image-rt-reklam
image-894081_srcbackend

İlham Əliyev: “Dünya sürətlə dəyişir və yeni təhdidlər meydana çıxır”

image-728x90

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sürətlə dəyişən dünyada hər gün yeni çağırışlar və təhlükələr üzə çıxır. Dövlət başçısının sözlərinə görə, müxtəlif regionlarda baş verən silahlı toqquşmalar humanitar böhranlara, texnogen fəlakətlərə və ekoloji bəlalara zəmin yaradır.

“Eyni zamanda beynəlxalq arenada münaqişələrin gərginləşməsi, terror təşkilatlarının fəallaşması, kiberhədələrin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakterli təhlükələrlə üz-üzə qoyur. Xüsusilə dini ekstremizm, separatizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqa zidd əməllər beynəlxalq təhlükəsizlik sistemini sarsıdır”, – deyə Prezident vurğulayıb.

İlham Əliyev bu fikirləri Bakıda keçirilən “Terror hücumları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda beynəlxalq konfransa ünvanladığı müraciətdə səsləndirib.

Prezident qeyd edib ki, bu kimi problemlərin həlli yeni yanaşmalar, yeni alətlər, ən əsası isə ölkələr arasında birgə səylər və sıx əməkdaşlıq tələb edir:
“Biz məmnunuq ki, Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün açıq və konstruktiv platformaya çevrilib”.

Azərbaycanın ilk gündən beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsini dəstəklədiyini xatırladan dövlət başçısı bildirib ki, ölkə regionda sülh və sabitliyin təmin olunması istiqamətində konstruktiv addımlar atır.

O, həmçinin 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannaməyə diqqət çəkib:
“Beləliklə, ölkələrimiz arasında uzunmüddətli münaqişənin başa çatdırılması və sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atıldı. Cənubi Qafqazda tam sakitliyin təmin olunması təkcə bizim region üçün deyil, həm də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaq”.

Prezident Əliyev xüsusi xidmət orqanlarının əməkdaşlığının da beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb və konfransdakı müzakirələrin daha təhlükəsiz gələcəyin qurulmasına dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90