Elə bir sahə olmayıb ki, ümummilli lider Heydər Əliyev onunla maraqlanmasın, diqqətdən kənar saxlasın. İdman da onun maraqlandığı və sahibləndiyi sahələrdən biri olub.
Heydər Əliyev bildirirdi ki, Azərbaycanın sağlam gələcəyi üçün gənclər idmanla məşğul olmalıdır. O, hər bir idman növünə maraq göstərir, yarışları, idmançıları izləyirdi. Təmsilçilərimizə idman arenalarında dəstəyini nümayiş etdirirdi.
Futbol da ümummilli liderin daim diqqətində olub. O, həm SSRİ, həm də müstəqillik dönəmində “idmanın şahı”nı diqqətdən kənarda saxlamayıb. Heydər Əliyev sovet dönəmində “Neftçi”ni, daha sonra isə milli komandanı diqqətlə izləyib. Hətta stadiondan izlədiyi matçların sayı az olmayıb.
“Şöhrət” ordenli məşqçi Ağasəlim Mircavadov Heydər Əliyevin futbola böyük sevgisinə şahid olan şəxslərdən biridir. Publika.az-adanışan “Neftçi”nin veteran futbolçusu bildirir ki, ümummilli lider görüşlərdə onları təəccübləndirib. O, ən xırda detalları, şəxsləri xatırlayıb, bəzən isə oyunları, epizodları təhlil edib:
“Heydər Əliyevlə görüşlərimiz həmişə bizim üçün düşərli olub. Onunla görüşəndən sonra uğurlar qazanmışıq. Komandaya həm mənəvi, həm də maddi cəhətdən dəstək olurdu. Futbolçuların, məşqçilərin problemləri, qayğıları ilə maraqlanırdı. Kimin evi yox idi, ev verirdi. Maddi cəhətdən dəstək olur, çatışmazlıqları aradan qaldırırdı. Komandanın yanında olduğunu göstərir, futbolçuları motivasiya edirdi”.
Ağasəlim Mircavadov Heydər Əliyevlə 4 dəfə görüşdüyünü söyləyir. O, hər görüşdə xüsusi anların yaşandığını bildirir:
“Heydər Əliyevlə ilk dəfə 1969-cu ildə görüşmüşük. Həmin vaxt Mərkəzin Komitənin birinci katibi idi. 3 ay idi çalışırdı, bizi – “Neftçi” komandasını dəvət elədi. İndiki Nazirlər Kabinetində çalışırdı. Hələ də yadımdadır, 4-cü mərtəbə, 4-cü otaqda işləyirdi. Əvvəlcə klubun rəisi Rauf Adıgözəlov və baş məşqçi Əhməd Ələsgərovla görüşdü. Biz də onların yanında idik. Sonra bir-bir futbolçularla tanış oldu. Əhməd müəllim bizi Heydər Əliyevə təqdim edirdi. Həmin vaxt komandada yerli futbolçuların sayı az idi. Bizimlə görüşündən sonra o da gördü ki, yerlilərin sayı həddindən artıq azdır. Əhməd Ələsgərova nəsə söylədi. Məşqçimiz də “baş üstə” dedi. Sonradan bildik ki, Heydər Əliyev azərbaycanlı futbolçuların sayının artırılması tapşırıb”.
Təcrübəli mütəxəsis bildirir ki, Heydər Əliyev həmin vaxt yerli idmançıların inkişafına və onların sayının artmasına diqqətlə yanaşırdı. Bu barədə tapşırıq da vermişdi:
“Həmin vaxt Heydər Əliyev ümumiyyətlə yerli idmançıların sayının artırılmasını istəyirdi. Bu barədə Gənclər və İdman Naziliyinə tapşırıq vermiş və məktub göndərmişdi. Bildirmişdi ki, bütün idman cəmiyyətləri məlumatlandırılsın. Üstünlük yerli idmançılara verilsin. Bu, onun uzaqgörənliyinin nəticəsi idi. Heydər Əliyev bildirdi ki, yerli idmançılarının sayı artsa və ya azalsa nələr olar bilər”.
Ağasəlim Mircavadov növbəti dəfə məşqçi kimi Heydər Əliyevlə görüşdüyünü bildirir. Həmin vaxt isə “Neftçi”nin vəziyyəti yaxşı deyildi. Ancaq onunla görüş komanda üçün faydalı olub:
“İkinci görüşümüz 1982-ci ildə oldu. Onda mən məşqçi idim. Əhməd müəllimin Anatoli Banişevski ilə birlikdə köməkçisi idim. Həmin vaxt komandanı yox, məşqçilər korpusunu dəvət etmişdi. Mənə dedi ki, yadımdadır, səninlə 1969-cu ildə bu kabinetdə görüşmüşük. Bu, məni təəccübləndirdi. Onun güclü yaddaşının olduğunu bilirdik. Ancaq belə diqqətli olmasını gözləmirdik.
Həmin vaxt “Neftçi” yaxşı vəziyyətdə deyildi. Soruşdu ki, nə etmək lazımdır? Baş məşqçi ona fikirlərini bildirirdi. Həmin mövsüm yüksək liqadan düşmək təhlükəsi var idi. Amma bu görüşdən sonra biz elitada qalmağı bacardıq”.
76 yaşlı mütəxəssis bildirir ki, Heydər Əliyev “Neftçi”ni həmişə diqqətdə saxlayıb. Hətta klubun bazasına gələrək oradakı şəraitlə şəxsən tanış olub:
“Üçüncü görüşümüz vaxtı biz birinci liqada idik. Həmin vaxt Heydər Əliyev şəxsən özü bazamıza gəldi. Şəraitlə, bizimlə maraqlandı. O vaxt bazamızın vəziyyəti yaxşı deyildi. Özü hər şeyi gördü və tapşırıq verdi ki, bazanı təmir eləmək lazımdır. Futbolçularla da maraqlandı. Həmin görüşdə 7-8 ev hədiyyə etdi. Heydər Əliyev ümumiyyətlə hər görüşdə futbolçularla maraqlanırdı”.
Ağasəlim Mircavadov Heydər Əliyevlə müstəqillik dönəmində də görüşdüklərini bildirir:
“Növbəti görüşümüz müstəqillik dönəminə təsadüf etdi. Həmin vaxt “Şəmkir”də çalışırdım. Biz çempion olduq. Şəmkirə gələndə bizimlə görüşdü. Biz ona suvenir kimi futbolçuların imza atdığı topu hədiyyə etdik. Həmin vaxt nəvəsi Heydər Əliyev dünyaya gəlmişdi. Topu bu münasibətlə hədiyyə kimi qəbul etməsini xahiş etdik. O, topu götürəndə güldü, dedi ki, Ağasəlim müəllim, yadındadır, biz səninlə üç dəfə, bu illərdə görüşmüşük. Ordan olan hər kəs məəttəl qaldı”.
Heydər Əliyev həmişə futbolu diqqətdə saxlayıb. Onun canlı şahidi olduğu uğurlar da var. Onlardan biri milli komandanın müstəqillik dönəmində keçirdiyi ilk ev oyununda qazandığı qələbədir. DÇ-1998-in seçmə mərhələsi çərçivəsində İsveçrəni qəbul edən komandamız ümummilli liderin stadiona gəlişindən dərhal sonra hesabı açdı. Vidadi Rzayevin vurduğu qol həmin görüşdə millimizə tarixi qələbəni qazandırdı. Bu oyun barədə dəfələlər danışan futbolçular Heydər Əliyevin Tofiq Bəhramov aıdna Respublika stadionuna gəlişinin onlara əlavə güc verdiyini bildirirdilər.