Yəməndəki husilər Qırmızı dənizdə bir ticarət gəmisini raketlərlə hədəf aldıqlarını və pilotsuz uçuş aparatları ilə İsrail hərbi məntəqələrinə hücum etdiklərini açıqlayıblar.
Ulusal.az xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Seri Telegram hesabında verdiyi açıqlamada Qırmızı dənizdə MSC UNITED adlı ticarət gəmisini raketlərlə hədəf aldıqlarını bildirib.
Gəminin vəziyyəti ilə bağlı məlumat verilməyən açıqlamada, ekipajın husilərin xəbərdarlıq atəşinə məhəl qoymaması nəticəsində gəminin hədəfə alındığı qeyd edilib.
Həmçinin bildirilib ki, Qırmızı dənizin şimalında Əqabə körfəzi sahillərində yerləşən Eylat şəhərində və işğal olunmuş Fələstin ərazisinin digər yerlərində İsrail ordusunun mövqelərinə pilotsuz uçuş aparatları ilə hücum edilib.
Yəməndəki husilərin lideri Əbdülməlik əl-Husi noyabrın 14-də televiziya çıxışında İsrailin blokadada olan Qəzza zolağına hücumlarına cavab olaraq Qırmızı dənizdəki İsrail gəmilərini hədəfə ala biləcəkləri ilə hədələyib. Husilərin son hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.






















