image-2000x150
image-1backend

İnsanlara nur və şəfa bəxş edən alim

image-728x90

Zərifə xanım Əliyeva zəngin, şərəfli ömür yolu bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir. O, həm peşəkar həkim-mütəxəssis, həm ləyaqətli ziyalı, həm vəfalı ömür-gün yoldaşı, həm də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Zərifə xanımın çoxşaxəli fəaliyyəti ictimai əhəmiyyətli və faydalı olub. O, həm insanlara nur və şəfa bəxş edib, həm savadlı, peşəkar mütəxəssislərin yetişməsində fəal rol oynayıb, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün örnək yaradıb. Yəni, Zərifə xanım Əliyevanın fərdi və ictimai portreti rəngarəng, həyat yolu mənalı və nümunəvidir.  Zərifə xanım Əliyevanın zəngin irsindən bəhs edərkən, ilk növbədə, oftalmologiya elminə müstəsna töhfələrinə xüsusi diqqət yetirmək lazımdır. Onun apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.
Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. O, həmçinin oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. Oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə xanım Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən böyük mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın alim idi. 150-dən artıq elmi əsərin müəllifi olan akademik çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Bunlarla yanaşı, görkəmli alim SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışıb. O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, o cümlədən “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub. Bu, Zərifə xanımın ictimai fəaliyyətinin də cəmiyyətimiz və respublikamız üçün faydalı, səmərəli olduğunu göstərir.
Zərifə xanımın insani keyfiyyətləri onun elmi və peşə fəaliyyətindən heç də az dəyərli deyil. Alicənablıq, sadəlik, nur, nəciblik, qayğıkeşlik, ailəsinə bağlılıq onu ən gözəl səciyyələndirən sözlərdir. Təsadüfi deyil ki, ölkəmizin bugünkü sürətli inkişafını, beynəlxalq nüfuzunu, möhtəşəm uğurlarını təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlətimizin ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan məhz belə bir ailədə dünyaya gəlib, formalaşıb. Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyevlə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsiri var. Zərifə xanım kimi müdrik bir insanın ocağının hər bir üzvünə onun nurundan pay düşüb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ehtiyacı olanların pənah yeri kimi tanınır, insanlara qayğısı ilə hər kəsin sevgisini qazanıb. Ölkəmizdə hazırda səhiyyə sahəsində əldə olunan nailiyyətlərdə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafında onun böyük zəhməti var.
Zərifə xanım Əliyeva Vətən üçün – Azərbaycan naminə misilsiz işlər görüb. Vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana kimi də bu missiyasını ləyaqətlə yerinə yetirib. Zərifə xanım ümummilli lider Heydər Əliyevlə ailə məsuliyyətini paylaşaraq cənab İlham Əliyev kimi övlad yetişdirib. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alan Prezident İlham Əliyev ata vəsiyyəti ilə yanaşı, xalqa, dövlətə, Vətənə sədaqət andını gerçəkləşdirərək Azərbaycana tarixi nailiyyətlər qazandırıb, ölkəmizin adını qalib və qüdrətli dövlətlər sırasına yazdırıb. Bir sözlə, cənab İlham Əliyev tarix yazıb və adını tarixə əbədi yazdırıb – həkk etdirib. Əlbəttə, övladının yüksək məqama çatması, Vətən, xalq üçün faydalı işlər görməsi hər bir valideynin ülvi məqsədi və arzusudur. İlham Əliyev isə arzuları gerçəkləşdirib. Ona görə də həm Ulu Öndər Heydər Əliyevin, həm də Zərifə xanım Əliyevanın ruhu şaddır.
Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Amma ən böyük mükafat, ən üstün dəyər xalqın ona sevgisi, düşüncələrdə və qəlblərdə silinməz yeri, əziz xatirəsidir. Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanım Əliyevanın işıqlı obrazı həmişə bizimlə olacaq, əziz xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq!

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90