image-2000x150
image-1683012987_general-lentsov2backend

General və polkovniklər Lentsovun “sülhməramlı” komandanı olmasına etiraz etdi…

image-728x90

“20 Yanvar qətliamında iştirak etmiş general Qarabağda sülhməramlı komandanı ola bilməz…” – Ehtiyatda olan bir qrup hərbçi

“Əksəriyyəti I Qarabağ savaşında Azərbaycanın ərazi bütövlüyü uğrinda döyüşlərin iştirakçısı olmuş hərbçilər Ali Baş Komandan, cənab İlham Əliyevdən və müvafiq dövlət qurumlarından general A.Lentsov haqda səslənən məlumatların ciddi şəkildə araşdırılmasını və onun gerçəkdən də Azərbaycan xalqına qarşı 20 Yanvar qətliamında iştirak etməsi və həyat yoldaşının erməni olması təsdiqlənəcəyi halda Rusiya tərəfi qarşısında bu generalın suveren ərazimizdə sülhməramlı kontingentin komandanı vəzifəsindən geri çağırılması məsələsinin qaldırılmasını xahiş edir…”

Azərbaycan müdafiə nazirinin sabiq müavini polkovnik Mehman Səlimovun təşəbbüsü ilə ehtiyatda olan bir qrup tanınmış hərbçi bu günlərdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə müvəqqəti(!) nəzarət edən Rusiya “sülhməramlı” kontingentinin komandanı təyin olunmuş general-polkovnik Aleksandr Lentsovun torpaqlarımızda belə bir missiya daşımasına kəskin etirazlarını bildirib.

Polkovnik Mehman Səlimov Moderator.az-a açıqlamasında bildirib ki, hərbçilərin etirazına general A.Lentsovun xalqımıza qarşı 1990-cı ilin 20 Yanvar qətliamında iştirakı, həmçinin onun həyat yoldaşının erməni milliyyətindən olması, eləcə də onun son günlər Bakıya gəlib Azərbaycan rəhbərliyinə özünü təqdim etməmişdən öncə İrəvana getməsi, Xankəndi və Xocalıda separatçı liderlər, o cümlədən Azərbaycan dövləti tərəfindən İnterpolla beynəxalq axtarışa verilmiş Arayik Arutyunyanla görüşməsi və s. səbəb olub.

Müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyev, müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov, müdafiə nazirinin keçmiş köməkçisi və sabiq hərbi attaşe, polkovnik Razi İsmayılov, sabiq hərbi attaşe, polkovnik Eldar İsmayılov, polkovniklər İntiqam Mirzəyev, Ümidvar Mirzəyev və Xanlar Mirzəyevin “sülhməramlı”ların yeni komandanı general-mayor A.Lentsov barədə Ali Baş Komandan İlham Əliyevə, müdafiə və xarici işlər nazirlərinə, eyni zamanda ictimaiyyətə müraciətində ilk növbədə 20 Yanvar 1990-cı ildə Bakıda xalqımıza qarşı soyqırımda iştirak etməkdə şübhəli bilinən bir generalın Azərbaycanın ermənilərin məskunlaşdırıldığı Qarabağ torpağına orada müvəqqəti yerləşdirilmiş “sülhməramlı”ların komandanı kimi göndərilməsi yolverilməz hesab edilir. “Çünki bu, Azərbaycan xalqının heysiyyatına toxunan bir məsələ olmaqla yanaşı, eyni zamanda onsuz da son iki il yarıma yaxın müddətdə 10 Noyabr 2020-ci il üçtərəfli bəyanat-razılaşmasının müddəalarını yerinə yetirməyən, əksinə, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə təlim keçən, onların gizli yollarla silah-sursatla təchizatını təmin edən “sülhməramlı” kontingentin bundan sonra suveren ərazilərimizdə və Ermənistanla sərhəddə revanşist, işğalçı və separatçı xislətli erməni qüvvələrinin daha təhlükəli yeni təxrubatlarını təşkil edəcəyi ehtimalı yaradır”- müraciətdə belə deyilir.

“Açıq mənbələrdə general A.Lentsovun 20 Yanvar qətliamında birbaşa iştirakını təsdiqləyən məlumatlar olmasa da, onun internet resurslarından rus dilində dərc olunmuş tərcümeyi-hallında aydın şəkildə göstərilir ki, o, 1989-1990-cı illərdə məhz 1990-cı ilin yanvarında Bakıda qırğınlar törətmiş sovet-rus ordusunun Krasnodar diyarındakı 137-ci Kuban kazak hava-desant alayının qərargah rəisi vəzifəsində çalışıb. Bundan əvvəl həmin qüvvələrin Tbilisidə günahsız insanların qətlə yetirilməsində iştirak etməsi də məlumdur. 1990-1993-cü illərdə isə A.Lentsov 1990-cı ilin yanvarında Bakıya yeridilmiş digər hərbi hissənin – 331-ci qvardiya hava-desant alayının komandiri olub. Bu isə o deməkdir ki, hazırda Azərbaycan torpağında – ermənilərlə azərbaycanlılar arasında sülh yaratmağa məsul olan bir hərbi kontingentin komandanı olan bu general 20 Yanvar qətliamı zamanı ya Krasnodardan göndərilmiş və aralarında ermənilərin də gələcəyi ehtimalı böyük olan 137-ci Kuban kazak hava-desant alayının qərargah rəisi, yaxud 331-ci qvardiya hava-desant alayının komandiri vəzifəsində olub. Bu da A.Lentsovun özünün Bakıda Azərbaycan xalqına qarşı qıtrğınlarda şəxsən iştirak etməsi ehtimalını gücləndirir.

Əksəriyyəti I Qarabağ savaşında Azərbaycanın ərazi bütövlüyü uğrinda döyüşlərin iştirakçısı olmuş hərbçilər Ali Baş Komandan, cənab İlham Əliyevdən və müvafiq dövlət qurumlarından general A.Lentsov haqda səslənən məlumatların ciddi şəkildə araşdırılmasını və onun gerçəkdən də Azərbaycan xalqına qarşı 20 Yanvar qətliamında iştirak etməsi və həyat yoldaşının erməni olması təsdiqlənəcəyi halda Rusiya tərəfi qarşısında bu generalın suveren ərazimizdə sülhməramlı kontingentin komandanı vəzifəsindən geri çağırılması məsələsinin qaldırılmasını xahiş edir.

Müraciət müəllifləri Azərbaycan ictimaiyyətindən, xüsusən də ehtiyatda olan hərbçilərimizdən general-polkovnik Aleksandr Lentsov haqda bəhs edilən faktların təsdiqini tapacağı təqdirdə onun Qarabağda “sülhməramlı” kontingentin komandanı vəzifəsindən geri çağırılması barədəki tələbə dəstək vermələrini, lazım olacağı təqdirdə imzatoplama kampaniyasına qoşulmağı xahiş edir”- deyə müraciət müəllifləri bildirir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90