image-rt-reklam
image-img-20250107-wa0000backend

Hər zaman ön planda olan Milli maraqlar

image-728x90

Dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə uçan AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün sarsıdıcı hadisə oldu. Qəzadan sonra Azərbaycan Prezidenti dərhal hadisəyə reaksiya göstərərək ciddi tədbirlər gördü və dövlətin mövqeyini açıq şəkildə ifadə etdi. Prezident İlham Əliyev hadisə barədə məlumat alan kimi uçuş istiqamətini dəyişərək Bakıya geri qayıtdı və operativ müşavirə keçirdi. Qəzadan sonra hökumət tərəfindən Dövlət Komissiyası yaradıldı və Azərbaycan nümayəndələri dərhal Aktauya ezam olundu.

Dövlətimizin başçısı qəza zamanı həyatını itirən və xəsarət alan ekipaj üzvlərinin qəhrəmanlığını yüksək qiymətləndirdi. Onların peşəkarlığı və fədakarlığı nəticəsində qəzanın daha ağır fəsadları qarşısı alındı. Xüsusilə, ekipaj üzvlərinin sərnişinləri xilas etmək üçün göstərdiyi səylər Azərbaycanın aviasiya tarixində əsl qəhrəmanlıq nümunəsi kimi qiymətləndirildi.
Təyyarə qəzasında həlak olan üç ekipaj üzvünün II Fəxri xiyabanda dəfn olunması isə bu qəhrəman vətən övladlarına verilən böyük dəyərdir. Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, eləcə də Zülfiqar  Əsədov və Aydan Rəhimlinin 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif etməsi isə xalqımızın qəhrəmanlarına verdiyi dəyərin növbəti təzahürdür.
Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Görüş zaman Prezident İlham Əliyev ekipaj üzvlərinin qəhrəmanlığını xüsusi olaraq qeyd edib. Bildirib ki, “doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər. Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər. Ekipajın digər üzvləri – bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir”.
Görüşdə ölkə başçısı məlumat verib ki, təyyarənin “Qara qutu”ların açılması prosesinin başlanılıb. Bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz edilib və Azərbaycanın təkidi ilə bu proses Braziliyada həyata keçirilir. Burada əsas səbəb obyektivliyin sual altına düşə bilməsi, maraqların toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılıb və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Bununla da bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Ən əsası ilə məlumdur ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnib və radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb. Lakin təyyarənin hansı səbəblərdən Aktau istiqamətinə göndərilməsi barədə məlumat hələ yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.
Azərbaycan Rusiyadan hadisə ilə bağlı açıq və ədalətli mövqe gözlədiyini bəyan etdi. Cənab İlham Əliyev Azərbaycanın konkret tələblərini irəli sürdü: Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. Günahını etiraf etməlidir. Günahkarları cəzalandırmalı və təzminat ödəməlidir.
Bu tələblərin bəziləri artıq qəbul olunsa da, Azərbaycan tərəfi digər şərtlərin də yerinə yetirilməsində israrlıdır. Azərbaycan Prezidenti bu məsələdə qətiyyətli və prinsipial yanaşmasını açıq şəkildə ifadə edib.
AZAL təyyarəsinin qəzaya uğraması beynəlxalq aviasiya və diplomatiya sahəsində ciddi müzakirələrə səbəb oldu. Hadisəyə Azərbaycanın qətiyyətli və ədalətli yanaşması bir daha göstərdi ki, milli maraqlar hər zaman ön plandadır. Prezident İlham Əliyevin bu məsələdə göstərdiyi prinsipial mövqe ölkənin təhlükəsizlik, obyektivlik və beynəlxalq hüquqa əsaslanan mövqeyini açıq şəkildə ortaya qoyur. Hadisənin tam araşdırılması və nəticələrin dəqiqləşdirilməsi istiqamətində işlər davam edir və Azərbaycan xalqı prosesin şəffaf şəkildə aparılmasını yaxından izləyir.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90