“İran geri çəkilməyə məcburdur. Cənubi Qafqazda gərginliyi artırmaq istəyən İranın planları ifşa olduğu üçün rəsmi Tehran geri çəkilməyə məcburdur” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, İranın Cənubi Qafqazda gərginlik yaratmaq cəhdi, nə Rusiyanın, nə də Qərbin marağına deyil.
“Məhz bu amil İranın geri çəkilməsinə səbəb olub. Həmçinin Cənubi Qafqaz siyasətində İranın qarşısında Türkiyə amili var. Elə Bayramovla Abdullahianın telefon danışığında kimin zəng etdiyi açıqlanmasa da təşəbbüsün İran tərəfindən gəldiyi ehtimalı daha çoxdur. Tehran Bakıya qarşı təzyiq siyasətini izləsə də, adekvat addımlar nəticə əldə edə bilmədiyini görür və loyal gediş edir. İkincisi, İbrahim Rəisi Ərdoğanla telefonla danışmışdı, görünür, Ankara Tehrana Bakı ilə bağlı “qırmızı xətt”lərini izah edib. Lakin əsas məsələ hələ də açıqdır: İran mövcud siyasətindən əl çəkəcəkmi? Tehranın regional siyasəti bu gözləntini zəiflədir. Bundan əvvəllər də tərəflər bir neçə dəfə münasibətlərin normallaşması ilə bağlı razılıq əldə etsə də, İran siyasətini terror mərhələsinə qədər aparıb çıxardı. Tehranda mövcud rejimin, xüsusilə SEPAH-ın təsirinin artması fonunda Azərbaycana qarşı izlədikləri siyasi xətti davam etdirəcəyi gözləntisi daha çoxdur. O da istisna deyil ki, indi Azərbaycanda öz şəbəkəsinin neytrallaşdırılması prosesinin dayandırılmasını istəyən İran sonrakı mərhələdə “iğtişaşların yaradılması” planlarını da işə sala bilər”. -deyə Arzuman Muradlı bildirib.






















