Üsküdar Universiteti, İTBF Dekanı, Rektor Müşaviri, Beynəlxalq Münasibətlər Bölüm rəhbəri,
politoloq Deniz Ülke İran İsrail arasındakı müharibədən danışdı:
“İsrail–İran müharibəsinin çox uzun müddət davam edəcəyini düşünmürəm. Əgər bu savaş Ukraynadakı kimi arxa dəstəklərlə başqa aktorların müdaxiləsi ilə beynəlxalq xarakter alarsa, yəni həm İran, həm də İsrail müəyyən qrupların vəkilinə çevrilərsə, o zaman müharibənin uzanması mümkündür. Ancaq mövcud vəziyyətdə xüsusilə ABŞ-da Trampın Netanyahuya birbaşa dəstək vermə imkanı yoxdur. Bu, dəstəyi rədd etdiyi anlamına gəlmir, amma Tramp Netanyahuya demək istəyir ki, “sənin sərhədlərini mən müəyyənləşdirirəm.” Netanyahu artıq təkcə Amerikanın deyil, beynəlxalq sərhədləri də aşaraq, ABŞ-ın dünyadakı imicinə zərər verib.
Tramp bir növ Netanyahuya dərs vermək, onun Amerikanın dəstəyinə nə qədər möhtac olduğunu göstərmək istəyir. Bu səbəbdən müəyyən dərəcədə onun hərəkət azadlığına göz yumur, amma məhv olmasına da imkan verməz.
İsrailin “Dəmir Qübbə” hava müdafiə sistemi ilə bağlı əvvəllər bu sistemin raketləri tam qarşılayacağı düşünülürdü. Lakin indi görünür ki, bu sistem yalnız raketlərin bir hissəsini zərərsizləşdirə bilir. Əgər qarşı tərəfin əlində effektiv raketlər varsa və bunlar İsrail ərazisinə düşə bilirsə, bu, təhlükənin real olduğunu göstərir.
Hazırda diqqət çəkən əsas məsələlərdən biri də budur: İran Pakistandan silah ala bilərmi? Dünyada nüvə silahına sahib yeganə müsəlman ölkə kimi Pakistan bu silahları İrana verə bilərmi? Pakistan, Hindistanla olan qarşıdurmasında Çin və Türkiyədən dəstək almışdı. Belə maraqlı və dəyişkən ittifaqlar mövcuddur. Lakin Pakistan bu məsələdə açıq şəkildə mövqe bildirib və həmin silahlardan istifadə edilməyəcəyini bəyan edib.
Netanyahunun öz sərhədlərini tanıması və bu çərçivədə davranması, həm ölkəsinin daxilində xalq baxımından, həm də beynəlxalq münasibətlər baxımından əhəmiyyətlidir. Qəzza bölgəsi həm bir liman olaraq, həm də Qırmızı dənizin təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir. İsrail bu çərçivədə müxtəlif siyasi və hərbi kartlardan istifadə edə bilər. Digər tərəfdən isə İranın bölgədəki nüfuzu və qüvvəsi zəifləməyə başlamışdır”.