İran Ermənistan və Azərbaycan sərhədlərinə öz müşahidəçilərini göndərməyə hazırdır.
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib.
Onun sözlərinə görə, Tehran Qafqaz regionunda gərginliyin azaldılmasına töhfə verməyə hazırdır.
Cənubi Qafqazda baş verən hadisələrin regionun təhlükəsizliyinə təsir etdiyini deyən Baqeri qeyd edib ki, gərginliyin davam etməsi Ermənistan, Azərbaycan və digər region ölkələrinin maraqlarına cavab vermir.
İranın Ermənistan və Azərbaycan sərhədlərinə müşahidəçi göndərməyə hazır olduğunu bildirən Baqerni vurğulayıb ki, heç bir ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsinin arxasında təcavüzkar məqsəd və ya niyyət olmamalıdır:
“Bölgədə sülh və əmin-amanlıq bütün ölkələrin maraqlarına uyğundur və regionda təhlükəsizliyi region ölkələri təmin etməlidir və regiondankənar qüvvələrin mövcudluğu sülhə ziddir”.
ABŞ-ın Ermənistandakı son hərbi təlimlərinə toxunan general Baqeri bildirib ki, regiondankənar qüvvələrin mövcudluğu qeyri-sabitliyə səbəb olacaq.





















