“Son günlərdə sosial şəbəkələrdə və bəzi informasiya resurslarında Azərbaycanın xarici siyasətinə qarşı emosional və səthi yanaşmalar müşahidə olunur. Bu yanaşmalar ölkənin dövlətçilik maraqlarına zidd şəkildə ictimai rəyə təsir göstərmək və siyasi manipulyasiya yaratmaq məqsədi güdür. Təəssüf doğuran hal ondan ibarətdir ki, regional və qlobal proseslərin mürəkkəbliyi nəzərə alınmadan məsuliyyətli dövlət siyasəti populist ritorika ilə təhrif olunur.
Halbuki Azərbaycanın yürütdüyü xarici siyasət nə spontan, nə də emosional davranışlara əsaslanır. Bu siyasət tarazlı, hesablanmış və çoxvektorlu yanaşma üzərində qurulmuş dövlətçilik strategiyasıdır.
Azərbaycan regional və qlobal miqyasda strateji mövqeyə malik bir dövlətdir. Bu mövqe ölkəmizi müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişdiyi əraziyə çevirir. Belə bir geosiyasi reallıqda balanslı siyasət təkcə seçim deyil, həm də zərurətdir. Azərbaycanın xarici siyasət kursu milli maraqlara, müstəqilliyin möhkəmləndirilməsinə, regional sabitliyə və enerji təhlükəsizliyinə xidmət edir.”- bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.
Millət vəkili qeyd edib ki, bu çərçivədə Azərbaycan həm Rusiya ilə qonşuluq və iqtisadi əməkdaşlıq münasibətlərini qoruyur, həm də beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib.
“Ukraynaya göndərilən humanitar yardımlar, beynəlxalq platformalarda tutulan mövqelər Azərbaycanın mötədil və məsuliyyətli xarici siyasətinin nümunəsidir.
Bəzi informasiya resurslarında səsləndirilən “Azərbaycan gəmiləri vasitəsilə Rusiyaya dəstək verir” tipli iddialar qeyri-dəqiq və kontekstdən çıxarılmış şəkildə təqdim olunur. Avropa İttifaqının və Böyük Britaniyanın sanksiyalar siyahısında bəzi tanker adlarının keçməsi təkbaşına siyasi nəticə çıxarmaq üçün əsas ola bilməz. Bu məsələdə hüquqi və kommersiya baxımından detallı araşdırma aparılmadan gəmilərin adları üzərindən Azərbaycan dövlətinə qarşı ittihamlar səsləndirmək qeyri-ciddi və məsuliyyətsiz yanaşmadır.
Qeyd olunan tankerlərin – “Qarabağ”, “Şuşa”, “Zəngəzur”, “Nizami Gəncəvi” – adları milli və tarixi dəyərlərimizi ifadə edir. Bu adların siyasi manipulyasiya alətinə çevrilməsi cəmiyyətin həssas dəyərlərinə hörmətsizlik və milli simvolikaya qarşı məsuliyyətsiz yanaşmadır. Əgər ortada hüquqi əsaslar varsa, bu, aidiyyəti qurumlar tərəfindən araşdırılmalı və lazımi addımlar atılmalıdır. Lakin bu məsələdən siyasi təxribat məqsədilə istifadə edilməsi qəbuledilməzdir.
Azərbaycanın xarici siyasəti regional reallıqlar, milli təhlükəsizlik və suveren maraqlar nəzərə alınaraq müəyyənləşdirilir. Bu siyasətin məqsədi yalnız beynəlxalq münasibətlərdə mövqe qazanmaq deyil, həm də vətəndaşın təhlükəsizliyini, iqtisadi sabitliyi və geosiyasi balansı qorumaqdır.
İctimai diskursda məsuliyyətli mövqelərin üstünlük təşkil etməsi, dövlətin strateji qərarlarının emosiyadan uzaq təhlil olunması və faktlara əsaslanan müzakirələrin təşviq edilməsi cəmiyyətin və dövlətin uzunmüddətli maraqları baxımından mühüm əhəmiyyət daşıyır. Unutmayaq ki, siyasət hisslər üzərində deyil, maraqlar və reallıqlar üzərində qurulur. Bu isə yalnız balansla, məsuliyyətlə və strateji baxışla mümkündür.”- deyə Vasif Qafarov bildirib.