Rayon İcra Hakimiyyəti başçıları mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirir. Bu görüşlərin məqsədi vətəndaşların problemlərinin dinlənilməsi, onların həlli istiqamətində müvafiq tapşırıqlar verilməsidir.
Ancaq təəssüf ki, bəzi icra başçıları, yüksək vəzifəli məmurlar belə görüşlər, qəbullar zamanı adi etik qaydalarına əməl etmirlər. Bu azmış kimi, icra başçısı ilə vətəndaş arasında olan uçurumu açıq-aşkar göstərməkdən də çəkinmirlər.
Məsələn, bu gün Ağdamın icra başçısı Vaqif Həsənov vətəndaşlarla görüş keçirib. Tədbirdən çəkilən fotolar Ağdam RİH-in rəsmi səhifəsində yayımlanıb.
Görüş zamanı Vaqif Həsənov kreslosunda əyləşib. Amma sinəsindən iki şəhidin şəklini asan yaşlı qadın problemini icra başçısına ayaq üstə deyib.
Olmazdımı ki, həm şəhidlərə, həm də yaşlı qadına ehtiram əlaməti olaraq, ondan problemini əyləşərək deməsini istəsin?
Digər bir fotoda və ya başqa görüşlərdə tədbirə əsa ilə gələn Qarabağ qaziləri də analoji halla üzləşib. İcra başçısı ayaq üstə dayanmaqda çətinlik çəkən qazilərə nəzakət xətrinə “əyləşin” deyə bilmir. Onların problemini bu formada dinləyib, həll edib-etmədiyi isə sual olaraq qalır.
Görüşə gələn digər vətəndaşları, gəncləri ayaq üstə saxlayaraq dinləməyi başa düşmək olar. Amma xüsusi kateqoriyadan olan insanlara nəzakətlə davranmaq lazımdır.
Axı ortada Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva nümunələri var. Ölkə rəhbərliyi vətəndaşlarla görüşündə onları bağrına basırsa, xüsusi diqqətlə yanaşırsa, səmimi münasibət sərgiləyirsə, bəs, icra başçısı niyə belə davranır? Görünür, Vaqif Həsənov ayaqda alqışlamalı olduğumuz insanları ayaqda saxladığının fərqində belə deyil. Çünki daha öncəki görüşlərdə də eyni hallar yaşanıb…publika.az