image-rt-reklam
image-1backend

İctimai şuralarla bağlı qalmaqal

image-728x90

Ekspertlər hesab edir ki, ictimai şura qurum rəhbərliyinin iradəsi ilə yaradılırsa, orada effektivlik ola bilməz

Azərbaycan Milli QHT Forumu ictimai şuraların formalaşdırılmasında yol verilən pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb. Bəyanatda  hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud ictimai şuraların təxminən 25%-nin eyni şəxslərdən ibarət olduğu və Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorların, Qərb səfirliklərinin təsiri altında olması qeyd edilir ki, bunu “Yeni Müsavat”da ayrıca yazı kimi oxuya bilərsiz.  

Bu yazıda əsas diqqəti  ictimai şuraların formalaşmasındakı bu cür boşluqlara necə yol verilməsinə yönəldəcəyik. Bəyanatda deyilir: “”İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun fəaliyyəti təmin olunmalı, ictimai şuralar yalnız ictimai maraqlara xidmət etməli, ictimai nəzarəti təmin etməli, bu şuraların tərkibinin formalaşmasında və fəaliyyətində sui-istifadə halları aradan qaldırılmalıdır”.

Bildirilir ki, ictimai şuraların təşkili zamanı çox ciddi qanun pozuntularına yol verilir: “Bir sıra ictimai şuralar formal olaraq təşkil olunur. Eyni zamanda bəzi hallarda şuralar vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı olmadan yaradılır. Halbuki ictimai şuralar yaradılan zaman seçkilər olmalı, bunun nəticəsində formalaşdırılmalıdır. Təəssüf ki, yerli icra hakimiyyəti orqanları yanında yaradılan ictimai şuralarda biz buna daha çox təsadüf edirik. Belə olan halda şuralar üzərinə düşən ictimai iştirakçılıqla bağlı funksiyaları yerinə yetirmək imkanına malik olmayacaq. Çünki şura onu təyin edən orqandan asılı olacaq. Bu baxımdan hesab edirəm ki, verilən bəyanat məsələlərə ciddi toxunur. Düşünürəm ki, ictimai şuraların təşkili məsələsi ciddi surətdə ictimai nəzarət altında olmalı, seçki proseslərinə əməl edilməlidir”.

Qeyd edək ki, Azərbaycanda ictimai şuralar ilk dəfə 2014-cü ildə qəbul edilmiş “İctimai iştirakçılıq haqqında” Qanun əsasında yaradılmağa başlayıb. Bu qanunun məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq, vətəndaşların dövlət idarəçiliyində iştirakını təmin etmək və cəmiyyətin maraqlarını qorumaq idi. Qanuna əsasən, ictimai şuralar dövlət orqanlarının yanında könüllü əsaslarla yaradılır və bu şuraların üzvləri vətəndaş cəmiyyəti institutlarının nümayəndələri arasından seçilir. Şuraların əsas funksiyaları isə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət; ictimai rəyin öyrənilməsi və müzakirələrin təşkili; dövlət orqanlarına tövsiyələr təqdim etmək; dövlət siyasətinin hazırlanmasında iştirak etməkdir.

Azərbaycanda ictimai şuraların fəaliyyəti ilə bağlı narazılıqlar müxtəlif səbəblərlə izah olunur. Bir çox halda, ictimai şuraların yalnız formal olaraq yaradıldığı və real fəaliyyət göstərmədiyi bildirilir. Bu şuralar tez-tez ictimai nəzarət mexanizmi kimi deyil, dövlət qurumlarının qərarlarını legitimləşdirmək üçün istifadə olunur. Nəticədə, cəmiyyətin problemlərini həll etmək və ya onların səsini eşitdirmək funksiyası zəifləyir. Şuraların üzvlərinin seçilməsi ilə bağlı şəffaflıq məsələləri narazılığa səbəb olur. Çox zaman bu prosesin cəmiyyətin geniş təbəqələrinin iştirakını təmin etmədiyi və daha çox dövlətə yaxın şəxslərin seçildiyi bildirilir. Bu amil şuraların müstəqilliyinə kölgə salır.

İctimai şuraların qəbul etdiyi tövsiyələrin dövlət qurumları tərəfindən nəzərə alınmaması ən böyük narazılıq mənbələrindən biridir. Dövlət qurumları bu tövsiyələri ya tamamilə görməzdən gəlir, ya da icrasını gecikdirir. Bu, ictimai şuraların təsir imkanlarını məhdudlaşdırır.

Eləcə də bir çoxları ictimai şuraların fəaliyyəti və məqsədləri haqqında kifayət qədər məlumatlı deyil. Bu isə ictimai iştirakçılığın aşağı səviyyədə olmasına və şuraların zəif işləməsinə səbəb olur.

O da qeyd edilir ki, ictimai şuraların fəaliyyəti üçün lazım olan maddi və texniki dəstəyin qeyri-kafi olması onların işini çətinləşdirir. Şuraların müstəqil fəaliyyət göstərə bilməsi üçün adekvat resurslara ehtiyac var.

Natiq Cəfərli: “Manatla bağlı qərar verilə bilər” - | KONKRET

Natiq Cəfərli 

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, ictimai şuraların rolu vətəndaşla hakimiyyət arasında bir körpü rolunu oynamalıdır və yaranmış problemlərin operativ həlli rolunu oynamalıdır: “Müxtəlif təkliflərin hazırlanması üçün beyin mərkəzi rolunu oynamalıdır. Bir növ dövlət qurumları üzərində nəzarət funksiyası rolunu oynamalıdır. Təəssüf ki, bizdə bu qaydalar tam oturuşmayıb. Bunun üçün həm zaman lazımdır, həm də ictimai şuraların səlahiyyət və məsuliyyəti  dəyişdirilməlidir. Onlara müəyyən səlahiyyətlər də verilməlidir ki, müxtəlif işlərdə aktiv iştirak edə bilsinlər. İndiki şəraitdə onlar ancaq formal toplanan qurumlara çevriliblər. Fikrimcə, bu məsələyə yenidən baxılmasına ehtiyac var”.

 Tural Abbaslı 

AĞ Partiya başqanı Tural Abbaslı mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “İctimai şuraların yaradılması ideyası mahiyyət etibarı ilə çox müsbət bir təşəbbüsdür. Adından da göründüyü kimi, ictimai şura – müəyyən bir dövlət qurumunun fəaliyyətində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti təmin edəcək, ortadakı boşluğu dolduracaq bir platforma olmalıdır. Bu qurumlar ictimai maraqları təmsil etməli, cəmiyyətin fikirlərini dövlət orqanlarına çatdırmalı, problemlərin həllində vasitəçi rolunu oynamalıdır.

Məsələn, “Azərişıq”, “Azəriqaz” və ya digər dövlət qurumlarında ictimai şuralar vasitəsilə vətəndaşların maraqlarının daha yaxşı qorunması, əhalinin təkliflərini, qorxularını və gözləntilərini dövlət qurumlarına çatdırmaq, eləcə də dövlət-cəmiyyət arasında güvən yaratmaq, şəffaflığı artırmaq və ictimai nəzarəti təmin etmək məqsədi daşıyırdı. Amma İctimai şuralar formalaşdırılımağa başlayanda məlum oldu ki, dövlət qurumları İctimai şuraları ictimaiyyətin fikrini, marağını əks etdirəcək bir qurum olaraq deyil, daha çox ictimaiyyətdən özlərini qorumaq üçün bir qurum kimi görünürlər. İctimai şuraların böyük əksəriyyətinin üzvləri media işçiləridir, sosial mediada tanınan adlardır. Niyə? Sabah bir narazılıq olanda, əhalinin bu quruma etirazı olanda həmin şəxslər çıxıb həmin quruma bəraət qazandırsınlar. Bu da funksiyaların itirilməsinə gətirib çıxarır. İndi orada hər hansı maddi marağın olub-olmadığını deyə bilmərəm.  Cəmiyyətin ilk dövrlərdə ictimai şuralarla bağlı fikri müsbət olsa da, sonradan bunu, sadəcə, qurumun bir şöbəsi, işçisi kimi qəbul etməyə başladılar. Heç bir inam da qalmadı. Orada baş verən pozuntular göz qabağındadır. Hər hansı nazirlik ictimai şura yaradırsa, həmin nazirin sevmədiyi tənqidçisi orada ictimai şurada təmsil oluna bilərmi? Əlbəttə, yox. Hətta bildiyim qədərilə qurumlar özləri dəvət edirlər ki, ictimai şurada təmsil olunsunlar. İctimai nəzarəti təmin etməli olan, ictimai marağı təmin etməli olan qurum həmin qurumun rəhbərliyinin iradəsi ilə yaradılırsa, təbii ki orada effektivlik ola bilməz. Onsuz da onlar ciddi qəbul olunmurlar. Həm də nəzərə alsaq ki, formal olaraq ictimai əsaslarla fəaliyyət göstərir, ona görə cəmiyyətdə o qədər əhəmiyyət də kəsb etmir. Bir sıra məşhur adlar var ki, onlar ictimai şuraların rəhbərləridir. Onlar da heç o funksiyanı icra etmirlər. İctimai şuralar effektiv olmayan qurum halındadır”.

Ekspertlər hesab edir ki, şuraların fəaliyyəti daha şəffaf və hesabatlı olmalıdır. Üzvlərin seçilməsi ictimaiyyətin daha geniş təbəqələrini əhatə etməlidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90