Pandemiyadan sonra ilk dəfə olaraq il ərzində Azərbaycana gələn turistlərin sayı 2 milyonu keçib. 2023-cü ildə Azərbaycana gələn turistlərin sayı 30.2 faiz artaraq 2 milyon 85 min nəfər olub. Ölkəyə gələn turistlərin mənşə coğrafiyasında da dəyişiklik qeydə alınıb.
Ulusal.az xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5 , Cənubi Koreyadan 3,3, Türkmənistandan 2,3, Hindistandan və Qazaxıstandan ayrı-ayrılıqda 1,9 dəfə artıb:
“Asiya ölkələrində Azərbaycan turizminə maraq yüksəlib. Bununla belə, yenə də say baxımdan Azərbaycana gələnlər içərsində ilk üçlük qonşu ölkələrin payına düşür.Turistlərin 30,0 faizi Rusiya, 18,1 faizi Türkiyə, 7,9 faizi isə İrandan gəlib. İlk beşliyi isə Hindistan və Gürcüstan bağlayıb. Maraqlı məqamlardan biri də MDB ölkələrindən gələnlərin sayının 44,6 faiz, Avropa İttifaqını təmsil edən ziyarətçilərin sayının 41,6 faiz artmasına rəğmən körfəz ölkələri tursitlərinin sayında 2,1 faiz azalmanın qeydə alınmasıdır. 2023-cü ildə Azərbaycana gələn ərəb tursitlərin sayı əvvəlki ilə müqayisədə azalıb”.
Millət vəkili əlavə edib ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur:
“Pandemiyadan əvvəlki 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər”.