image-rt-reklam
image-1backend

Gürcüstan – mehriban qonşuluq və əməkdaşlıq rəmzi

image-728x90

Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir.
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü və birgə verdikləri bəyanatlar bir daha bütün dünyaya sübut etdi ki, dost və qonşu olduğumuz Gürcüstan ilə Azərbaycanın ən yaxın tərəfdaşlıq missiyası hələ də uğurla davam edir.
Tarixə qısa bir nəzər salsaq görə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin qonşu Gürcüstan ilə əlaqələrin inkişafında əvəzsiz xidmətləri olmuşdur. Belə ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Gürcüstanla olan hərtərəfli əlaqələrimiz mühüm inkişaf yolu izləmişdir. 1995-ci ildə dövlətlərimiz arasında iqtisadi, siyasi, hərbi və kommunikasiya sahələrini əhatə edən müqavilələr imzalanmışdır. 1996-cı ildə qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün Heydər Əliyev Tbilisiyə rəsmi səfər etmişdir. Görüş zamanı Heydər Əliyev yaxın dostu olmuş Gürcüstan prezidenti Eduard Şeverdnadze ilə görüşmüş, sonra ikitərəfli əlaqələri əhatə edən “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq”, həmçinin “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” haqqında birgə bəyannamələr imzalanmışdır. 1997-ci ildə Eduard Şeverdnadze Bakıya rəsmi səfər etmişdir, səfər zamanı ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əlaqələrimizin gələcək planlarına dair məsələlər müzakirə olunmuşdur. Ölkə başçıları 1997, 1998, 2000, 2001, 2002-ci illərdə qarşılıqlı səfər etmişdilər. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, BakıTbilisi-Qars, Trans-Anadolu Qaz Boru Kəməri kimi layihələr də ölkələrimizin regional inkişafına təkan vermişdir. Tərəfdaşlığımızı rəsmiləşdirən məqamlardan biri 2002-ci ilin aprelində imzalanan “Trabzon razılaşması” olmuşdur. Bu razılaşmanın məqsədi regionda enerji təhlükəsizliyi, neft-qaz borularının birgə mühafizəsi kimi əhəmiyyət daşıyan proseslərin sənədləşdirilməsi idi.
Bu günə qayıtsaq görərik ki, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Xülasə həm qonşu dövlət kimi, həm də siyasi mövzularda bizim yaxın tərəfdaşımız olan Gürcüstan və onun yeni rəhbərliyi sözün həqiqi mənasında Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm və dəstək verir.
Sənan Hüseynov – ADNSU III kurs tələbəsi, Nyu York Elmlər Akademiyasının üzvü

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90