Son günlər “Getcontact Premium” mobil tətbiqi barədə şikayətlərin ardı-arası kəsilmir.
Pravda.az-a ünvanlanan çoxsaylı vətəndaş müraciətlərində də bildirilib ki, onlar “Getcontact Premium”un 1 aylıq abunə xidmətini mobil telefonlarından ləğv edə bilmirlər.
Müraciətdə qeyd olunub ki, “Getcontact Premium”un 1 aylıq abunə haqqı 5 manat 34 qəpikdir: “Əvvəlcə tətbiq vətəndaşın telefonuna bu xidmətə abunə olmaqla bağlı təklif göndərir. Vətəndaş isə arxayın olur ki, ay sonunda abunəliyi rahatlıqla ləğv edə biləcək, lakin bu, mümkün olmur. Tətbiq ay sonu balansdan yenidən 5 manat 34 qəpik silir. Abunəlikdən çıxmaq üçün təlimatları isə yalnız “iPhone” markası dəstəkləyir. Digər markalardan istifadə edən vətəndaşlar xidməti ləğv edə bilmirlər. “Getcontact Premium”a müraciət etdikdə isə vətəndaşa hər dəfə sistemin müvəqqəti olaraq işləmədiyi bildirişi gəlir”.
Vətəndaşların müraciətinə əsasən, Pravda.az sosial şəbəkələrdə də məsələ ilə bağlı şikayətlərin olub-olmadığını araşdırıb. Məlum olub ki, sözügedən xidmətin ləğvi barədə “Youtube”da ayrı-ayrı mütəxəsissələr tərəfindən videotəlimat hazırlanıb. Mütəxəssislərin sözlərindən isə belə başa düşülür ki, abunəliyin ləğvi ilə bağlı yaradılan qaydalar vətəndaşın xidmətdən imtina edə bilməməsi üçün qəsdən qəliz hazırlanıb. Videolara yazılan çoxsaylı şərhlər isə saytımıza gələn şikayətlərlə üst-üstə düşür.
Pravda.az məsələni aydınlaşdırmaq üçün “Getcontact” və “Getcontact Premium”a cavabdeh səlahiyyətli şəxslərlə əlaqə qurmağa çalışsa da, eynilə vətəndaşların üzləşdiyi problemlə üzləşib. Saytın əlaqə bölməsi hansısa “xəta” səbəbindən işləməyib.
Aidiyyəti qurum isə məsələni üzərindən atmağa çalışıb. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Elektron Təhlükəsizlik Xidmətindən (ETX) problemlə bağlı ünvanladığımız soruğuya vətəndaşın xeyrinə heç bir cavab gəlməyib.
“Qeyd etdiyiniz məsələ Elektron Təhlükəsizlik Xidmətinin səlahiyyətlərinə aid deyil. Bu cür mobil tətbiqlərə görə hər hansı dövlət qurumu məsuliyyət daşımır. Tətbiqlər yalnız istifadəçi və proqram tətbiqi arasındakı qayda və şərtlərlə tənzimlənir. Belə məsələlərlə bağlı hər hansı tənzimləmə mexanizmi yoxdur”, – ETX-dən verilən açıqlamada bildirilib.
Xidmətin açıqlamasından belə qənaətə gəlinir ki, ölkə ərazisində mobil tətbiqlərin aid olduğu şirkətlər özbaşınadır, müvafiq qurumlar da buna göz yumur.