Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində tranzit keçən daha bir alma yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib.
DGK-nın məlumatına görə, Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “alma” yükü aparan nəqliyyat vasitəsinə “Cənub-Astara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəriləri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram narkotik vasitə – marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.