image-rt-reklam
image-1backend

“Hayes, türkes”i kim icad edib? – Kreml erməniləri Türkiyəyə qarşı yönəldib  

image-728x90

Nikol Paşinyan onu düz deyir ki, ermənilər və türklər arasında qarşılıqlı etimad sıfırdır.

Onun dediyi bu sözlər də həqiqətdir: “Biz deyirik ki, “türk heç vaxt dəyişmir”, türklərin də ermənilər haqqında eyni fikri var. Biz “azərbaycanlıya necə etibar etmək olar”’ deyirik, onlar da “erməniyə necə etibar etmək olar” deyirlər. Biz “tarixdən dərs almamışıq” deyirik, onlar da “ermənilərlə sülh istəyirsənsə, deməli, tarixdən dərs almamısan” deyirlər”.

Ancaq Paşinyan bu qənaətlərin sovet dövründə, özü də KQB agentlərin tərəfindən formalaşdırılmış dünyagörüş olmasını deyərkər yanılır. Tam olaraq elə deyil. İncəliklər var.

100 il əvvəl sovet-bolşevik rəhbərliyi həm xristian təəssübkeşliyii baxımından, həm də erməni bolşeviklərin say və fəallığını nəzərə alaraq qismən ermənilərdən yana olsa da, gənc sovet ölkəsində milli zəmində qarşıdurma istəmirdi, ona görə də xalqlar dostluğu ideyasına önəm verirdi.

Moskva 1930-cu illərdə Azərbaycanda nə qədər milli ziyalı məhv edibsə, təxminən Ermənistanda da o qədər millətçi ermənini repressiya edib. Sadəcə, erməni bolşeviklər öz ziyalılarının mühüm bir kəsimini (məsələn, Şamaxıda doğulmuş, Bakıda oxumuş və işləmiş, sonradan Fransa və ABŞ-də yaşamış, axırda İrəvana qayıtmış yazıçı Aleksandr Şirvanzadəni) qoruyublar, amma bizimkilər Hüseyn Cavidi (və onlarla onun kimi vətənpərvər ədibi) güdaza veriblər.

Zaqafqaziya SSR-in rəhbəri Lavrenti Beriya Tiflisdə onun kabinetinə gələrək millətçi tələblər irəli sürən Ermənistan rəhbəri, 35 yaşlı Ağası Xancyanı 1936-cı ilin iyulunda ona görə şəxsən güllələyib ki, onun xalqlar arasında nifaq salmaq niyyətində olduğundan şübhələnib.

Bu hadisə barədə bütün sovet elitası bilib. Ancaq Stalin buna görə Beriyanı cəzalandırmayıb. Əksinə, onu Kremlə aparıb, Daxili İşlər və Dövlət Təhlükəsizliyi nazirliklərinin simbiozu olan XDİK-ə (NKVD) rəhbər təyin edib. Heç 1953-cü ildə Beriya həbs olunanda və mühakimə ediləndə də ona qarşı irəli sürülən çoxsaylı ittihamların içində Xancyanın qətlinə dair epizod olmayıb.

Başqa sözlə, sovet rəhbərliyi hesab edib ki, Beriya düz edib, qırmızı rus imperiyasının satsılmazlığı üçün millətlərarası nifaqın qızışdırılması yolverilməz idi.

20 iyul 1936-cı ildə Beriya “Zarya Vostoka” qəzetində “Sosializm düşmənlərinin külünü göyə sovurmalı!” başlıqlı kəskin bir məqalə dərc edib. Beriya həmin məqalədə qeyd edib ki, Xancyan erməni ziyalılar, bəzi yazıçılar arasında quduz millətçi elementləri birbaşa himayə edirdi”. Yəni, yaxşı eləyib öldürmüşəm.

Bu da maraqlı faktdır ki, Xancyanın ölümündən və ifşasından sonrakı 10 ay ərzində Ermənistanda 1365 nəfər ifşa və həbs edilib (onlardan 900-ü türkofob daşnak olubi).

Başqa sözlə, Kreml erməniləri Azərbaycana qarşı körükləməyib, çalışıb ki, 1905-ci və 1918-ci ildə bu iki xalq arasında baş vermiş savaşlar, qırğınlar unudulsun, hər iki xalq nümunəvi və dost “sovet xalqı” olsun. Erməni və azərbaycanlı gənclərin ailə qurması bu üzdən təşviq olunur, belə beynəlmiləl ailələrə hər yerdə “yaşıl işıq” yandırılır, onlar vəzifə pillələrində irəli çəkilirdi.

Bununla yanaşı, Moskvanın erməniləri Türkiyəyə qarşı qaldırması gerçəkliyi də var. O zamanlar (1960-cı 90-cı illər arasında)Türkiyə NATO üzvü olaraq Qərbin bir parçasına çevrilmişdi və SSRİ rəhbərliyi bu ölkəni xor görürdü. Ermənistanda yaradılmış hərbi baza məhz Türkiyəyə qarşıydı. Kreml yerli xalqın türk düşmənçiliyi hissini qızışdırırdı, 1915-ci il hadisələrinə görə düzəldilmiş “genosid abidəsi”nin təşəbbüskarı da Moskva idi.

Ancaq ermənilər türk deyərkən heç vaxt Anadolu və Azərbaycan türkləri arasında fərq qoymurdular, hər ikisi ilə keçmişdə olan müharibənin kin-küdurətini eyni dərəcədə diri saxlayırdılar. Söhbət millətçi və savadlı ermənilərin münasibətindən gedir, yoxsa qonşu elatlarda, qonşu məhəllələrdə erməni-azərbaycanlı dostluqları, qohumluqları yayğın idi.

Başqa sözlə, erməni millətçi dairələrin Azərbaycan türklərinə qarşı nifrəti heç də SSRİ-nin xüsusi xidmət orqanları yaratmayıb. Bu, başlıca olaraq erməni kilsəsinin ideoloji siyasi xəttinin nəticəsi olub. “Hayes, türkes” ayrımı ermınilərin öz icadıdır.

İndi Paşinyan həm Rusiyanın adamlarıyla, həm də erməni kilsəsiylə amansız ölüm-dirim savaşına girib və öz xalqını ayıltmağa, düz yola gətirməyə çalışır. O, bəlkə də öz xalqının son 100 ildə yetişdirdiyi ən ağıllı və uzaqgörən siyasətçisidir, anlayır ki, güclü qonşularla daimi düşmənçilik büsatında olan kiçik dövlətin gələcəyi, xoş günü yoxdur.

Xalid KAZIMLI

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90