İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyəti sədri Erdal Bahçıvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) rəhbərliyi arasında görüş keçirilib. Nobel Qardaşları Muzeyinin nəzdində fəaliyyət göstərən restoranda səhər yeməyi ətrafında bir araya gələn tərəflər arasında baş tutan səmimi tanışlıqdan sonra tədbir iştirakçılarına muzey barədə ətraflı məlumat verilib və info-tur təşkil olunub.
Daha sonra VŞQ-nin təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov rəhbəri olduğu biznes qurumunun keçdiyi tarixi yol, hazırkı vəziyyəti və gələcək perspektivləri barədə ətraflı məlumat verib. Təsisçi qeyd edib ki, şirkətin böyük biznesə atdığı ilk addım Türkiyədən idxal etdiyi mallar üzərindən olub:
Şirkətimizin inkişafında Türkiyədən olan mütəxəssislərin də böyük rolu olub. Hazırda da şirkətimizdə Türkiyədən olan mütəxəssislər çalışır. İşçi sayımız 28 min nəfərə çatıb, hər il 3 mindən artıq yeni iş yeri yaradırıq. Azərbaycanda biznes mühiti çox əlverişlidir və xarici investisiyalar üçün olduqca cəlbedicidir. Bir iş adamı kimi əminliklə deyə bilərəm ki, tərəddüd etmədən Azərbaycana investisiya yatırıb, şərikli biznes qura bilərsiniz.”
Aydın Talıbov çıxışının sonunda qeyd edib ki, ölkələrimizin iştirakı ilə həyata keçirilən genişmiqyaslı layihələr regional əməkdaşlığı dərinləşdirməklə yanaşı, bölgənin iqtisadi mənzərəsini də müsbət istiqamətdə dəyişib.
VŞQ-nin icraçı direktorunun müavini İlqar Nuri isə videotəqdimatla çıxış edərək, şirkətin real göstəriciləri, vergi və digər dövlət ödənişləri üzrə lider mövqeyi, eləcə də yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdığı iri layihələr barədə məlumat verib.
İstanbul Sənaye Palatasının İdarə Heyəti sədri Erdal Bahçıvan çıxışında VŞQ rəhbərliyinə gözəl və tarixi məkanda təşkil olunan görüş üçün təşəkkürünü bildirib. O, Türkiyə sənayesinin bir çox sahələrdə inkişaf etdiyini və bu potensialın Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayıb. Erdal Bahçıvan xüsusilə tekstil və hazır geyim sənayesi istehsalçıları üçün Azərbaycanın böyük bazar potensialı və investisiya imkanları təqdim etdiyini qeyd edib. O, həmçinin Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ərəfəsində iki ölkə arasında sənaye, ticarət və iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə böyük ümid ifadə edib.
Tədbirin sonunda nümayəndə heyətini müşayiət edən Türkiyənin 30-a yaxın media qurumunun təmsilçiləri üçün mətbuat konfransı təşkil olunub. Sonda tərəflər bir-birlərinə qarşılıqlı hədiyyələr təqdim edib və xatirə şəkli çəkdiriblər.
1994-cü ildən fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərdən biridir. Hazırda Şirkətlər Qrupunda 28 minə yaxın əməkdaş çalışır. Gündəlik tələbat məhsulları (FMCG) sektorunda ixtisaslaşan Qrupa distribusiya, istehsalat və pərakəndə mağazacılıq fəaliyyətləri üzrə xidmət göstərən şirkətlər daxildir. Dövlət qurumlarının açıqladığı son hesabatlarda qeyd olunur ki, Veysəloğlu Şirkətlər Qrupu ötən il öz sektorunun vergi ödəyiciləri arasında lider mövqeyə sahib olub.
Qeyd edək ki, 1952-ci ildə təsis edilən İSO Türkiyənin ən böyük sənaye təşkilatıdır. Baş qərargahı İstanbulda yerləşən Palatanın əsas vəzifələri sənaye müəssisələrinin maraqlarını qorumaq və onları təmsil etmək, sənayenin inkişafına dəstək vermək, bu sahədə yerli və beynəlxalq əməkdaşlığı gücləndirmək, eləcə də üzv şirkətlərə təlim, məsləhət və xarici ticarət dəstəyi göstərməkdir. Hazırda tekstil, maşınqayırma, kimya, qida və digər sektorlarda fəaliyyət göstərən şirkətləri də əhatə edən İSO-nun 24 minə yaxın üzvü var.
 
 
 
 






















