image-2000x150
image-1680807596_sebine-xasayeva-6backend

İkitərəfli münasibətlər baxımından əhəmiyyətli görüş

image-728x90

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər xarici işgüzar səfəri, xarici dövlətlərin rəsmilərini qəbul etməsi dövlətlərarası münasibətlərin daha da inkişafını şərtləndirir. Belə görüşlər ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevral ayının 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü də bu baxımdan tarixləşdi.
Görüşdə bildirildi ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Qərəzin ömürü etirafın astanasınacandır.
Görüşdə məğlub Ermənistanın qalib Azərbaycanla sülh müqaviləsi imzalaması məsələsinə də toxunulub. Borrelin “Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək” fikri də xatırladılıb. Deyilib ki, bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib:  Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa Şurasının Azərbaycana qarşı qərəzli münasibətini də xatırladıb, bunun dünyəvi proseslərə ciddi təsiri olacağını da vurğulayıb: Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir.
“Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək” – fikirləri İkinci Qarabağ müharibəsindən əvvəlki tarixlərə konkret dövlətlərin münasibətinin və Azərbaycanın dövlət olaraq özünü təsdiqinin ifadəsidir…
Azərbaycan Respubliukasının Prezidenti cənab İlham Əliyevin “Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər” fikirləri dünya nizamının bəşəriliyə əsaslanan sabahlarına sayğının haradan qaynaqlanmalı olduğunu göstərir…
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü dünyəvi proseslərə ikitərəfli münasibətlər baxımından əhəmiyyətli oldu…

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90