image-rt-reklam
image-1backend

“Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib

image-728x90

“Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Respublikası Ali Məhkəməsində təşkil olunmuş tədbirdə Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin deputatları Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Vəkillər Kollegiyasının aparat rəhbərinin müavini Səttar Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin (“ELSA Azərbaycan”) prezidenti Nazim Çələbiyev, “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin sədri Nilgün Məmmədova, Ali Məhkəmə, Elm və Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Bakının inzibatı rayonları üzrə məhkəmələrin sədrləri, məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər.

Əvvəlcə BŞTİ-nin “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi və “ELSA Azərbaycan” ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən müsabiqənin finalına vəsiqə qazanmış komandaların (Bakı şəhəri 193 nömrəli tam orta məktəb, Məktəb-Lisey Kompleksi, Tərəqqi və 291 nömrəli Ekologiya liseyləri) səhnələşdirilmiş məhkəmə prosesi izlənilib.

Elm və təhsil nazirinin müavini İdris İsayev müsabiqənin gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, hüquqi savadlılığın artmasına töhfə vermək məqsədilə keçirildiyini bildirib. İ.İsayev dövlət siyasətinin əsas tərkib hissəsi olan intellektual və savadlı gəncliyin yetişdirilməsi işində belə müsabiqələrin rolundan, şagird-tələbə əməkdaşlığının uğurlu nəticələrindən danışıb.

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov müsabiqənin final mərhələsinə yüksələn komandaları təbrik edib və onlara uğurlar arzulayıb. Sədr müavini müsabiqədə iştirak edən şagirdlərin gələcəkdə peşəkar hüquqşünas olacağına və ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayacaqlarına inandığını bildirib.

Milli Məclisin deputatı Kamal Cəfərov belə bir müsabiqənin keçirilməsini yüksək dəyərləndirib. K.Cəfərov müsabiqənin tələbələrin, eyni zamanda gələcəkdə hüquqşünas olmaq istəyən məktəblilərin inkişafında müstəsna rol oynadığını, onlara nəzəri bilikləri praktik formada tətbiq etməyi və təkmilləşdirməyi öyrətdiyini söyləyib.

Daha sonra müsabiqənin nəticələri açıqlanıb. 193 nömrəli tam orta məktəb və 291 nömrəli Ekologiya liseyinin şagirdlərindən ibarət komanda final mərhələsinin qalibi seçilib.

Müsabiqənin finalında I, II, III yeri tutan komandalara, həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən şagirdlərə diplom və hədiyyələr təqdim olunub. Ali Məhkəmənin hakimləri və təlimçilər isə Təşəkkürnamə ilə təltif ediliblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90