Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ramiz Vəliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 28 fevral 2022-ci il tarixdə saat 23 radələrində paytaxtın o NZS qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Ramiz Vəliyev tanışı, zərərçəkmiş Elmir Məmmədovla (soyadı şərti) şərikli onlayn ticarət fəaliyyəti ilə məşğul olub. Daha sonra onların arasında ticarət fəaliyyəti pozulub və pul borcu yaranıb. Yəni həmin şəxslərin arasında pul borcunun bərabər bölünməsi ilə bağlı narazılıqlar olub. Bu zaman Ramiz bıçaqla Elmirin bel nahiyəsindən iki dəfə zərbə vuraraq, ona xəsarət yetirib.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Ramiz Vəliyev məhkəmədə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs NZS qəsəbəsi sakinidir və onu təxminən 10 il bundan əvvəl tanıyır, qonşuluqda birgə yaşayıb. Elmirlə qonşuluqda yaşayan zaman onunla çox da yaxın münasibəti olmayıb.
2016-cı il tarixdə Ramiz tutulan zaman barəsində hökm oxunub və o, Pentensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. O, 2 saylı cəzaçəkmə müəssisəsinə göndərilən zaman zərərçəkmiş şəxs də həmin cəzaçəkmə müəssisəsində cəza çəkib. Elmir yol nəqliyyat hadisəsi törədərək azadlıqdan məhrum edilmişdir. 2020-ci ilin aprel ayında Ramiz cəzaçəkmə müəssisəsindən azad olunub və 2021-ci ilin sonlarında isə Elmir azadlığa çıxıb.