Ermənistan artıq həbsdə olan Samvel Karapetyana məxsus Ermənistanın Elektrik Şəbəkələri şirkətinin milliləşdirildikdən sonra gələcəkdə idarə edilməsi məsələsi ilə bağlı dost ölkələrin aparıcı xarici şirkətlərinə müraciət edib.
Ulusal.az “News.am”a istinadən xəbər verir ki, bunu respublikanın baş naziri Nikol Paşinyan deyib.
“Biz artıq Ermənistanın Elektrik Şəbəkələrinin idarəçiliyinin təhvil verilməsi məsələsində əməkdaşlıqda maraqlı olacağımızla bağlı dost ölkələrdən bir sıra aparıcı xarici şirkətlərə sorğular göndərmişik”, – deyə erməni baş nazir bildirib.
“Mən düşünmürəm ki, biz bu əməkdaşlıqda Ermənistanın diplomatik əlaqələri olmayan ölkələri cəlb edən qərarlar qəbul edə bilək”, – deyə o, mətbuat konfransında Ermənistanın Elektrik Şəbəkələrinin özəl xarici şirkət, o cümlədən Türkiyədən idarə ediləcəyi ilə bağlı iddiaları şərh edərkən deyib.