Zaman-zaman insanların onlara valideynləri tərəfindən seçilən adları bəyənməyib bunu sənəddə dəyişdirdiyinin şahidi olmuşuq. Lakin bu məsələyə hazırda bir çox şəxslər tamamilə fərqli prizmadan yanaşır. Hətta sosial şəbəkələrdə çıxış edən numeroloqlar adın dəyişməsinin insan həyatına vacib təsirləri olduğunu iddia edirlər.
Bəs islam dinində həmin məsələyə yanaşma necədir?
İlahiyyatçı Əkrəm Həsənov “Yeni Sabah”a mövzunu belə şərh edib:
“Bu məsələdə onu demək olar ki, peyğəmbərimiz öz dövründə səhabələrinə, gördüyü insanlara, ona iman edənlərə deyirdi ki, özünüzə yaxşı ad seçin. İslam dini baxımdan məsələyə yanaşdıqda, hədislərdə bu barədə gələn mənbələrə əsasən, əslində, insan özünə yaxşı ad götürməlidir. Yaxud da valideyn öz övladına gözəl ad seçməlidir. Bu İslam dinində geniş işlənən mövzudur. İslam alimləri sözügedən məsələ ilə bağlı danışıblar. Bildiriblər ki, insana ad qoyanda diqqət etmək, yaxşısını seçmək lazımdır ki, bu adla yaxşı tanınsın. Ancaq bu o demək deyil ki, ada görə insanın həyatında müəyyən dəyişikliklər olur”.
Ə.Həsənov həmçinin, İslam dinində uyğun görülən adlardan da söz açıb:
“Əbu Davud, Darimi, İbn Hibban və Əhmədin Əbu Dərdadan rəvayət etdiyi hədisə əsasən, adın yaxşı olması sünnətdir: “Allahın Rəsulu (ona və ailəsinə salam olsun): “Siz Qiyamət günü öz adlarınız və atalarınızın adları ilə çağırılacaqsınız, adlarınızı gözəlləşdirin” deyib. Mənbələrdə qeyd olunur ki, ən yaxşı adlar Abdullah və Əbdürrəhmandır, Müslimin “Səhih”ində rəvayət etdiyi kimi: İbn Ömərdən rəvayət etdiyinə görə , o, belə demişdir: “Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Sizin adlarınızdan Allaha ən sevimlisi Abdullah və Əbdül Rəhmandır ” və Əbi Davudda Əbi Vəhb Əl-Cəşmidən nəql olunur: “…Onların ən doğrusu Haris və Həmmamdır, ən çirkini isə Hərb (müharibə) və acı mənasını verən addır”.
Bu hədislərdən və onların mənalarından bir-birini peyğəmbərlərin adları və cənnət adları və gözəl məna daşıdığı üçün orada olanlar kimi gözəl mənalı bir adla çağırmaq tövsiyə olunur. Qızlara “Mələk” adının verilməsi və onları mələklərin adı ilə çağırılması məkruh olduğu kimi, Peyğəmbərin gətirdiyi tövsiyəyə görə də bəyənilmir”.