Bu gün müasir dövrümüzün ən parlaq şəxsiyyətlərindən biri, tanınmış soydaşımız olan İqor Aşurbəylinin 60 illik yubileyidir.
İqor Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakı şəhərində doğulub.
Əfşar sülaləsinin qolu olan məşhur Aşurbəyovlar nəslindəndir. Nəslin kökündə Aşur xan Avşar dayanır. Azərbaycan torpaqlarını birləşdirən bir hökmdar kimi tarixə düşən Nadir şah Əfşar da bu nəsildəndir. Bakı memarlığının bir çox parlaq əsərlərinin altında bu nəslin görkəmli simalarının imzası, yaranmasında böyük əməyi var. Habelə Aşurbəyli nəsli Azərbaycan elminə, onun inkişafına böyük töhfə vermiş parlaq simalar da yetişdirib. Bunlara Təzəpir məscidini inşa etdirən Nabat xanım Aşurbəyova, neft sənayeçisi Teymur bəy Aşurbəyov, məşhur tarixçi Sara xanım Aşurbəyli və başqaları misal ola bilər.
İqor Rauf oğlu Aşurbəyli texnika elmləri doktoru, Rusiya Hərb Elmləri Akademiyasının və A. Proxorov adına Mühəndis Elmləri Akademiyasının həqiqi üzvüdür. “Asqardia” adlanan kosmik dövlətin qurucusudur. Atası Rauf Aşurbəyli kimyaçı alim olub, AMEA Neft-Kimya Prosesləri İnstitutunda şöbə müdiri, anası Yelizaveta Rezanova Bakıdakı Kosmik Tədqiqatlar İnstitutunda mühəndis-metroloq vəzifəsində çalışıb.
İqor Aşurbəyli 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla, 1985-ci ilə isə Azərbaycan Sənaye İnstitutunu bitirib. Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub, onun elmi rəhbərliyi ilə 1992-ci ildə “D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri” adlı namizədlik işini müdafiə edib.
Sovet imperiyası dağıldıqdan sonra İqor Aşurbəyli faktiki olaraq Rusiyanın dərin böhran içərisində olan hərb sənayesini ayağa qaldıran şəxsdir. O, Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, “Almaz-Antey” konstruktor bürosunun sabiq rəhbəri (2001-2011), Socium Holdinqin İdarə Heyətinin prezidentidir. Onun elmi rəhbərliyi ilə “Favorit” zenit raket sisteminin ən yeni modifikasiyası yaradılıb, intensiv radiomüqavimət şəraitində digər hava hücumu vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulan “Triumf” zenit raket sistemi Rusiya Federasiyasının Silahlı Qüvvələrində istifadəyə verilib. 2011-ci ilədək İqor Aşurbəyli on il “Almaz-Antey” baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu “Almaz” korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.
İ. Aşurbəyli Rus pravoslav kilsəsinin 2-ci və 3-cü dərəcəli “Moskva knyazı müqəddəs Daniil” (2000, 2002, 2008), “Şərəf” (2007) ordenləri, “Georgi Jukov” (1995), “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” (1995), “Rusiya Donanmasının 300 illiyi” (1996), “Moskvanın 850 illiyi” (1997) xatirə medalları ilə təltif olunub. Akademik V. Utkin adına qızıl medalın (2005), “SSRİ EA-nın akademiki A. A. Raspletin” gümüş medalının (2008) sahibidir. “Rusiya iqtisadiyyatının lideri” milli mükafatının (2004), akademik A. Proxorov adına mükafatın (2008), “İlin adamı” milli mükafatının (2009) və s. laureatıdır.
İqor Aşurbəyli 100-dən artıq elmi məqalənin, bir ensiklopediyanın, üç monoqrafiyanın müəllifidir.
O, 1983-cü ildə Viktoriya adlı xanımla ailə həyatı qurmuşdur. Oğlu Ruslan Moskva Aviasiya İnstitutunu bitirmişdir, “Sosium-A” holdinqin baş direktorudur.
İqor Aşurbəyli 12 oktyabr 2016-cı ildə asqardiya Kosmik Dövlətini təsis edib və bu virtual dövlətin Kralıdır. Hazırda Asqardiyanın vətəndaşları, idarə strukturları digər atributları da var.