image-2000x150
image-333backend

“Himayədar ailə institutunun uğurlu tətbiqi vacibdir”

image-728x90

“Ailə Məcəlləsinə dəyişikliklər prezident Fərmanında qeyd olunan himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqinə hesablanıb.” Milli Məclisin deputatı Könül Nurullayeva Ailə Məcəlləsinə dəyişikliklərə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, dəyişikliklər valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbul edilməsi, onların ailələrinə qaytarılması, eləcə də müəssisələrə düşmələrinin qarşısının alınmasına dair tədbirlər görülməsini də əhatə edir. Bu dəyişikliklər müəssisələrdə olan uşaqlarla əlaqədar fərdi inkişaf planlarının hazırlanması məsələləri ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi tapşırıqlarından irəli gəlir.

K.Nurullayeva bildirib ki, Ailə Məcəlləsinə təklif olunan dəyşikliklər himayədar ailə institutunun tətbiqi, habelə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirmə prosesinin təkmilləşdirilməsi, onların müəssisələrə düşməsinin qarşısının alınması, bioloji ailələrinə qaytarılması məsələlərinin hüquqi tənzimlənməsini özündə ehtiva edir: “Qeyd etmək lazımdır ki, “Himayədar ailə” institutu beynəlxalq təcrübədə uşaq qayğı sisteminin ən geniş yayılmış növlərindən biridir. Bu model uşaqların dövlət müəssisələrində yaşamasının alternativ variantı kimi çıxış edərək, onların ailə mühitində yaşamalarına şərait yaradır. Layihədə himayədar ailənin yaranması ilə əlaqədar proseslər, himayədar ailənin öhdəlikləri, uşağın himayədar ailəyə verildikdən sonra aydan bir dəfədən az olmayaraq planlı və plandankənar monitorinqin aparılması, himayədar ailəyə verilən zaman müəyyən yaşa çatmış uşaqların razılığının alınması qeyd olunur. Bu dəyişikliklər himayədar ailə institutunun uğurlu tətbiqinə, nəticədə ənənəvi uşaq müəssisələrindən fərqli olaraq həmin uşaqların inkişafına və cəmiyyətə inteqrasiya imkanlarına malik olmasına müsbət təsir göstərəcək.”

Deputat bildirib ki, bundan başqa, layihədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) valideyn himayəsindən məhrum olan uşaqların sosial xidmət müəssisələrinə yerləşdirməzdən öncə ilkin qiymətləndirilmənin aparılması və bu qiymətləndirilmədən asılı olaraq qərarın qəbul edilməsi, zərurət olduqda fərdi inkişaf və ailə inkişaf planının hazırlanmasının, uşağın yerləşdirilməsi zamanı onun fikirlərinin, maraqlarının, etnik mənşəyinin, müəyyən dinə və mədəniyyətə mənsubiyyətinin, ana dilinin, təhsili və tərbiyəsi üçün daha əlverişli imkanların, yerləşdirilmənin uşaq üçün təhlükəsizliyinin nəzərə alınması da qeyd olunur. Bu da uşaqların ailə mühitində qalmasına daha çox üstünlük verilməsindən və uşaqların inkişafına göstərilən qayğıdan irəli gəlir:

“Beləliklə, təklif olunan dəyişikliklərin qəbulu valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələşməsinin qarşısının alınmasına, bununla da həmin uşaqların ailə mühitində tərbiyə alma imkanlarının genişləndirilməsinə xidmət edəcək.”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90