Sabah saah 15:00-da Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək
Ulusal.az xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinin təsdiq olunması ilə bağlı müraciətinə baxılacaq. Həftənin ilk günlərində isə VII çağırış Milli Məclisin ilk toplantısı keçiriləcək.
Məlumatlı mənbədən “AzPolitika”-ya daxil olan bilgiyə görə, iclasda Sahibə Qafarovanın yenidən Milli Məclisin spikeri seçiləcəyi gözlənilir.
Vitse-spiker heyətində isə dəyişikliklər ola bilər. Belə ki, YAP siyahısından deputat seçilmiş Baş nazirin müavini Əli Əhmədovun birinci vitse-spiker seçiləcəyi gözlənilir.
Qeyd edək ki, VI çağırş parlamentdə bu postu Əli Hüseynli tutub. O, həm də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri olub. Mənbə bildirir ki, Ə.Hüseynli komitə sədri postu ilə kifayətlənəcək.
Digərlərinə gəlincə, müxalifət partiyalarının parlament rəhbərliyində kürsüsü qorunub saxlanılır. Yenə ən çox mandata sahib olan partiyanın nümayəndəsi vitse-spiker olacaq. 3 millət vəkili olan Vətəndaş Həmrəyli Partiyasından deputat seçilmiş Fəzail İbrahimlinin yenidən sədr müavinliyinə əsas namizəd olacağı gözlənilir
Bitərəflərin nümayəndəsinə gəlincə, VI çağırş Milli Məclisdə bu postu tutmuş Adil Əliyev Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğuna görə, onu yeni şəxs əvəzləyəcək. Mənbələr yeni deputat seçilmiş “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyyətinin sədri Şahin Seyidzadənin vitse-spikerliyə namizəd olacağını qeyd edirlər.
Məlumatda o da bildirilir ki, Milli Məclisin komitə sədrləri və sədr müavinlərinin sırasında da bəzi dəyişikliklər gözlənilir. Bəzi müxalifət nümayəndələri əvvəlki çağırış parlamentdə olduğu kimi komitə sədrinin müavinləri olacaq. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə Mədəniyyət komitəsinin sədri seçilə bilər.
Xatırladaq ki, VI çağırış Milli Məclisin üzvü, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vəfat etdikdən sonra onun yerini müavini Fazil Mustafa tutub. Partiya sədrinin yeni çağırış parlamentdə vəzifəsində qalacağı qeyd olunur.
Məlumatlı mənbə qeyd edir ki, VI çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olmuş Səməd Seyidovun da postu ilə vidalaşacağı gözlənilir. Onu parlamentə yeni üzv seçilmiş sabiq diplomatlardan biri əvəz edə bilər.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın da yeni çağrış parlamentdə vəzifə tutmayacağı ehtimal olunur. Mənbə onun postunu YAP-ın siyahısı ilə deputat seçilmiş başqa xanım millət vəkilinin tutacağını qeyd edib.“AzPolitika.info”