image-2000x150
image-1111backend

General Lentsov Bakıda – ona “səlahiyyət çərçivəsi” başa salınmalıdır

image-728x90

Qarabağdakı rus ordusunun komandanı subardinasiyanı pozaraq əvvəlcə təlxək Araiklə, sonra İrəvanda müdafiə naziri ilə görüşdü, indi Bakıda onu hamar müzakirələr gözləmir; politoloq: “Nəinki Lentsov, onun Kremldəki rəhbəri belə…”

Rusiya sülhməramlı kontingentinin yeni rəhbəri, general Aleksandr Lentsovun 3 mayda Bakıya gələcəyi haqda məlumat yayılıb. Teleqram kanallarında onun Bakıda Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcəyi xəbəri yayılıb. Lentsov ötən həftədən fəaliyyətə başlayıb. O, sülhməramlıların yerləşdirilməsindən sonra Rusiyanın Qarabağdakı hərbi kontingentinin sayca beşinci komandanıdır. İlk komandan general-leytenant Rüstəm Muradov olub, ondan sonra bu vəzifəni general-mayor Mixail Kosobokov, general-leytenant Gennadi Anaşkin və general-mayor Andrey Volkov tutub. O, bundan əvvəl (2013-2020-ci illərdə) Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müavini olub, general-polkovnik hərbi rütbəsinə malikdir. General Lentsov 2016-cı ildən Beynəlxalq Tank Biatlonu Federasiyasının prezidentidir. 2020-ci ilin yanvarında isə Rusiya müdafiə nazirinin müşaviri təyin olunub.

Lentsov öncə Qarabağ separatçılarının liderləri, hətta anti-Rusiya mövqeyi ilə seçilən şəxslərlə görüşüb. Erməni mətbuatının məlumatına görə, Lentsov separatçılarla görüş zamanı onları əmin edib ki, hazırda yolun açılmasına çalışır. Yeni komandanla görüşdə Rusiyanın dövlət bayrağının olmadığı, salonda yalnız separatçıların əski parçasının mövcudluğu diqqətdən yayınmayıb. Daha sonra isə İrəvana gedən Lentsov Ermənistan Müdafiə Nazirliyində tanışlıq görüşləri aparıb. Lentsov 1990-cı ildə SSRİ Silahlı Qüvvələrinin 98-ci diviziyasına daxil olan 331-ci qvardiya hava-desant alayının komandiri olub. Həmin ilin yanvarında bu diviziya Bakının və Azərbaycanın digər rayonlarının dinc əhalisinin qırğınında iştirak edib. Üstəlik, Lentsovun ermənilərin sıx yaşadığı Krasnodarda doğulması, həyat yoldaşının isə erməni olması iddiası göstərir ki, Rusiyanın məqsədi ermənilərlə korlanan münasibətin bərpa olunmasıdır. O səbəbdən Bakıda Lentsova hər şeydən öncə “səlahiyyət çərçivəsi” izah edilməlidir.

Qondarma bayraq əhatəsində separatçılarla danışıqlar aparmasının ölkəmizin suverenliyinə açıq-aşkar hörmətsizlik olmasından narazılıq bildirilməlidir. Məlumdur ki, Rusiya sülhməramlıları “Laçın” sərhəd-keçid məntəqəsində birgə fəaliyyət təklif edirlər. Mümkündür ki, Lentsov Bakıya həm də bu məsələni müzakirə etmək üçün gəlir. Azərbaycanın bu təklifə “yox” deməsi üçün bir çox əsasları var. Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirməsi üçün heç bir maneə olmayıb, yoxdur da. Amma o da faktdır ki, Rusiya sülhməramlıları iki il yarım ərzində bölgədə erməni silahlarının çıxarılması bir yana, onların qanunsuz əməllərinə ya göz yumub, ya da şəriklik edib. Görünən odur ki, Lentsovu Bakıda heç də hamar müzakirələr gözləmir…

Politoloq Elxan Şahinoğlunun fikrincə, Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsovun Bakıdan əvvəl separatçılarla görüşməsi, üstəlik, İrəvana gedib Ermənistanın müdafiə naziri ilə fikir mübadiləsi aparması, yumşaq desək, etik deyildi. Analitik hesab edir ki, buna baxmayaraq, Lentsovun təyinatından və gələcək fəaliyyətindən narahat olmağa dəyməz: “Ondan əvvəl Rüstəm Muradovu və Aleksandr Volkovu yola saldıq, onlar da erməni separatçılarla əl-ələ vermişdilər. Ancaq bu bizi hədəflərimizdən yayındırmadı. İndi də xəbər yayıblar ki, guya Lentsov separatçılara vəd verib ki, onların sərhəd məsələsi ilə bağlı narahatlığını yoluna qoyacaq. Lentsov bununla, sadəcə, erməniləri yola verməyə və vaxt udmağa çalışır. Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi fəaliyyətə başlayıb, geri dönüş mümkün deyil, nəinki Lentsov, onun rəhbəri və rəhbərinin Kremldəki rəhbəri belə mövcud durumu dəyişə bilməyəcək. Qarabağdakı ermənilər də bunu anlamağa başlayıblar ki, Xankəndidə ilk dəfə Rusiya əleyhinə şüarlar səslənməyə başlanıb”.

Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, Lentsov da sələfləri Muradov və Volkov kimi Rusiya Müdafiə Nazirliyindən gələn təlimatları yerinə yetirir: “Rusiya Müdafiə Nazirliyinin Azərbaycana qarşı münasibəti isə məlumdur. Onlar hələ də Azərbaycan ərazilərinin adını doğru-dürüst ifadə etməkdə çətinlik çəkirlər. Və 10 noyabr bəyanatında Rusiyanın üzərinə götürdüyü öhdəlikləri, xüsusilə də erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində çıxarılmasını təmin etmirlər. Əgər general-polkovnik Lentsov da sələflərinin yaramaz fəaliyyətlərini olduğu kimi davam etdirsə, o zaman Azərbaycan erməni silahlılarının ərazilərimizdən təmizlənməsini öz imkan və potensialı hesabına həyata keçirmək məcburiyyətində qalacaq”.

Hərbi ekspert Lentsovun fəaliyyətində inqilabi dəyişikliklər gözləmədiyini qeyd edib: “Amma Lentsovun Azərbaycanın Laçındakı sərhəd-keçid məntəqəsində həyata keçirdiyi son tədbirlərdən özü üçün bir ibrət dərsi götürəcəyinə də inamım var. Əks təqdirdə, rusiyalı sülhməramlıların missiyası nəzərdə tutulduğundan, yəni 2025-ci ildən daha tez başa çata bilər. Lentsov və onun kimilər unutmamalıdır ki, onların yerləşdiyi bölgə Azərbaycanın suveren əraziləridir. Və bu ərazilərdə Azərbaycan dövlətinin razılığı olmadan heç bir fəaliyyət həyata keçirilə bilməz. Belə olmayacağı təqdirdə Lentsov rəsmi Bakının daha sərt üzünü görəcək. Ona görə də yeni komandan öz fəaliyyətini bu kontekstdə planlaşdırmalıdır”.

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Volkovu əvəzləyən Lentsova böyük ümid bəsləyən Qarabağdakı ermənilər artıq məyus olur: “Erməni mediası yazır ki, nəticənin əldə edilməsi uzanır və belə görünür ki, Lentsov da Volkovdan fərqli olmayacaq. Separatçılar erməni əhalisinə ümid verir ki, Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsi söküləcək, Azərbaycan bayrağı oradan endiriləcək. Lakin tezliklə real vəziyyəti anlayacaq və qəbul etməli olacaqlar. Lentsovu bölgəyə göndərən Kremlin situasiyanı dəyişmək istəyəcəyi gözləntisi var. Hərçənd sərhəd-keçid məntəqəsindən Azərbaycan əsgərini çıxara, qaldırılan bayrağı endirə bilməyəcəkləri reallığı fonunda rusların Volkovu niyə əvəzlədiyi və nəyə nail olmaq istədiyinə fərqli kontekstdə yanaşa bilərik. İstisna deyil ki, ruslar Laçın yolunun girişinə qoyulan postda Azərbaycan əsgəri ilə birlikdə dayanmaq istəyirlər. Hazırda danışıqların bununla bağlı aparıldığına dair məlumatlar da var. Rəsmi Bakı sərhəd-keçid məntəqəsinin fəaliyyətində Rusiya sülhməramlıları ilə əməkdaşlıq ediləcəyini açıqlamışdı, lakin bu əməkdaşlığın hansı formada olacağı hələlik bəlli deyil”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90