image-2000x150
image-1backend

“ Güclü iqtisadiyyat ən önəmli şərtdir “

image-728x90

Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə İqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi.

Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və vahidlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin etmişdir. Şübhəsiz, bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə edilməsində lider faktoru spesifik, əvəzolunmaz rol oynamışdır.

Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyev öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatlayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.

2003-cü ildən başlayaraq Azərbaycan onun rəhbərliyi altında bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Bu dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial- iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkənin başlıca sosial- iqtisadi nailiyyətlərini müxtəlif istiqamətlərdə qeyd etmək mümkündür.

Azərbaycan “aşağı gəlirli ölkələr” sırasından – “yuxarı-orta gəlirli ölkələr” sırasına yüksəlmişdir. 2004-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM müstəqil ölkənin iqtisadi tarixində ilk dəfə olaraq 1000 dollarlıq həddi ötmüşdür. 2003-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM 888,6 dollar olduğu halda, hazırda bu rəqəm 4214,3 dollara yüksəlmişdir. Göründüyü kimi, İlham Əliyevin iqtidarı dönəmində Azərbaycanda adambaşına düşən ÜDM təxminən 5 dəfəyə qədər artmışdır ki, bu da ölkədə artan iqtisadi rifahı göstərən mühüm göstəricidir.

Həmçinin Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulmuş və modernləşdirilmişdir. Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar tamamilə yenidən qurulmuş və infrastruktur imkanları əvvəlki illərlə müqayisədə xeyli genişləndirilmişdir. Azərbaycanın bütünlükdə  qazlaşdırılması, elektrikləşdirilməsi, istifadəyə verilən yüzlərlə təhsil, səhiyyə və turizm müəssisələri, tikilən hava limanları (6-si beynəlxalq statuslu olmaqla), çəkilən minlərlə kilometrə qədər modern avtomobil yolları məhz İlham Əliyevin adı ilə bağlıdır.

Ölkəmizin  iqtisadi tarixində ilk dəfə olaraq turizm sektoru, idman sektoru formalaşmış və bu sahə iqtisadi inkişafa töhfə verməyə başlamışdır. Bu gün Bakı və ölkənin digər regionları başlıca qlobal və regional turizm marşrutları sırasına qoşulmuşdur.

İlk dəfə yeni strateji sahə – müdafiə sənayesi formalaşmışdır. Hazırda Azərbaycanda1000-dən çox adda müdafiə sənayesi məhsulu istehsal edilir və bunların önəmli hissəsi ixrac olunur. Hesab edirik ki, indiki şəraitdə Azərbaycan üçün bu sahənin təkcə iqtisadi əhəmiyyətinin olmadığını vurğulamağa ehtiyac yoxdur.

Prezident İlham Əliyevin fikrincə, “İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət belə gedə bilməz. Biz ətrafda baş verən hadisələrə baxırıq, izləyirik, dünyada baş verən hadisələrə biganə qalmırıq. Görürük, o ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir. Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi.

Başqa sözlə, demokratiya və iqtisadiyyat birgə inkişaf  etməlidir. Onlardan hər hansı birinin azacıq ləngiməsi, istər-istəməz, qeyri-sabitliyə və balansın pozulmasına gətirib çıxarır. Prezident İlham Əliyevin sözləri ilə desək, “iqtisadi artım və cəmiyyətin demokratikləşməsi siyasətimizin  əsas elementləridir və  biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü ola bilərsən, amma  demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları  qorunmursa, uğur qazana bilməzsən”.

Azərbaycan iqtisadiyyatı investisiya mühiti baxımından qabaqcıl sıralara yüksəlmiş və Azərbaycana Dünya Bankı tərəfindən bu sahədə “ ən İslahatçı ölkə” statusu  verilmişdir. Dünya Bankının”Doing Business” hesabatına görə hazırda Azərbaycan dünyanın biznes mühitinin ən əlverişli olduğu 34-cü, biznesə başlamanın isə ən asan olduğu 9-cu iqtisadiyyatına malikdir. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən sonra bütövlükdə ölkə iqtisadiyyatına böyük miqdarda investisiya yatırılmış və bunun da təxminən yarısı xariciinvestisiyalar olmuşdur.

Müstəqil Azərbaycanın iqtisadi tarixində qeyri-neft sektoru neft sektorundan, qeyri- neft ixracı neft ixracından daha sürətlə artmağa başlamış və iqtisadi artımın getdikcə əhəmiyyəti artan mənbəyinə çevrilmişdir. İlham Əliyevin hakimiyyəti dövründə baş verən bu proses neftlə zəngin ölkə kimi Azərbaycan üçün də bəzi dairələr tərəfindən proqnozlaşdırılan “holland sindromu”, “resurs lənəti” kimi tezisləri tamamilə alt-üst etmişdir.

Azərbaycan Respublikasının milli iqtisadiyyatının beynəlmiləlləşməsinin və inteqrasiyasının müasir mahiyyəti Beynəlxalq Əmək Bölgüsünə (BƏB-ə) əsasən müəyyən olunur. Belə ki, BƏB sayəsində dünya ölkələrinin dünya bazarında istehsal həcminin ümumi göstəricisi müəyyən olunur. Beynəlxalq iqtisadi inteqrasiya dövlətlər arasında istehsal amillərinin və malların sərbəst hərəkətini nəzərdə tutur. İqtisadi inteqrasiyaya uğrayan Azərbaycan Respublikası siyasi cəhətdən müstəqil olmaqla iqtisadi cəhətdən qarşılıqlı asılı vəziyyətdə olur. Azərbaycan Respublikasının regional iqtisadi birləşmələrini nəzərdən keçirdikdə məlum olur ki, coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır.

Ölkəmizdə quruculuq prosesi geniş vüsət alır. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrilib. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi olub, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss edir.

Dayanıqlı iqtisadiyyatı təmin etmiş Azərbaycan modeli qloballaşan dünya iqtisadiyyatının çağırışlarına uyğun olaraq daim təkmilləşir və zamanın tələbinə cavab olaraq modernləşir. İqtisadiyyatın Azərbaycan modelinin baslıca xüsusiyyətindən biri də yalnız bu gün üçün yox, həm də gələcək üçün möhkəm təməl yaratmaqdır.

Abdullayeva Günay Ceyhun

Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90