimə, o cümlədən Cavanşir Rüstəmzadəyə bank məlumatları barədə heç bir məlumat verməyib. Onun sözlərinə görə, bitkoinlə satış edilməsi üçün şəxs calaşdırdığına görə 5800 manat qonorar alıb: “Ümumilikdə 7 faiz gəlir var. Mənə də 3 faiz gəlir veriblər”.

Digər təqsirləndirilən Cavanşir Rüstəmzadə bildirib ki, Sumqayıt şəhərində bir nəfər şəxs olub, həmin şəxs bitkoini nağdlaşdırmaq istəyib:
“Bir xanımla danışdım. O da bitkoin almağa razı oldu. Bundan sonra bir-bir banklarla danışdım ki, xaricdən gələn pulları hansı banklar qəbul edir. Mən də onlara izah etdim ki, satdığım məhsula görə xaricdən gələn pulları götürmək olub”.

Cavanşir Rüstəmzadə qeyd edib ki, özünü Elm və Təhsil Nazirliyinin işçisi kimi təqdim etməyib. Onun sözlərinə görə, Vəfa xanımdan oğlunu işə düzəltmək üçün 15 min manat alıb, amma iş alınmadığı üçün pulu geri qaytarıb.

C.Rüstəmzadə deyib ki, Elmira və Səbuhi adlı şəxslərdən sosial sığorta ilə bağlı pullar alıb, amma pulu qaytarmayıb.

“Rabitəbank”ın nümayəndəsi bildirib ki, Kanada vətəndaşlarının pulları bank kartına gəlib və pullar ələ keçirilib. Onun sözlərinə görə, Kanadanın dörd bankının müştərilərinin kartlarının 16 rəqəmi əldə olunub.

“151 müştərinin kart hesabından pullar yerli banklara köçürülüb, həmin pullar çıxarılıb. Bununla da Cavanşir Rüstəmovun hesabına 68 min dollar, digər şəxsin hesabına isə 98 min dollar köçürülərək nağdlaşdırılıb. İşin üstü açılanda Kanada bankları bankımızdan pulları geri alıb. Bununla bağlı bankımıza 194 min manat ziyan dəyib”, – bankın müdafiəçisi deyib.

Məhkəmənin növbəti iclası yanvarın 6-na təyin olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.

İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə ittiham olunublar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90