image-2000x150
image-thumb-1backend

Kamaləddin Qafarov: “ Heydər Əliyev ölkə iqtisadiyyatını islahatlar yolu ilə böhrandan çıxardı”

image-728x90

“Azərbaycan Respublikasının tarixində ötən əsrin 70-80-ci illəri haqlı olaraq dinamik inkişafa doğru kəskin dönüş dövrü hesab olunur. Bu dövrün əsas xarakterik cəhətləri isə, respublikada Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında əsaslı quruculuq işlərinin aparılması, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi olmuşdur. Yaradılmış nəhəng potensial illər sonra müstəqil Azərbaycanın inkişafında önəmli rol oynamışdır. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəni SSRİ-nin xammal istehsalçsından qabaqcıl, müasir texnologiyalara sahib olan sənaye mərkəzinə çevirməyi, kənd təsərrüfatını qaldırmağı, əhalinin sosial, mədəni və təhsil səviyyəsini yüksəltməyi öz qarşısına əsas hədəf kimi qoymuşdu. H.Əliyev cəmi 10 il ərzində qarşıya qoyulan məqsədlərə nail oldu. Azərbaycan SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrildi və eyni zamanda, gələcək müstəqil Azərbaycanın iqtisadi əsasları üçün möhkəm baza yaradıldı”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “Yetmiş ildən artıq tətbiq edilən sovet modelli bir təsərrüfatla işləyən Azərbaycan, artıq müstəqil dövlət olaraq bazar iqtisadiyyatına keçməli və azad, sərbəst iqtisadiyyata başlamalı idi. Lakin ölkəmizin siyasi arenada rastlaşdığı problemlər, Ermənistanın Azərbaycana qarşı təcavüzü və respublikanı daxildən bürüyən xaos, hakimiyyət uğrunda siyasi qarşıdurmalar iqtisadiyyatın inkişafını əngəlləyən əsas səbəblər idi. Çox mürəkkəb iqtisadi və qeyri-sabit siyasi şəraitdə xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Bu dövrdə qarşıda duran bir sıra mühüm vəzifələr, o cümlədən Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrinin inkişaf etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış siyasətin işlənib hazırlanması öz ifadəsini yalnız 1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında imzalanmış Sazişdə tapmış oldu. Bu Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Həqiqətən də sonrakı illərdə məhz Ümummilli Liderimizin müəllifi olduğu Neft strategiyası Azərbaycanın nəticə etibarı ilə güclü iqtisadiyyata sahib olan bir dövlətə çevrilməsini təmin etdi”.

K.Qafarov 1991-1995-ci illərdə ölkə iqtisadiyyatını bürümüş dərin böhrandan çıxmaq üçün Ulu Öndər Heydər Əliyev tərəfindən bir sıra əsaslı islahatların da effektiv şəkildə həyata keçirildiyini qeyd edib: “1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının xaos və güclü tənəzzül dövrü kimi səciyyələnir. Ulu Öndər yaxşı bilirdi ki, bu problemlər öz həllini tapmazsa, Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Buna görə də o, iqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etməsi üçün ardıcıl olaraq bir sıra islahatlar keçirdi. H.Əliyev 1994-cü il iyunun 21-də respublika iqtisadiyyatının və ictimai həyatın digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki nitqində demişdi: “Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bu həm də iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni, iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir”.

Bundan sonra artıq hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi.

Məhz belə bir həlledici məqamda Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda, “Əsrin müqaviləsi” çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail oldu. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalandı. 2003-cü ildə kəmərin tikintisinə başlanıldı. Heydər Əliyevin seçdiyi yol uğurlu oldu və Azərbaycan neftinin dünya bazarına çıxarılması reallığa çevrildi. Məhz Ulu Öndərin siyasi kursunun davamı kimi Azərbaycan özünün yeni inkişaf mərhələsinə Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə demokratik dövlət quruculuğu modeli, öz iqtisadi inkişaf strategiyasını düşünülmüş surətdə həyata keçirmək əzmi ilə qədəm qoydu”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90