image-2000x150
image-11backend

General Lentsovla Xankəndi separatçıları arasında konflikt başladı

image-728x90

Onların olan-qalan ümidləri də dəfn edilmiş sayıla bilər; polkovnik: “Separatçılar tez bir zamanda öz qərarlarını verməlidirlər”
“Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Aleksandr Lentsovun Bakıda apardığı müzakirələr nəticə verməyib”. Bunu Xankəndidəki separatçı rejimin oyuncaq “dövlət naziri” Qurgen Nersisyan deyib.

“Məlum olduğu kimi, general-polkovnik Lentsov başda olmaqla, Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ötən həftə Bakıda olub və Qarabağdakı durumu müzakirə edib. Müzakirələrin nəticələrinə görə, vəziyyəti dəyişmək üçün razılığa gəlmək mümkün olmayıb. Ən qısa müddətdə yeni görüş planlaşdırılır, bunun nəticələri əlavə olaraq bildiriləcək”, – separatçı bildirib.

“Qarabağda yerləşən Rusiya sülhməramlılarının komandanlığına yaxın mənbə deyib ki, Rusiya tərəfi Qarabağda bəzi yüksək rütbəli məmurların da açıq şəkildə iştirak etdiyi anti-Rusiya əhval-ruhiyyəsinin formalaşması faktından narahatdır. Xüsusilə dövlət naziri Qurgen Nersisyanın ötən həftə Bakıya gedən Aleksandr Lentsovun Azərbaycan tərəfi ilə razılığa gələ bilmədiyi barədə bəyanatı mənfi qarşılanıb”. Bunu isə Ermənistanın “Hraparak” nəşri yazıb. “Qarabağdakı mənbələr deyirlər ki, hətta bəzi hökumət dairələri də çaşqınlıq içərisindədir və başa düşmürlər ki, qeyri-iş günü olduğu halda dövlət nazirinin tələsik açıqlama verməkdə məqsədi nə olub. Onlar hesab edirlər ki, “artsax” hakimiyyətini Nikol Paşinyan idarə edir və Rusiyanın “artsax”da sıfır rolu olduğunu göstərməyə çalışırlar. Lentsov Bakıya getməzdən əvvəl separatçılara Bakıya səfərindən böyük gözləntilər gözləməməli olduğunu açıq şəkildə bəyan edib. O bildirib ki, 10 noyabr bəyanatını imzalayan tərəflərin razılaşması çərçivəsində məsələ tamamilə siyasi müstəvidə olduğundan keçid məntəqəsinin yığışdırılmasını gözləməyə dəyməz. Lentsov hətta bəyan edib ki, onun məlumatına görə, mayın 25-də Putinin vasitəçiliyi ilə Paşinyanla Əliyev arasında görüş baş tutmalı və keçid məntəqəsi məsələsi həmin görüşdə həllini tapmalıdır”, – deyə erməni nəşri əlavə edib.

Məlumdur ki, Rusiya sülhməramlıları “Laçın” sərhəd-nəzarət məntəqəsində birgə fəaliyyət təklif edirlər. Azərbaycan isə bu təklifə “yox” deyir. Separatçılar bu məsələ ilə əlaqədar Bakıya gələnədək rus generalla iki dəfə görüşüblər. Görünən budur ki, Lentsov Bakıda separatçıların istəyinin reallaşmasın nail ola bilməyib. Hətta üçtərəfli görüş baş tutsa belə, Azərbaycanın ermənilərin və sülhməramlıların təklifinə razılaşacağı gözlənilmir…

Bu arada Qarabağdakı separatçı rejimin oyuncaq “xarici işlər naziri” Sergey Qazaryan hələ də Ermənistan küçələrində sülənir. Musavat.com erməni mediasına istinadən bildirir ki, ötən həftə daşnaqlarla və Fransadan gələn ermənipərəst nümayəndə heyəti ilə görüşüb, səy-səy danışan Qazaryan mayın 9-da “”artsax”ın hakimiyyət orqanları və xalqı adından” (?!-red.) İrəvandakı Yerablur hərbi panteonuna əklil və gül dəstələri qoyub.

Bildirilir ki, separatçıların Ermənistandakı qondarma “daimi nümayəndəliyi”nin əməkdaşları da Yerablurda olublar. Yayılan xəbərdə sərsəmləmələrin davamında deyilir: “”Artsax”ın 150 günlük blokadası səbəbindən Yerablurda dəfn edilən “artsax” sakinlərinin yaxınları öz qohumlarının məzarlarını ziyarət etmək imkanından məhrumdurlar. Bu gün orada əlavə təmizlik işləri aparılıb, köhnəlmiş bayraqlar da dəyişdirilib”.

Hər halda, maraqlıdır, Qazaryan və onun dəstəsi Xankəndinə qayıtmağı düşünürmü, yaxud geri qayıdarkən hansı yolla gələcəklər? İstisna deyil ki, separatçılar həm də Laçın yoluna əbədi olaraq Azərbaycanın nəzarət edəcəyi halda, onların bu kimi özbaşınalıqlarına birdəfəlik son qoyulacağından təşvişə düşüblər.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Şuşadan xalqımıza etdiyi müraciətdə Laçın yolunun başlanğıcında qoyulmuş sərhəd-nəzarət məntəqəsi barədə də qəti fikrini ifadə etdi. Bu isə ondan xəbər verir ki, erməni separatçılar üçün bu mövqe birdəfəlik qapanıb və hər hansı geridönüşdən söhbət gedə bilməz! Kəsəsi, Qarabağdakı separatçıların olan-qalan ümidləri də dəfn edilmiş sayıla bilər.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, separatçılar Rusiya hərbi kontingentinin yeni komandanının Bakıya səfərindən çox narazı qalıb və artıq Moskvadan öz birbaşa ağalarından aldıqları təlimata uyğun olaraq aktiv hərəkətə keçiblər: “Ruben Vardanyanın Xankəndidə təşkil etdiyi mitinq də dediklərimizin bariz sübutu və nümunəsidir. Onlar hiss edirlər ki, çox pis yerdə “axşamlayıblar”. Separatçılara söz verən şəxslər Azərbaycan siyasi-hərbi rəhbərliyinin qətiyyətini görür və hiss edirlər ki, xəyallarında canlandırdıqları və qurduqları qondarma qurumun sonu yaxınlaşır. Məhz buna görə onlar bərk təlaş keçirirlər. Ona görə də “mitinq”də çıxartdıqları plakat və transparantlarda anti-Rusiya çağırışları və fikirləri səsləndiriblər”. Ü.Cəfərov qeyd etdi ki, Paşinyanın Moskvaya növbəti səfəri də separatçıların əhvalına müsbət təsir etməyib: “Onlar indi ümidlərini bu ay reallaşması gözlənilən Əliyevlə Paşinyan arasındakı iki görüşə bağlayıblar. Nə olur-olsun, separatçılar tez bir zamanda öz qərarlarını verməlidirlər. Özü də zaman onları çox pis çərçivələrə sala bilər”. Polkovnik qeyd etdi ki, Azərbaycan Prezidentinin Şuşadakı xalqa müraciətlərində hər şey gün kimi aydındır: “Qarşıdakı dönəmlərdə separatçılar üçün ölüm-qalım məsələsi həllini tapacaq və nə qədər gec deyil, onlar öz qərarlarını verməlidirlər. Guya sülhməramlı qüvvələrin onları vəziyyətdən çıxaracağı ilə bağlı ümidləri də puç olacaq. Sərhəd-keçid məntəqəmiz fəaliyyətə başlıyandan sonra isə hiss olunur ki, ermənilər yavaş-yavaş onları qarşıda gözləyən xoş olmayan vəziyyəti tədricən hiss edirlər. Azərbaycan Ordusu və Silahlı Qüvvələrimiz bütövlükdə yarana biləcək istənilən problem və çətinlikləri qısa zaman kəsiyində həll etmək gücündə və iqtidarındadır. Sərhəd nəzarət məntəqəsinin is rejimində hansısa dəyişikliyin ediləcəyi, hətta guya götürüləcəyi və ya orada rusların iştirakı məsələsi isə qeyri-real olduğuna görə, ermənilər tez bir zamanda öz seçimlərini etməlidirlər”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bu mövzuda fikirlərinə məşhur bir deyimi xatırlatmaqla başladı: “Belə bir məsəl var: “Şumlanan torpaq bərk olanda öküz öküzdən günah görər”. Azərbaycan mövqeyində möhkəm dayandığına görə, ermənilərlə ruslar günahı bir-birinin üstünə atmağa çalışırlar. Bu günə qədər Rusiya ermənilərin istənilən arzusunu yerinə yetirib, indi artıq gücü çatmır. Ermənilər “hər şeyə qadir” bildikləri hamilərinin bu gücsüzlüyünü anlaya bilmirlər. Ona görə də bu cür qarşılıqlı ittihamlar səslənir. Rus sülhməramlıları erməniləri anti-Rusiya əhvalı yaratmaqda, onlar isə əks-tərəfi Azərbaycana qarşı təsirli tədbirlər görməməkdə ittiham edirlər. Hər iki tərəfin yanlışlığı odur ki, regionda yaranmış yeni situasiyanı, Azərbaycanın gücünü nəzərı almaq istəmirlər”. A.Nağı bildirdi ki, rəsmi olmayan məlumatlara görə , ermənilər ruslarla birlikdə artıq bu reallığı başa düşür və “kompromis” variant, yəni NBM-in birgə işlədilməsini, azərbaycanlılarla rusların birlikdə xidmət aparmalarını təklif edirlər: “Bu, bir müddət əvvəl Lavrov-Kələntəryanın hikkəli “heç bir əlavə qurum olmayacaq” iddiasından geri çəkilmələrini göstərir, amma Azərbaycan üçün sərfəli variant deyil. Rusiyanın özünün uyğun məntəqəsi var, hələlik işini orada davam etdirə bilər. Müştərək məntəqə tez-tez daxili problemlərin ortaya çıxacağı baxımından da məqsədəuyğun deyil. Necə deyərlər, şərikli işin axırı yaxşı olmur”. Partiya sədri qeyd etdi ki, Rusiya növbəti görüşdə bu variant üzərində təkid edərsə, Azərbaycan bu və digər arqumentləri rədd etməlidir: “Azərbaycan ermənilərin Laçın yolundan cinayətkar məqsədlərlə istifadə etdiyinə dair faktları, eyni zamanda sülhməramlıların bu cinayətlərə şərait yaratması ilə bağlı sübutları ortaya qoymalı, mövqeyini əsaslandırmalıdır. Qısası, Azərbaycan heç bir halda güzəştə getməməlidir”.

Politoloq Qafar Çaxmaqlı bildirdi ki, Rusiya sülhməramlı kontingentinin komandanı general Lentsovun gəlişi ilə nəyinsə dəyişəcəyinə ümid edən ermənilər indi onun əleyhinə kampaniya aparmağa başlayıblar: “Onun Bakıya səfərindən sonra separatçılar bölgədə erməni istəklərini yerinə yetirəcək addımlar atacağını gözləyirdilər. Amma Lentsovun dəyişdirəcəyi bir şey yoxdur. Azərbaycan qurduğu, beynəlxalq normalara cavab verən nəzarət-keçid məntəqəsi hansısa rus generalının istəyi ilə ləğv edə bilməz və ermənilərin bu tələbi təbii ki, qəbul edilməzdir! Rəsmi Bakının əhalinin inteqrasiyası siyasətini dəyişdirəcək bir qüvvə artıq yoxdur. Xankəndidə düzənlənən mitinqə əvvəlkilərdən çox az adamın gəlməsi də göstərir ki, əhalinin özü də separatçıların apardığı siyasəti dəstəkləmir. Bu, Azərbaycanın inteqrasiya siyasətinin də öz işini gördüyünün nəticəsidir. Ruben Vardanyan erası başa çatır”. Q.Çaxmaqlı qeyd etdi ki, digər bir emissar Samvel Babayan da mitinq eləmək istəyir: “Xankəndi ermənilərinin böyük çoxluğu artıq bunlara inanmır və keçmiş iddialarla ortaya çıxmanın mənasızlığını anlayıblar. Amma Xankəndidə olan separatçı və radikal qüvvələr mübarizəni Rusiyanın üzərinə istiqamətləndiriblər. Konkret olaraq Lentsov hədəf seçilib. Mitinqin də anti-Rusiya əhval-ruhiyyəsi ilə davam etməsi göstərir ki, ermənilər belə bir fikir yaratmaq istəyirlər ki, Rusiya artıq bölgədə nəzarəti itirib və onu əvəz edəcək yeni beynəlxalq qüvvələrə ehtiyac var. Paşinyan da dəfələrlə buradaki erməni əhalinin təhlükəsizliyini və hüquqlarını təmin edəcək mexanizmlərin olmasını dilinə gətirmişdir. Ermənilərin anti-Lentsov və anti-Rusiya ovqatının arxasında məhz bu durur”.

Xankəndi mitinqində rus bayraqlarının gözə dəyməməsi və çatın dərinləşməsindən xəbər verir. Bundan əvvəl separatçılar Rusiyadan ümidlərini üzdüklərini və Qərbə üz tutduqlarını da ifadə etmişdilər. Həlqə daralır və aşkar şəkildə havalanıblar…

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90