Son zamanlar Rusiyada bəzi şovinist siyasətçilər, Kremlin nəzarətində olan jurnalistlər və “Z-blogerlər” Azərbaycana qarşı yeni ittiham kampaniyasına başlayıblar. Onlar iddia edirlər ki, Azərbaycan Ukraynaya qaz nəql etməklə guya Rusiyaya qarşı siyasət yürüdür və bununla Moskva ilə münasibətləri pozur. Lakin bu iddialar həm tarixi faktları, həm də mövcud siyasi reallıqları tamamilə təhrif edir.
Saytımıza açıqlamasında politoloq Arzuman Muradlı Kremlin apardığı təxribatçı siyasətə və təbliğatı ağılsız gediş adlandırıb.
“Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsinin tək səbəbi qaz məsələsi deyil. Bu münasibətlərin pozulmasında bir sıra ciddi faktorlar var. Məsələn, Rusiya ərazisində azərbaycanlılara qarşı zorakılıq halları baş verib, soydaşlarımız haqsız yerə təzyiqlərə məruz qalıb. Bundan əlavə, məlum təyyarə olayı , yəni Azərbaycanın sərnişin təyyarəsinin raketlə vurulması faktı münasibətlərə ciddi zərbə vurmuş hadisələrdən biridir. Bütün bunlar nəzərə alınmadan təkcə qaz məsələsini qabartmaq, hadisələrin mahiyyətini təhrif etmək deməkdir. Rusiya 2022-ci ildən bəri Ukraynaya qarşı genişmiqyaslı işğal siyasəti aparır. Kreml bu müharibə ilə təkcə ərazi qazancı yox, həm də Ukraynanın enerji infrastrukturunu məhv etməklə bu ölkəni qışda qazsız və işıqsız qoymaq niyyəti güdür. Bu, Rusiyanın əvvəllər Gürcüstana qarşı da tətbiq etdiyi bir taktikadır. 2008-ci ildə Gürcüstana qarşı müharibə aparan Rusiya bu ölkəni də enerji aclığına sürükləmək istəyirdi. Azərbaycan isə o zaman Gürcüstanı bu vəziyyətdən xilas etdi, onu həm neft, həm də qazla təmin edərək enerji sabitliyini qorudu.” – deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, bu gün də eyni yanaşma Ukrayna ilə bağlı tətbiq edilir.
“Azərbaycanın Ukraynaya qaz nəql etməsi həm iqtisadi maraqlara söykənir, həm də humanitar və strateji məsuliyyət hissindən doğur. Prezident İlham Əliyev Ukraynalılara “işğalla barışmayın” mesajı verdikdən sonra Kiyevin qazla bağlı müraciətini müsbət cavablandırıb. Bu addım Azərbaycanın beynəlxalq hüquqa, ərazi bütövlüyünə və müstəqillik prinsipinə sadiq qalmasının göstəricisidir. Maraq doğuran digər bir məqam isə Çinlə bağlıdır. Çin Xarici İşlər naziri Van Yi Brüsseldə Avropa İttifaqının rəsmisi Kaya Kallasa açıq şəkildə bildirib ki, onlar Ukraynada Rusiyanın məğlub olmasını istəmirlər, çünki bu halda ABŞ diqqətini Çinə yönəldə bilər.” – deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, bu, böyük dövlətlərin maraqlarına əsaslanan geosiyasi düşüncə tərzini ortaya qoyur.
“Azərbaycan isə fərqli mövqe tutur: rəsmi Bakı Ukraynanın müharibədə məğlub olmasını istəmir. Əks halda, Kreml işğalçı niyyətlərini başqa ölkələrə, o cümlədən Azərbaycana da yönəldə bilər. Azərbaycanın Ukraynaya qaz nəql etməsi heç də Rusiya əleyhinə düşmənçilik deyil, əksinə, regional sabitlik, enerji təhlükəsizliyi və müstəqil dövlətlərə dəstək siyasətinin təzahürüdür. Kremlin təbliğat alətləri ilə bu siyasəti təhrif etmək cəhdləri isə sadəcə olaraq Azərbaycanın prinsipial və balanslı xarici siyasətinə kölgə sala bilməz.” – deyə Arzuman Muradlı əlavə edib.