Süni mayalanma və sonsuzluğun müalicəsi kimi xidmətlərin əhəmiyyəti getdikcə artır. Lakin hazırda bu istiqamətdə tibbi müdaxilələr yalnız özəl sektorda həyata keçirilir. Ailə qurub övlad sahibi olmaq istəyən, lakin maddi imkanı məhdud olan cütlüklər isə bu tibbi imkanlardan kənarda qalır.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva (Modern.az) bildirib ki, süni mayalanma prosedurunun icrası “Əhalinin sağlamlığının qorunması” haqqında qanunda 5-ci fəsil, 29-cu maddədə süni mayalanma haqqında fundamental hüquqi çərçivə müəyyən edilib. Deputatın sözlərinə görə, burada qeyd olunur ki, yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ var: “Bunun üçün ər və arvadın rəsmi razılığı olmalıdır. Həkim sirri barədə müddəa da mövcuddur. Bu maddədə yer alan məsələlərə əməl edilməməsinin də hüquqi məsuliyyətləri Cinayət Məcəlləsində öz əksini tapıb. Ancaq qanunda sonsuzluğun müalicəsi ilə əlaqədar yalnız baza məlumatları qeyd olunur, o cümlədən, bu prosedurun psixoloji tərəfləri qeyd olunmayıb. Buna görə də ”Reproduktiv sağlamlıq haqqında” ayrıca qanunun qəbul edilməsinə ehtiyac var. Qanunun qəbulu bu prosedurun dövlət tibb müəssisələrində də icrası üçün zəmin yarada bilər”.
Deputat hesab edir ki, bu prosedurlar kifayət qədər bahalıdır və bu tibbi xidmətlərdən yararlanmaq istəyən ailələr üçün böyük maliyyə yüküdür: “Uğursuz alındıqda isə kompensasiya mexanizmi mövcud deyil”. Vəliyeva vurğulayıb ki, sonsuzluğun müalicəsinin icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi insanların bu tibbi xidmətlə bağlı xərclərini azalda bilər, bir çox ölkələrdə olduğu kimi, müştərək maliyyələşmə məbləği ilə daha ucuz başa gələr. “Qanunun qəbulu ilə və bu müalicənin xidmətlər zərfinə daxil edilməsi ilə dövlət tibb müəssisələrində lazımi infrastruktur qurula bilər”, – o sonda qeyd edib.
Bəs Azərbaycanda süni mayalanmanın qiymət aralığı və mərhələləri nələrdir? Xərclərin əsas hissəsi nədən ibarətdir (analizlər, laboratoriya, dərmanlar və s.) və neçə mərhələdən ibarətdir? İcbari tibbi sığorta mexanizmi tətbiq olunsa, bu proses cütlüklər üçün hansı üstünlükləri yaradar? Yəni dövlət proqramı və ya İcbari Tibbi Sığorta çərçivəsində bu xidmətin göstərilməsi hansı real dəyişikliklərə səbəb ola bilər?
Həkim-ginekoloq Rəşad Sultan mövzu ilə bağlı fikrini bildirib: “Süni mayalanma proseduru 2-3 hissədən ibarətdir. Birinci mərhələ müayinədən ibarətdir. Müayinəyə təxminən 500 manat civarında analizlər və müayinələr daxildir. Həkim müayinəsi, uşaqlıq borularının yoxlanması, endometriumun (ventil) qiymətləndirilməsi, spermioqram analizi, qadın hormon analizləri, ultrasəs müayinəsi – bunların hamısı birlikdə bu məbləğə yaxın tutur. Prosedurun özü isə sırf süni mayalanma mərhələsidir və bu, sonsuzluq xəstəsinin dəyərləndirilməsindən sonra tətbiq olunur. Bu o demək deyil ki, hər müraciət edən qadına mütləq süni mayalanma aparılır. Sadəcə olaraq problem yaşayan hər bir pasiyent ilkin olaraq bu müayinələrdən keçir.
İkinci mərhələ süni mayalanmanın klinik tətbiq olunan hissəsidir və bu da iki mərhələdən ibarətdir: Dərman müalicəsi və yumurta toplama müdaxiləsi. Dərman müalicəsi həqiqətən də xərcli olur: 500-600 manatdan başlayaraq 1000-1200 manata qədər dəyişə bilər. Bunun səbəbi odur ki, süni mayalanmada istifadə etdiyimiz, yumurtanı yetişdirən preparatlar bahadır. Yumurta toplama əməliyyatı əməliyyatxanada icra edilən bir müdaxilədir. Əməliyyatxanaya daxil olunduqda artıq bilirik ki, hər bir müdaxilə müəyyən xərc tələb edir və qiymətlər təxminən 500 manatdan başlayır. Yumurta toplama əməliyyatının özü isə, dərman xərcləri olmadan, hazırda Bakı bazarında 1500 manatla 2000 manat arasında dəyişir. Beləliklə, dərmanlar da daxil olmaqla bir süni mayalanma müalicəsinin ümumi dəyəri 2500 manatla 3500 manat arasında, bəzi hallarda isə 4000 manata qədər yüksələ bilər”.
Həkim bu məsələ ilə bağlı iradını da bildirdi: “Mən anlamıram, bu qanunların hazırlanmasında iştirak edən bir mütəxəssis kimi, bu prosesin içində müəyyən qədər olmuşam və bunu hələ həmin dövrdə də demişdim, indi də deyirəm: Reproduktiv sağlamlıq haqqında qanunla bu məsələlərin icbari tibbi sığorta tərəfindən ödənilməsi məsələsini niyə qarışdırırlar? Bizim başımıza nə gəlirsə, bu anlayışları qarışdırmaqdan gəlir, ”malı-mala qatmaqdan” gəlir. “Reproduktiv sağlamlıq haqqında Qanun” – çoxalma məsələlərini, süni mayalanma prosedurlarını, valideynlik institutunu, donorluq məsələlərini tənzimləmək üçün qəbul olunmalı olan bir qanundur. Hansına icazə var, hansına icazə yoxdur – bu çərçivələri müəyyənləşdirir. Bunun icbari tibbi sığortanın xərc ödəməsi ilə heç bir əlaqəsi yoxdur.
Yəni “Reproduktiv sağlamlıq haqqında” qanunu icbari tibbi sığortanın ödəniş mexanizmi ilə qarışdırmaq lazım deyil. Onun buna nə dəxli var axı? Bu, ayrı bir mövzudur, o isə tamamilə başqa bir məsələdir. Niyə bunları araya bir abzas qoymadan, vergül qoymadan, heç bir fasilə vermədən bir-birinin ardınca yanaşdırırlar – mənə hələ də çatmır. O ki qaldı digər məsələyə, Ümumdünya Səhiyyə Təşkilatının nomenklaturasında uşağı olmama problemi – Azərbaycan dilində “sonsuzluq”, beynəlxalq terminologiyada isə “infertilite” adlandırılan vəziyyət xəstəlik kimi qəbul edilir və xəstəliklər siyahısına daxil edilib. Burada qadının və ya kişinin həyatını birbaşa təhlükəyə atan hal olmasa da, uşağın olmaması tibbi mənada xəstəlik kimi qiymətləndirilir. Əgər ölkəmizdə xəstəliklərin müalicəsi icbari tibbi sığorta tərəfindən qarşılanırsa və bu vəziyyətə də xəstəlik kimi baxılırsa, o zaman məntiqlə yanaşanda, süni mayalanma da daxil olmaqla bu müalicələrin icbari tibbi sığorta tərəfindən ödənilməsi lazımdır”.
Rəşad Sultana görə, icbari tibbi sığorta ödəsə də, ödəməsə də, əgər ödəyəcəksə, o zaman təbii ki, nəzarət daha güclü olacaq, prosedurun yalnız tibbi göstəriş əsasında aparılması tələbləri daha sərt şəkildə tətbiq olunacaq.“Yeni Müsavat”






















