Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Novruzun fəlsəfi əsaslarından bəhs edərək bildirib ki, bu bayram həyatın və yeniliyin ən mükəmməl rəmzidir: “Novruz sözünün mənası yeni gün deməkdir. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Ümummilli lider Heydər Əliyevin bəşəri ideyalarının layiqli davamçısı olan Ölkə Prezidenti İlham Əliyev hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir. Novruz müasir həyatımıza sirayət edərək siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünün göstəricisidir.”
K.Qafarov daha sonra deyib: “2004-cü ildən başlayaraq Azərbaycanın mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi, qoruma altına alınması Mehriban xanım Əliyevanın bu işə həssas münasibətinin parlaq ifadəsidir. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Fürsətdən istifadə edib mən də bütün soydaşlarımızın Novruz bayramını səmim-qəlbdən təbrik edirəm”