“Bir qrup səfehin əlində qalmışıq. İşlərini – güclərini atıb düşüblər keçmiş məcburi köçkünlərin üstünə. Keçmiş sözünə aldanmayın, onların çoxu hələ də məşəqqətli həyat yaşayır. Siz hazırda yataqxanalarda, pansionatlarda 300 minə yaxın məcburi köçkünün yaşadığını bilirsiniz?”.
Ulusal.az xəbər verir ki, bu fikirləri “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə son günlər sosial şəbəkələrdə Qarabağdan olan insanları hədəfə alan, bununla da cəmiyyətdə qarışıqlıq yaratmaqda maraq güdən, keçmiş məcburi köçkünlərin doğma torpaqlarda məskunlaşmasının həzm edə bilməyən, paxıllıq hissindən qurtula bilməyən şəxslər barəsində bildirib.
“Hansınızın indi də “Komsomol kruq”u kimi tələffüz etdiyimiz Sabunçu dairəsinin beş addımlığında yerləşən keçmiş Plan-Uçot Texnikumunun yataqxanasında nə qədər adamın yaşadığından xəbəri var? Çox uzaqda deyil, kimin şübhəsi varsa, toppuş ayaqlarınıa əziyyət verib gedib baxsın. Mən məcburi köçkünlərə bəxtəvərlik verən adamların heç birinə həmin həyatı arzulamıram…”, – jurnalist vurğulayıb.
S.Verdizadə daha sonra sözlərinə belə davam edib:
“Otuz ildi yazırıq, belə davam etsə, otuz il də bundan sonra yazacağıq: Birinci Qarabağ Müharibəsini Qarabağda yaşayan əhali uduzmayıb, dövlət uduzub. Amma bu məğlubiyyətin əzab-əziyyətini ən çox qarabağlılar çəkib. Atamın Cəbrayılda ikimərtəbəli mülkü vardı, görünüşünə görə orta əsrdə tikilən qəsrlərdən geri qalmırdı. Biz saray kimi evdən məhrum olub ailəlikcə 20 il Bakıda eni-uzunu cəmi 4 metr olan darısqal otaqda yaşamışıq. Əgər kəndimiz inşa olunsa, 2 il sonra o mülkün əvəzinə bizə 60-70 kv.metrlik kürsüsüz ev veriləcək. Amma “bismillah” deməmiş bəzi adamlar bunu bizim burnumzudan gətirir…
Səfehləri, paxılları, aravuranları, cəmiyyətə nifaq salanları anlayıram. Bəs ziyalılar, özləriniz iyalı sayanlar? Onlara nə olub? Niyə zərərli statuslar yazaraq cəmiyyətdə təfriqə yaradırlar?
Keçmiş deputat Gülər Əhmədova sosial şəbəkədə yazıb: “Evlərini kirayə verib, bu hisli- paslı Bakıya can atıb şəhərli olmaq istəyən qarabağlıların əvəzinə o torpaqlarda yaşamaq istəyən xeyli azərbaycanlı var. Qoy onlar gəlsin Bakıya, olsunlar şəhərli. Hökumət bu işə sərt və yaradıcı münasibət göstərsin. Ərizə ilə ASAN xidmətə müraciət edib, o torpaqlarda yaşamaq istəyən vətəndaşlarla 30 illik müqavilə bağlayıb köçürsün. Getmək istəmirlər də. Öyrəşdilər şəhərə”.
Ay Gülər xanım, sizə kim deyir ki, biz öz ata-baba yurdumuza qayıtmaq istəmirik? İki dəfə yazmışam, bu dəfə şəxsən Gülər xanım üçün təkrar edirəm: “Ötən il kəndimizin təməli qoyulanda iki gün ərzində ən azı 30 nəfər zəng edib, mesaj yazıb, səs atmışdı. Hamı eyni sözü deyirdi: “İcra başçısından xahiş et, deputata ağız aç, nazirliyə məktub yaz, əlindən nə gəlir et ki, bizi birinci köçürsünlər…”
Şəxsən mən hamıdan əvvəl köçmək istəyirəm. Bunun üçün 6 aydı dəridən-qabıqdan çıxıram. Müraciət etmədiyim yüksək rütbəli məmur, nazir qalmayıb. Hətta TV Musavatın efirinə çıxmışam, dil tökmüşəm, yalvarmışam. Ki, mənə Cəbrayılda münasib bir iş verin gedib iki ağac göyərdim.
Ancaq vəd verirlər…
Gülər xanım, bizim kənddə 330 evin tikilməsi nəzərdə tutulub. Bu günə kimi 500-dən artıq ailə qayıtmaq üçün qeydiyyatdan keçib. Geri dönmək istəyənlərin sayı hər ötən gün artır. Xahiş edirəm, Günəşlə küləşi qarışdırmayın…”.