image-rt-reklam
image-44backend

İran casuslarının Azərbaycandakı şeytan yuvası: gəncləri necə qorumalı? – Rəylər

image-728x90
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir. Bu günlərdə İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən daha bir neçə nəfər saxlanılıb. Bir daha aydın olur ki, İran illərdir din pərdəsi altında inanclı şəxsləri cəlb edərək şəbəkə yaradıb və Azərbaycan əleyhinə iş aparır. Dünyəviliyə qarşı yönələn bu təbliğatı aparmaq üçün seçilən şəxslər də əksər vaxtlarda gənclərdir. Bu gənclər müxtəlif yollarla əməkdaşlığa cəlb edilərək, İran təbliğat maşınının qurbanına çevrilir, öz xalqına qarşı məqsədyönlü fəaliyyətə yönləndirilir.
 

Millət vəkili Ceyhun Məmmədovun fikrincə, casus şəbəkəsi sistemli, ideoloji baxımdan hazırlıqlı təbliğat aparır. O, açıqlamasında deyib ki, hər kəs, xüsusilə də valideynlər diqqətli olmalıdır:
“Dini dəyərlərin öyrənilməsi siyasi və ictimai təhlükəsizlik aspektindən çox vacib məsələdir. Amma bəzən insanlarımızın inancından sui-istifadə edirlər.Nəticədə insanlar yanlış inancların arxasınca gedirlər. Xüsusilə də gənclər. Ona görə də valideynlər övladları hansı məscidə gedir, hansı dini kitabları oxuyur, kimlərlə dostluq edir və s. məsələlərə xüsusi diqqət etməlidirlər”.
Ceyhun Məmmədov qeyd edib ki, çox vaxt gənclər arasında təbliğat məhz sosial şəbəkələr vasitəsilə aparılır:
“Bəzən valideynlər düşünür ki, əgər ovladı dinə gəlirsə, özünü bu yolla zərərli vərdişlərdən qoruya bilər. Əlbəttə, əgər bu düzgün yoldursa, zərərli ideologiya deyilsə, bu fikirlə razılaşmaq olar. Amma bu gün biz din adından təbliğ olunan hər şeyə inanmamalı və onuı din kimi qəbul etməməliyik. Biz gənclərin milli-mənəvi dəyərlərə sahib çıxmasını istəyiriksə, onları zərərli təsirlərdən, radikal fikirlərdən qorumalıyıq. Təəssüf ki, yanlış təbliğat nəticəsində gənclər mövhumata, radikal təriqətlərə meyl edir. Çıxış yolu gənclərə din haqqında doğru məlumat verilməsidir”.
Politoloq Cümşüd Nuriyevin sözlərinə görə, İran Azərbaycan vətəndaşlarını əsasən, dini dəyərlərdən istifadə etməklə tələyə salır:
“İslam dininin ölkəmizdə düzgün təbliğ olunmaması insanlarda yanlış fikirlər yaradır. Məhz bu da İranın casus şəbəkəsinin Azərbaycana yol açmasına imkan verir. Əslində İslamda şiə-sünni məsələsi yoxdur. Azərbaycanda da bu məsələyə fikir verilmir. Ancaq İran şiəlik siyasətini ixrac etməklə Azərbaycanda öz maraqlarını həyata keçirməyə çalışır. Bu bədbəxt dövlətin ixrac edəcəyi başqa heç nə yoxdur. İran ərazisində 40 milyona yaxın azərbaycanlı yaşayır. İran həm onların bəzilərindən, həm də Azərbaycanda dini yaxşı bilməyən insanlardan yararlanır. Təəssüf ki, bir sıra Azərbaycan vətəndaşları iqtisadi səbəblərdən İranın çirkin siyasətinə boyun əyir. Onlar sosial vəziyyətlərini vətəni satmaqla düzəltməyə çalışırlar. Digər yandan Azərbaycanda tolerantlığın olması bizə müəyyən problemlər yaradır. Bütün bunlara baxmayaraq, İran başa düşməlidir ki, Azərbaycan əvvəlki ölkə deyil. Azərbaycanın təhlükəsizlik orqanları çox ciddi iş aparır”.
C.Nuriyev bildirib ki, İranın bu siyasətinə qarşı mübarizədə media da müəyyən işlər görür:
“Lakin vaxtında İranın şantajlarına qarşı düzgün iş aparılsaydı, vəziyyət belə olmazdı. Biz daha çox aqressiv mövqedən çıxış edirik. Ancaq məsələləri insanlara mülayim şəkildə izah etməliyik. Artıq xain olan olub. Onsuz da belə insanların xəyanətə meyli varmış. Biz indi digər vətəndaşlara yönəlməli, onlara İslamı düzgün izah etməliyik. Eyni zamanda gənclərimizə vətən sevgisini aşılamalıyıq ki, onlar İranın və digərlərinin şantaj şəbəkəsinin toruna düşməsinlər. İranın qurumları savadsız və məlumatsız insanları yoldan çıxararaq, onları müxtəlif üsulla şantaj edir. Şəbəkələr əsasən, gəncləri hədəf alırlar. Çünki yaşlı insanlar onlara sərf etmir. Həmçinin gənclərin beynini yumaq daha asandır. Eyni zamanda dini təhsil üçün gənclərimiz İrana üz tuturlar. Onlar əsasən, Qum şəhərində təhsil alırlar. Onların beyinlərini yuyub, Azərbaycana göndərirlər. Qeyd etdiyimiz məqamlar, eləcə də digər nüanslar İranın casus şəbəkəsinin formalaşmasına gətirib çıxarır. Bəli, İran təhlükəli ölkədir və bizə qarşı rəsmən düşmən mövqedən çıxış edir. Ona görə də ayıq-sayıq olmalıyıq”.
İnformasiya texnologiyalarının yaratdığı imkanlardan sui-istifadə etməklə cinayətin yeni növləri yaranır, dövlətin ərazi bütövlüyü ilə bağlı məlumatlar təhrif edilir, terrorizm ideologiyasının təbliği və terror aktlarının planlaşdırılması üçün internet şəbəkəsindən fəal istifadə olunur.
Sosial medianın zərərli dini cərəyan və ideologiyaların təbliğində önəmli vasitəyə çevrilməsi danılmaz faktdır. Dini radikallar və ekstremistlər texnologiyanın son nailiyyətlərindən, xüsusən də sosial şəbəkələrdən öz çirkin əməlləri üçün geniş istifadə edirlər. Zərərli ideologiyalar sosial şəbəkələrə sürətlə sirayət edir. Nizamlı şəkildə tərtib olunan ideologiya geniş auditoriyaya, xüsusilə internet və sosial şəbəkələrin ən fəal istifadəçi təbəqəsi olan yeniyetmələrə, gənclərə kifayət qədər ciddi təsir göstərir. Faktlar sübut edir ki, radikal dini hərəkatların, onlara simpatiya bəsləyən əhalinin müəyyən qrup və təbəqələri öz fəaliyyətlərini bu və ya digər dərəcədə ideoloji fikir ayrılığı ilə əsaslandırmağa çalışırlar. Belə ki, sürətli rabitə vasitəsi olan bu sahənin insanlara həm fiziki, həm psixoloji, həm də mənəvi zərər yetirmək potensialı var.
Sosial şəbəkələrdə müşahidə edilən zərərli dini çağırışların cəmiyyətimizə, xüsusilə gənclərimizə sirayət etməməsi üçün maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsi, xüsusilə də uşaqların və yeniyetmələrin sosial şəbəkələrdəki fəaliyyətinə valideynlər tərəfindən nəzarətin həyata keçirilməsi vacib amillərdən biridir.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Facebook, Twitter, YouTube və digər sosial şəbəkələr normal mübarizə aparmaq üçün uyğun bir məkandır. Amma kimsə bundan sui-istifadə edir. Sosial media resurslarının administrasiyaları ilə əməkdaşlqı çərçivəsində Azərbaycan əleyhinə çağırışların qarşısının alınması daha doğrudur:
“Sosial mediaya nəzarət mexanizmi yoxdur. Azərbaycanda internet azaddır, sosial şəbəkələr mövcuddur və insanlar ondan sərbəst şəkildə istifadə edirlər. Təbii ki, radikal cərəyanlar sosial platformada çox fəaldırlar və əsasən? sosial şəbəkələr üzərindən işləyirlər. Əsas hədəfləri gənclərdir. Gəncləri ələ alır və öz görüşlərini təbliğ etməyə çalışırlar. Belə bir halda Azərbaycanda din xadimləri, dindar insanlar sosial şəbəkələrdə aktiv olmalıdırlar. Müəyyən dini informasiyalar din xadimlərinin əlində toplanmalıdır. Bunun hansısa mexanizmi tapılmalıdır. Ölkədə dinə maraq getdikcə artır. Bundan maksimum şəkildə müsbət mənada yararlanmağa çalışmalıyıq. Gənclər düzgün, sağlam islama doğru yönəldilməlidirlər. Din xadimləri sağlam islamla bağlı təbliğatlarını sosial media vasitəsilə aparmalıdırlar. Dini dəyərlərimiz sosial media vasitəsilə təbliğ olunmalıdır. Məsələni yalnız bu müstəvidə həll etmək olar”.
“Tərxis Olunmuş Hərbçi Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyir ki, İranın Azərbaycana qarşı düşmən siyasətinin mərkəzində dayanan əsas qüvvələrdən biri casus şəbəkəsidir:
“Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən etibarən İran ölkəmizdə casus şəbəkəsi qurmaq istiqamətində addımlar atıb. Təəssüf ki, fars-molla rejimi dindən öz çirkin məqsədlərinə çatmaq üçün istifadə edib. Ortada təkzibolunmaz faktlar var. İran zaman-zaman Azərbaycandan dini təhsil almağa gedən gəncləri, yaxud dini ziyarətlərə gedənləri öz kəşfiyyat toruna salıb və onlardan casus kimi istifadə edib. İran rejimi Azərbaycandan bu ölkəyə müxtəlif məqsədlər üçün gedən savadsız insanları da “şiəlik” adı altında casusluğa cəlb edib, bir casus şəbəkəsi yaradıb. Bir sözlə, fars-molla rejimi din pərdəsi altında Azərbaycana qarşı cinayət əməlləri törədib”.
E.Həsənli bildirib ki, İran davamlı olaraq Azərbaycana qarşı bu çirkin siyasəti aparıb:
“Son dövrlər isə bu daha da güclənib. Təsəvvür edin ki, bu gün İranın Azərbaycana qarşı apardığı düşmən siyasətində həmin casus şəbəkəsi fars-molla rejiminin yanındadır. Bu şəbəkə şəhid dəfnlərində, hansısa dini mərasimlərdə İranın lehinə şüarlar səsləndirir, yaxud da ora üzərində fars dilində sözlər yazılmış bayraqlar gətirir. Eyni zamanda bu şəbəkə sosial şəbəkələrdə də bir şeytan yuvası qurub. Oradan da öz çirkin məqsədlərini həyata keçirir. Ümumiyyətlə, İran adlı dövlət öz çirkin siyasətini əvvəl din pərdəsi – “şiəlik ideologiyası” adı altında ortaya atır, bunun arxasınca isə qanlı terror aksiyaları həyata keçirir. Biz mümkün qədər gənclərimizi bu şəbəkələrdən qorumalıyıq. Çünki onlar əsasən, gəncləri bu yola çəkirlər”.BakuPost
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90