Dil millətin varlığını müəyyənləşdirən amillərdən biridir, hər bir insan özünün dilinin mühafizəkarı olmalıdır.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş bu ildə dilimizin inkişafı, qorunması və dünyada tanınması ilə bağlı onun əvəzsiz xidmətlərini yada salmamaq olmaz.
Ümummilli lider Heydər ƏLİYEV: Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.
Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsinə xüsusi önəm verən Ümummilli lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Bu təkliflərin əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi, müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdı.
Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Ulu öndər Heydər Əliyev Azərbaycan dili haqqında dediyi kəlamlar tarixən yaşadılacaqdır: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”; “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”; “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”. Bu kəlamlar Azərbaycan dövlətçiliyinə sevgidir, Azərbaycan dilinə sevgidir, azərbaycançılıq ideologiyasını yaşatma niyyətinin təzahürüdür.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dilinin ən böyük mühafizəkarı olması dilimizə sevginin nəticəsi idi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Osman Əhmədzadə